
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
2020-ci il oktyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibə verib.
Trend
müsahibəni təqdim edir:
Jurnalist: Azərbaycan Respublikasının Prezidenti, “Əl-Cəzirə”yə müsahibə verdiyiniz üçün Sizə təşəkkür
edirəm.
Prezident İlham Əliyev: Sizi görməyə çox şadam.
-Ermənistan və Azərbaycan arasında hazırkı münaqişə 20
ildən artıqdır ki, başlayıb. Müəyyən irəliləyişlər və geriləmələr
olmuşdur, lakin bu vaxta kimi sülhə nail olunmamışdır. Niyə görə bu
münaqişə bu qədər uzun çəkir?
-Əsas səbəb odur ki, Ermənistan sülh istəmir. Onlar bizim
torpaqları həmişəlik işğal altında saxlamaq istəyirlər. Onlar
status-kvonu dəyişmək istəmirlər və bu da münaqişənin bu qədər uzun
çəkməsinin səbəbidir. Əgər Ermənistan iradə göstərsəydi və əsas
beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davransaydı,
münaqişə uzun illər bundan əvvəl həll edilmiş olardı. Çünki 1993-cü
ildə Ermənistan ərazilərimizin bir hissəsini işğal etdikdə BMT
Təhlükəsizlik Şurası qoşunların bizim ərazilərdən dərhal, tam və
qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etdi. Lakin
bu qətnamələr kağız üzərində qalmaqdadır. Həll yolunun tapılması
üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki,
fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Qeyd etdiyim kimi,
əsas səbəb Ermənistanın mövqeyidir, ikinci səbəb Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin
icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi
və təzyiqin olmamasıdır. Bir çox hallarda mən bu məsələni
qaldırmışam və demişəm ki, Ermənistanı qətnamələrin tələblərinə
əməl etməyə məcbur etmək və torpaqlarımızın boşaldılmasına başlamaq
üçün ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır. Lakin
mənim müraciətlərimə müvafiq şəkildə cavab verilməmişdir və indi
baş verənlər Ermənistanın destruktiv siyasətinin nəticəsidir.
-Beləliklə, Siz deyirsiniz ki, Azərbaycan beynəlxalq
müstəvidə narahatlıq doğuran hüquqi məsələlərə görə layiq olduğu
beynəlxalq səviyyədə dəstəyi almır?
-Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərar
və qətnamələri baxımından bizim çox geniş dəstəyimiz var. Dediyim
kimi, beynəlxalq ali orqan olan BMT-nin Təhlükəsizlik Şurası
Ermənistanın qoşunlarının geri çəkilməsini tələb edən qətnamələr
qəbul etmişdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
eynisini edib. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı,
Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar və başqaları
eynisini edib, lakin bu, kifayət etmir. Beləliklə, münaqişənin
həlli üçün hüquqi çərçivəmiz var, lakin təcavüzkara kifayət qədər
praktiki təzyiq yoxdur. Beləliklə, biz burada beynəlxalq hüquq və
reallıqda baş verənlər arasında ziddiyyət görürük. Ermənistan
tərəfindən beynəlxalq hüquqa və normalara açıq şəkildə məhəl
qoyulmaması beynəlxalq hüququn işləmədiyinin və ya selektiv üsulla
işlədiyinin yaxşı göstəricisidir. Bildiyiniz kimi, bəzi hallarda
Təhlükəsizik Şurasının qətnamələri bir neçə gün, bəlkə də bir neçə
saat ərzində icra olunur. Lakin bizə gəldikdə qətnamələr uzun
illərdir ki, kağız üzərində qalıb. Beləliklə, təcavüzkara praktiki
təzyiqin olmaması münaqişənin nəyə görə bu qədər uzun çəkməsinin
səbəblərindən biridir.
-Siz Ermənistanı bu müharibəni, bu münaqişəni başlamaqda
günahlandırırsınız. Bir çoxları iddia edə bilər ki, Ermənistan öz
cari ərazisini və 2018-ci ildəki məxməri inqilabdakı qələbəni
nəzərə alaraq münaqişənin başlamasına risk etməzdi. Buna Siz nə
deyərdiniz?
-Bu cür təhlillərin səbəbinin nə olduğunu bilmirəm. Lakin biz
burada nə görürük, biz yerlərdə nə baş verdiyini görürük. Əgər son
iki ildə “inqilab”dan sonra Ermənistanın nə etdiklərinə və nə bəyan
etdiklərinə nəzər salsaq görərik ki, onlar bizi həmişə təhrik
ediblər və yeni müharibəyə başlamağı hədəfə alıblar və bunun səbəbi
danışıqları tamamilə pozmaq idi. Onlar Azərbaycana qarşı bir neçə
hərbi təxribat törədiblər. İyulun 12-də onlar münaqişə regionundan
çox uzaqda olan Tovuz rayonunda, Azərbaycanın qərbində,
Ermənistan-Azərbaycan sərhədindəki kəndlərimizə və hərbi
mövqelərimizə hücum ediblər. Onların bunu nə üçün etdiklərini başa
düşmək çox çətin idi. Onlar ağır artilleriya ilə bizə hücum
etdilər. Hərbi qulluqçular arasında ilk itkiləri Azərbaycan tərəfi
verdi. Bizim dörd hərbi qulluqçumuz və 76 yaşlı bir kəndli dərhal
öldürülmüşdür. Beləliklə, biz cavab tədbiri görməli idik. Cavab
verdikdən və onlar acı məğlubiyyətlə üzləşdikdən sonra geri
çəkildilər, atəşkəs üçün yalvarmağa başladılar. Onda da mən dedim
ki, bizim Ermənistanın ərazisində heç bir hərbi məqsədlərimiz
yoxdur. Biz onları geri oturdan kimi və onlar istədiklərini həyata
keçirə bilmədiklərini başa düşən kimi toqquşmalar dayandı.
Toqquşmalar yalnız dörd gün davam etdi. Sonra avqustun 23-də
Ermənistan ordusu tərəfindən ərazimizə daxil olmaq və terror
aktlarını törətmək üçün göndərilmiş diversiya qrupu dağıdılmışdır
və bu diversiya qrupunun başçısı yaxalanmışdır. Hazırda o, istintaq
altındadır. O, mülki vətəndaşlarımıza və hərbi qulluqçularımıza
qarşı terror aktları törətmək üçün göndərildiyini bildirən ifadələr
verir. Bunu biz etməmişdik, bunu onlar etdilər. Sonra sentyabrın
27-də baş verənlər bu siyasətin məntiqi davamıdır. Bundan əlavə,
biz onların bəyanatlarına, söylədiklərinə nəzər salsaq, onların
bizi təhrik etməsi açıq-aşkar görünür. Bir il bundan əvvəl
Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan etmişdir və
bu bəyanat danışıqları tamamilə mənasız edir. Çünki danışıqlar
masasında olan əsas məsələlərdən biri işğal edilmiş ərazilərin
Azərbaycana qaytarılmasıdır. Əgər o, “Qarabağ Ermənistandır” deyir
və onun anlayışına görə Qarabağ təkcə keçmiş Dağlıq Qarabağ muxtar
vilayəti deyil, buraya bütün işğal olunmuş ərazilər daxildir. Bu,
onların bu əraziləri geri qaytarmaq istəmədikləri, bu, danışıqların
sonu deməkdir.
-Ermənistan nəyə görə risk edib təxribata əl
atıb?
-Birincisi, hesab edirəm ki, onlar danışıqlar prosesini tamamilə
məhv etmək istəyirdilər. Sonra onlar etdikləri kimi, buna görə bizi
günahladırmaq və “baxın, Azərbaycanla danışıqlar aparmaq mümkün
deyil” söyləmək istəyirdilər. Hesab edirəm ki, səbəblərdən biri də
onların daxili çətinlikləri ola bilər. Çünki biz indi Ermənistanda
baş verənləri bilirik. Onlar çox ciddi siyasi böhrandan əziyyət
çəkirlər. Hücuma keçməmişdən iki gün əvvəl əsas müxalifət
partiyasının rəhbəri həbs edilmişdir. Sabiq iki prezident barədə
cinayət araşdırması aparılır. Faktiki olaraq, Ermənistanda
diktatura rejimi yaradılmışdır. İnqilabdan sonra baş nazirin
verdiyi bütün vədlər kağız üzərindədir. Heç nə icra edilməmişdir.
