“Sərin” və “Göygöl” restoranlarında vəhşi heyvan və quşların saxlanılması aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilən monitorinq
çərçivəsində Göyçay rayonunda fəaliyyət göstərən, Allahverdiyev
Rübayıl Akif oğluna məxsus “Göygöl” restoranında 1 baş meymun və 3
baş qırqovulun, Ağdaş rayonu, Ağdaş-Qəbələ yolunda fəaliyyət
göstərən, Mehdiyev Arif Şoşan oğluna məxsus “Sərin” restoranında
isə 7 baş çöl quşunun (2 baş qırqovul, 3 baş kəklik və 2 baş ördək)
baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektlərinə heyvan və quşların
xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı
tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi,
saxlandığı yerdə təmizlənmə, dezinfeksiya və digər
baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar
verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə
uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.




Qeyd edək ki, ictimai iaşə müəssisələrində və ailəvi istirahət
məkanlarında vəhşi heyvanların, quşların saxlanılması və nümayiş
etdirilməsi qanunla qadağandır. Heyvan və quşların insanlarla
təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin
pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və
qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa,
Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.