Hacıqabulda sahibkarlarla görüş keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Trend
xəbər verir ki, tədbirdə kənd təsərrüfatı, heyvandarlıq və digər
sektorlarda fəaliyyət göstərən 90-a yaxın sahibkar, eləcə də
aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun potensialı,
biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat
verib. Bildirilib ki, Hacıqabul rayonunun kənd təsərrüfatı, sənaye
və nəqliyyat-logistika imkanları genişdir. Rayonda taxılçılıq,
tərəvəzçilik və heyvandarlıq kənd təsərrüfatının əsas
istiqamətlərindəndir. Hacıqabulun ərazisindən keçən beynəlxalq
magistrallar və dəmir yol xətti rayonun logistika mərkəzi kimi
əhəmiyyətini artırır. Rayonunda yerləşən sənaye parkı qeyri-neft
sektorunun inkişafına, müasir texnologiyalara əsaslanan
rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, əhalinin
istehsal sahəsində məşğulluğunun artırılmasına öz töhfəsini
verməklə yanaşı, sahibkarlığın inkişafını dəstəkləyir. Bu
imkanlardan istifadə etməklə Hacıqabulda biznes qurmaq və
fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək
mexanizmlərindən faydalana bilərlər.




Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, tikintiyə
icazələrin verilməsi, dövlətin güzəştli kreditləri, heyvandarlıq
təsərrüfatının yaradılmasına dəstək, ictimai iaşə obyektinin
sənədləşdirilməsi və s. məsələlər müzakirə edilib, sahibkarların
ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Hacıqabul rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri
şirniyyat istehsalı sexində də olublar. Kiçik sahibkarlıq subyekti
olan istehsal müəssisəsi ilə tanışlıq zamanı qadın sahibkarın
gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri
barədə fikir mübadiləsi aparılıb.