- 23 sentyabr, 2025
- 11:14
Azərbaycan və Albaniyanın audiovizual media tənzimləyiciləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
“Report” xəbər verir ki, Albaniyanın Vlora şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin televiziya və radio yayımı üzrə tənzimləyici orqanlarının Forumunun (BRAF) 12-ci Toplantısı çərçivəsində Audiovizual Şuranın sədri İsmət Səttarovun Albaniyanın Audiovizual Media Qurumunun (AMA) sədri xanım Armela Krasniqi ilə görüşü olub.
Görüş zamanı İsmət Səttarov AMA-nın təşkilatçılığı ilə “Audiovizual və onlayn media platformalarında nifrət nitqi və informasiya azadlığı” mövzusunda keçirilən BRAF-ın 12-ci toplantısını yüksək qiymətləndirib, tədbirin üzv ölkələrin tənzimləyici qurumları arasında əlaqələrin inkişafında, eyni zamanda qarşılıqlı təcürbənin öyrənilməsində böyük əhəmiyyət daşıdığını vurğulayıb. Audiovizual Şuranın sədri bildirib ki, iki ölkə arasında audiovizual media və onun tənzimlənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi və daha yüksək mərhələyə qədəm qoyması imkanları mövcuddur.
AMA-nın sədri cari ilin aprel ayında Bakıda Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən BRAF-ın 11-ci toplantısını xatırlayaraq yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Xanım Krasniqi iki qurum arasında əməkdaşlığın hazırki vəziyyətindən məmnunluq ifadə edib, münasibətlərin daha da gücləndirilməsi üçün böyük imkanların olduğunu təsdiq edib.
Görüşdə həmçinin, EPRA (Avropa audiovizual media tənzimləyicilərinin platforması) və BRAF çərçivəsində uğurlu birgə əməkdaşlıq, habelə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı nəticəsində audiovizual medianın tənzimlənməsi sahəsindəki çağırışlar və onların həlli istiqamətləri müzakirə olunub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

