İnfarkt niyə “cavanlaşıb”? – İlkin tibbi yardım qaydaları

Baş səhifə

Bakı. Trend:

Ənənəvi olaraq yaşlı nəslin problemi kimi tanınan ürək-damar
xəstəlikləri artıq 20-40 yaş arası insanları da təhdid etməyə
başlayıb. Həyat tərzinin dəyişməsi, stressin artması, qeyri-sağlam
qidalanma, fiziki aktivliyin azalması və genetik meyillik bu
halların başlıca səbəbləri sırasındadır. Ən faciəvi məqam isə odur
ki, bir çox gənclər ürək xəstəliklərinin xəbərdaredici əlamətlərini
bilmədikləri üçün zamanında müayinə və müalicə olunmurlar. Bu isə
ani və gözlənilməz ölümlərlə nəticələnir.

Maraqlıdır, ürək-damar xəstəlikləri niyə
gəncləşib?

Bu barədə Trend-ə danışan Milli Məclisin Səhiyyə komitəsinin
sədr müavini Rəşad Mahmudov bildirib ki, son
illərdə həm Azərbaycanda, həm də dünyada müşahidə olunan ən ciddi
tendensiyalardan biri ürək-damar xəstəliklərinin, xüsusilə də
infarktın gənc yaşlarda baş verməsidir.

Onun sözlərinə görə, bu vəziyyətin əsas səbəbləri həyat tərzinin
dəyişməsi, düzgün qidalanmama, stress və zərərli vərdişlərin geniş
yayılması ilə bağlıdır:

“İnfarktın “cavanlaşmasının” əsas amillərinə hərəkətsiz həyat
tərzi, fast-food tipli qidaların, duz və yağın həddindən artıq
istifadəsi, artıq çəki, diabet və yüksək qan təzyiqinin artması
daxildir. Eyni zamanda siqaret və alkoqol kimi zərərli vərdişlər,
bəzi hallarda isə idman zallarında həkim nəzarəti olmadan qəbul
edilən müxtəlif enerji preparatları da risk faktorlarını artırır.
Gənclərin intensiv iş rejimi, yuxusuzluq və daimi stress altında
qalması da ürək-damar sağlamlığına mənfi təsir göstərən mühüm
səbəblərdəndir”.

“Ürək xəstəliklərinin qarşısını almaq üçün hər kəs gündəlik
həyatında profilaktik tədbirlərə xüsusi diqqət yetirməlidir.
Balanslı qidalanma, artıq çəkidən uzaq durmaq, mütəmadi fiziki
aktivlik, siqaret və spirtli içkilərdən imtina, normal yuxu
rejiminə riayət etmək əsas qaydalardandır. Eyni zamanda qan
təzyiqi, xolesterin və şəkər səviyyəsinin vaxtaşırı yoxlanması,
risk qrupuna daxil olan gənclərin isə müntəzəm həkim müayinəsindən
keçməsi həyati əhəmiyyət daşıyır. Unutmaq olmaz ki, sağlam həyat
tərzi çox vaxt ən güclü dərmandır. Gənc yaşlardan etibarən
sağlamlığa diqqət etmək gələcəkdə infarkt və digər ürək-damar
xəstəliklərinin qarşısını almaq üçün ən effektiv yoldur”,- Rəşad
Mahmudov vurğulayıb.




İnfarkt zamanı ilkin tibbi yardım necə
olmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Kliniki Tibbi Mərkəzin TTY şöbəsinin
müdiri Sevinc Tağıyeva bildirib ki, ürək tutması
təcili tibbi yardım tələb edən ciddi bir vəziyyətdir.

Onun sözlərinə görə, bu halın əsas səbəbi ürək əzələsi,
miokardın qanla təminatının ya kəskin şəkildə azalması, ya da
tamamilə dayanmasıdır.

“Belə hallarda xəstənin həyatı saniyələrdən asılı olur. Bəzi
hallarda isə bu vəziyyət miokard infarktı ilə nəticələnə bilər ki,
bu zaman da sürətli və düzgün ilkin yardım həyati əhəmiyyət
daşıyır. İlk növbədə qeyd etmək lazımdır ki, ürək tutmasının əsas
əlaməti sinədə yaranan kəskin, sıxıcı xarakterli ağrılardır. Bu
ağrılar çox zaman sol qola, kürəyə, çiyinə və hətta çənəyə yayıla
bilər. Belə vəziyyətdə ilkin tibbi yardım göstərilərkən insanlar
soyuqqanlı davranmalı, panikaya düşməməlidirlər. Xəstə dərhal sakit
və havası təmiz bir mühitə yerləşdirilməli və sakitləşdirilməlidir.
Daha sonra xəstəyə yarımoturaq vəziyyət verilməlidir ki, bu
pozisiya ürəyə olan yükü azaldır və qan dövranını yüngülləşdirir.
Bundan sonra 300 mq dozada aspirin verilməlidir. Vacib məqam:
aspirin çeynənməlidir, udulmamalıdır. Eyni zamanda nitroqliserin
preparatı da istifadə edilə bilər. Bu dərman qan damarlarını
genişləndirir və ürəyə qan axınını yaxşılaşdırır. Nitroqliserin 1
tablet olmaqla, 5 dəqiqəlik fasilələrlə maksimum 3 doza şəklində
verilə bilər. Əgər xəstənin nəbzi və tənəffüsü yoxdursa, dərhal
ürəyin qapalı masajına (kardiopulmonar reanimasiya — CPR)
başlanılmalıdır. Bu, xəstənin həyatını xilas edə biləcək əsas
addımdır”,- deyə həkim əlavə edib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2024-cü
ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162
nəfər təşkil edib.