12 noyabr 1817-ci il tarixində: Tehran səmasında parlayan ulduz

Mədəniyyət Tarix

İsrailin Bəxçi məntəqəsində yaşıllıqlar içərisində məqbərə yerləşib. Hər il dünyanın hər yerindən müxtəlif irqlərə  və etnik qruplara mənsub minlərlə ziyarətçi gəlib, orada uyuyan Şəxsə öz ehtiramlarını bildirirlər. Məqbərədə uyuyan  Şəxs Bəhaullah, onun görüşünə gələnlər isə Bəhai dininə mənsub insanlar – bəhailərdir.
       Miladi təqvimi ilə 1817-ci il noyabrın 12-də Tehran şəhərində ölkənin adlı-sanlı ailəsində bir uşaq dünyaya göz açdı. Valdeynləri ona Hüseyn Əli adını verdilər. Sonralar ardıcılları və düşmənləri Onu Bəhaullah – “Allahın Cəlalı” kimi tanıdılar. O, İranda baş qaldırmış babilər (1844-1852) hərəkatının əsas şəxslərindən biri kimi tanındı, həbs olundu, fiziki və mənəvi əzablara düçar oldu, vətənindən qovuldu.
          1863-cü ilin aprelində, Bağdadda sürgündə ikən, çox ciddi iddia ilə dünyaya səs saldı. Özünü İlahi Zühur elan etdi və Allahdan Yeni İlahi Təlim (Din) gətirdiyini bildirdi. Ardıcılları Onu Allahın Elçisi kimi qəbul etdilər. Osmanlı dövlətinin məhbusu kimi ömrünün 40 ilini məmləkətin ən xaraba şəhəri Əkkada (indiki İsrail ərazisində) həbsdə keçirtdi. Bəhaullah yazır:
              Əzəli Camal zəncirlərlə qandallanmağa razı oldu ki, bəşər köləlikdən xilas olsun, böyük Qalada məhbus olmağı qəbul etdi ki,  bütün dünya həqiqi azadlığa çıxsın. O, kədər badəsini sonadək içdi ki, yer üzünün bütün insanları daimi sevincə qovuşsunlar və şadlıqla dolsunlar. Ey tövhid əhli, Biz zilləti qəbul etdik ki, siz izzətə çatasınız və hər cür məşəqqətlərə razı olduq ki, siz rifaha yetişəsiniz. Baxın, bütün dünyanı yenidən qurmaq üçün gəlmiş Kəsi müşrüklər ən xaraba şəhərdə necə məskun etmişlər.
           1868-ci ildə, Osmanlı dövlətinin məhbusu ikən dünya hökmdarlarına mübaciət etdi və onları ordulardan imtina etməyə, hərbi xərcləri xalqların rufahına sərf etməyə, Yeni Dünya Nizamı qurmağa çağırdı. Öz Yazılarında bildirirdi ki, o bütün xalqların çoxdan göslədiyi dünyanın Müəllimi və Tərbiyəçisidir. Çaylar dənizdə qovuşduqları kimi bütün əvvəlki dinlər də Onun İlahi Təlimində qovuşacaqdır. O dövr üçün ağlagəlməz çağırış etdi: “Dünya bir vətən, bütün insanlar onun vətəndaşıdır”; Bəşəriyyətin və Dinlərin Əzəli Birliyi konsepsiyasını irəli sürdü, kişi və qadınların bərabərliyi, təəssübün (irqi, dini, etnik və s.) bütün formalarından imtina edilməsi, beynəlxalq köməkçi dilin qəbul edilməsi, ümumi icbarı təhsil, dünyada vahid yazı (əlifba), çəki, pul və ölçü sistemlərinə keçilməsi, siyasətə qarışmamaq və ölkənin qanunlarına ehtitram etmək kimi prinsipləri ürəli sürdü, Vahid Dünya Sivilizasiyasının gəlişinin müjdəsini verdi.
         Bütün insanlar daim inkişafda olan Sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar. Hansı irq və dindən olmalarından asılı olmayaraq dünyanın bütün xalqları bir Səmavi Mənbədən İlham alırlar və bir Allahın bəndələridir.
1892-ci ildə dünyasını dəyişdi. O, hələ sağ ikən ardıcılları Təlimini dünyanın dörd bir tərəfinə yaydılar. Hal-hazırda dünyanın 234 ölkəsində 8 milyondan çox bəhai yaşayır. Bəhailər vahid beynəlxalq təşkilatda – Bəhailərin Beynəlxalq Birliyində birləşmişlər. Bu Beynəlxalq Qurumun Ali Ruhani və İnzibati orqanı olan “Ümumdünya Ədalət Evi” və ziyarətgahları İsrailin Hayfa və Əkka şəhərlərində yerləşmişdir. Bu Birlik  planetimizdə qlobal sülhü və ekologiyanı qorumaq, xalqların sosial və mədəni inkişafına nail olmaq yollarında BMT-nin bir sıra orqanları – EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birlik hər il dünyanın müxtəlif yerlərində təhsil, səhiyyə, ekologiya, insan hüquqları sahəsində 1500-ə qədər layihə həyata keçirir. ABŞ, Kanada, Avstraliya, Hindistan, Konqo Demokratik Respublikası, Kamboca və digər ölkələrdə Bəhai icmaları nüfuzlu dini azlıq sayılırlar.
             Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir yerində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. İslam inqilabından sonra bəhai icmasının zəiflədilməsi və son nəticədə məhv edilməsi İran hökumətinin daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Bu dövlətin yarandığı ilk 10 ili ərzində (1979-1989) 200 nəfərdən çox bəhai edam edilmişdir, minlərlə insan zindana atılmış, on minlərlə insan işdən və təhsil müəssisələrindən qovulmuş və başqa hüquqlardan məhrum edilmişlər. 1980-ci ildə Bəhai icmasının 9 nəfərdən ibarət inzibati rəhbərliyi həbs edilmişdir ki, onların taleyi barədə bu gün də məlumat yoxdur. Onları əvəz edən digər 8 nəfər isə dərhal həbs olunaraq edam olunmuşlar. Ardıcıl basqınlar, həbslər və təhdidlər təhlükəsi bu gün İran bəhailərinin gündəlik həyatıdır.
         Bəhai dini yaranan gündən Azərbaycanda da ardıcılları olub. Artıq XIX əsrin 60-70-ci illərində Bakı, Gəncə, Naxçıvan, Balaxanı, Salyan, Bərdə, Şamaxı və digər yerlərdə bəhai icmaları fəaliyyət göstərirdi. 1937-38-ci illərdə bəhailərə qarşı aparılan təqiblər 38 fəal üzvün öldürülməsi, yüzlərlə insanın həbsxanalara salınması və sürgünə göndərilməsi ilə nəticələndi. Bu təqiblər icmanı zəiflətsə də onu məhv edə bilmədi. İcmanın fəaliyyətinə qoyulmuş qadağalar sovet dövlətinin süqutuna kimi qüvvədə qaldı.  Respublikamız müstəqillik əldə etdikdən sonra Etiqad Azadlığı haqda Qanunun qəbulu bəhai icma¬sına açıq fəaliyyət üçün şərait yaratdı.
Azər Cəfərov
Bəhai dini icmasının 
ictimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru


Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir