Bakı. Trend:
COP29 qadınların iqlim siyasətində və maliyyələşmədə iştirakının
gücləndirilməsini təşviq edir.
Trend xəbər verir
ki, bunu COP29-un Prezidenti, Azərbaycan Respublikasının
Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar
Babayev Bakı İqlim Fəaliyyətləri Həftəsi (BCAW2025) çərçivəsində
çıxışı zamanı bildirib.
O vurğulayıb ki, qadınlar çox vaxt iqlim dəyişikliyinin kənd
təsərrüfatı və su ehtiyatları problemlərindən sağlamlığa və məcburi
köçkünlüyə qədər uzanan təsirlərinin ən ağır yükünü daşıyırlar
.
COP29-un prezidentinin sözlərinə görə, qadınların iqlim
strategiyalarının hazırlanmasında iştirakı bu sahədə siyasəti daha
səmərəli edir, maliyyələşmənin əhatəsini genişləndirir və icmaların
daha sürətli uyğunlaşmasına kömək edir. O qeyd edib ki, Paris
Sazişi və Dayanıqlı İnkişaf Məqsədləri “heç kəsi geri qoymamaq”
prinsiplərini tələb edir ki, bu da qadınların iqlim siyasətinin
formalaşdırılmasında tam iştirakını və iqlim maliyyələşməsinə
çıxışını nəzərdə tutur.
COP29-da gender məsələləri üzrə işin 10 il müddətinə uzadıldığı
və qadınların iqlim fəaliyyətlərinə tam iştirakını təmin etmək
məqsədilə yeni Fəaliyyət Planının razılaşdırıldığı bildirilib.
Xüsusi diqqət qadınlar və qızlar üçün iqlim maliyyələşməsinə,
texnologiyalara və təhsilə çıxışın təmin olunmasına, eləcə də
qadınların — fermerlərdən və ictimai liderlərdən alimlərə və
sahibkarlara qədər — biliklərinin iqlim həllərinin tapılmasında
əsas resurs kimi tanınmasına yönəldilir.