Orada adambaşına görə pandemiya ilə əlaqədar vəziyyət dünyada ən
pis vəziyyətlərdən biridir. Beləliklə, diqqəti yayındırmaq lazım
idi və o, bunu edə bildi. İndi isə o, nə etməyə çalışır? Guya
Azərbaycanın təcavüzü qarşısında cəmiyyəti bir araya gətirmək və öz
şəxsi hakimiyyətini gücləndirmək istəyir. Beləliklə, onların
fikrincə, hər şey çox məntiqlidir, lakin onlar çox böyük səhv
etdilər. Bundan əlavə, təcavüzdən bir neçə gün əvvəl mən BMT Baş
Assambleyasında çıxış etdim və dedim ki, onlar müharibəyə
hazırlaşırlar və onları dayandırmaq lazımdır. Bu da baş verdi.
-Bundan əvvəl Siz dediniz ki, Ermənistan ordusu işğal
etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdır, indi regionda hansı
məqsədləriniz var?
-Kim, biz?
-Bəli, Azərbaycan olaraq.
-Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim
tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya
Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır. Mənim söylədiyim sözlər
demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir.
Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra
müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən
müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh
şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və
o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin
düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi
reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti
özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək
mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və
bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol
veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar.
-Siz Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar
masasına getməyi qəbul edərdinizmi?
-Əslində, danışıqlar dayanıb. Çünki onun “Qarabağ Ermənistandır”
ifadəsindən sonra mən danışıqlar üçün heç bir imkanın olmadığını
dedim. Lakin Minsk qrupunun həmsədrləri Ermənistan hakimiyyətinin
yeni olduğunu, ola bilsin emosiyalarına və sözlərinə tam hakim ola
bilmədiyi üçün məndən xahiş edərək deyirdilər ki, Azərbaycan daha
çox anlayış göstərsin. Mən dedim ki, yaxşı, gəlin cəhd edək. Biz
sülh yolunu tapmaq istəyirik, ona görə də biz uzun illərdir ki,
gözləyirdik və bu yayındırıcı yanaşma olmasaydı, yəqin danışıqlar
davam edəcəkdi. Bu bəyanatdan sonra mənim Ermənistanın baş naziri
ilə görüşüm oldu. Lakin görüşlər tamamilə mənasız idi, rəsmi
xarakter daşıyırdı. O, mənə əraziləri geri qaytarmayacaqlarını
deyirdi. Əgər onlar bunu etmək istəmirlərsə, əgər onlar neçə illər
ərzində Minsk qrupu tərəfindən hazırlanmış prinsiplərə qarşı
çıxırlarsa və danışıqları məhv edirlərsə bundan sonra nədən
danışmaq olar ki? Danışıqlar birtərəfli qaydada aparıla bilməz.
Bizim tərəfdaşımız olmalıdır. Lakin Ermənistanın simasında bizim
hələ danışıqlarda tərəfdaşımız yoxdur.
-Onda danışıqlar masasına qayıtmaq üçün Azərbaycanın
ilkin şərti kimi Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını
deyə bilərikmi?
-Əslində, Ermənistanın baş naziri bizə qarşı ilkin şərtlər irəli
sürüb. Yeri gəlmişkən, düşünürəm ki, bu da növbəti təxribatdır. Bir
neçə ay öncə o, Azərbaycan üçün yeddi ilkin şərt irəli sürmüşdü.
Əslində, o, öz gündəliyini bizə və Minsk qrupuna diktə etmək
istəyirdi. Bu ilkin şərtlərdən biri də ondan ibarət idi ki,
Azərbaycan “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalıdır.
Bunu təkcə biz yox, həm də Minsk qrupu rədd etdi. Çünki bu, iyirmi
ildən çox müddət ərzində hazırlanmış danışıqların formatını
tamamilə dəyişir. Danışıqlar Ermənistan və Azərbaycan arasında
aparılır. Beləliklə, o, bizə qarşı ilkin şərtlər irəli sürür və biz
onları rədd etdik. Onun bunu etmə səbəbi ondadır ki, o,
danışıqların dayanmasını və status-kvonun dəyişməz olaraq
saxlanmasını istəyirdi. Bizə gəldikdə, biz həmişə danışıqlara
hazırıq. Biz heç vaxt danışıqlardan imtina etməmişik. Əvvəlki
illərdə danışıqlar prosesində çətin vaxtlar yaşamışıq. Heç də hər
şey rəvan getmirdi. Lakin Ermənistanın əvvəlki rəhbərləri ilə bizim
prosesimiz olub və biz mərhələli yanaşmanı işləyib hazırlamışdıq.
Əks halda, biz bu qədər uzun illər bu prosesdə iştirak etməzdik.
Bu, faydasız vaxt deyildir. Hesab edirəm ki, biz çox böyük
irəliləyişə nail olmuşduq. Mən bu prosesdə 2003-cü ildən bəri
iştirak edirəm. Mən Ermənistanın iki sabiq prezidenti ilə
işləmişdim. Biz irəliləyişə nail olduq, bu, asan deyildi. Bizdə çox
müxtəlif fikirlər var idi, lakin biz mərhələli şəkildə
irəliləyirdik və indiki məqamda əldə etdiklərimizi işləyib
hazırlamışdıq. Paşinyan hakimiyyətə gəldikdən sonra nəinki ondan
əvvəl olanları məhv etdi, o, ondan əvvəl sanki Ermənistanın mövcud
olmadığı və indi yeni Ermənistanın yaradıcısı kimi davranmaq
istəyirdi. O, işlənilmiş bütün prinsipləri məhv etdi. Buna görə
bütün məsuliyyət onun və onun hökumətinin üzərindədir.
Yeri gəlmişkən, Ermənistanda rasional insanlar bunu başa düşür.
Onlar Ermənistan əhalisinə xəbərdarlıq edərək bu şəxsin onların
ölkəsini fəlakətə apardığı ilə bağlı bəyanatlar verirlər.
Danışıqlarda belə davranmaq olmaz, Azərbaycanı belə təhrik etmək
olmaz.
Digər bir təxribat Azərbaycanın qədim Şuşa şəhərində qondarma “Dağlıq Qarabağ lideri”nin qondarma “andiçmə” mərasiminin təşkil
olunması idi. Heç bir digər qondarma “Dağlıq Qarabağ lideri” bunu
etməmişdir. O, bunu nəyə görə etdi? Azərbaycanlıların hisslərini
təhqir etmək üçün. Sonra onlar qondarma “Dağlıq Qarabağın
parlamenti”ni Xankəndidən Şuşaya köçürməyi qərara aldılar. Nə üçün?
Azərbaycanlılara qarşı daha bir təhqir. Onlar işğal olunmuş
ərazilərdə Livandan olan erməniləri açıq şəkildə məskunlaşdırır və
bunu televiziyada nümayiş etdirirlər. Bu, Cenevrə Konvensiyanın
kobud şəkildə pozulmasıdır və burada məqsəd onların bizə qarşı
nifrətini nümayiş etdirmək idi. Onun etdiyi hər şey danışıqlar
prosesini məhv etmək məqsədini daşıyırdı. Lakin indi onlar
danışıqların aparılması üçün yalvardıqda, Paşinyan dünya
liderlərinə dəfələrlə zəng etdikdə və Azərbaycandan şikayət
etdikdə, hesab edirəm, bu liderlər ona deməlidirlər ki, sən
danışıqlar prosesini pozdun, sən Azərbaycanı təhrik etdin, sən
azərbaycanlıların hisslərini təhqir etdin. Ona görə sən bunun üçün
məsuliyyət daşımalısan. Erməni xalqı, – mən bir neçə gün bundan
əvvəl Ermənistan xalqına müraciət etdim, – buna görə onu
məsuliyyətə cəlb etməlidir. Bizim erməni xalqı ilə problemimiz
yoxdur. Onlar bizim vətəndaşlarımızdır. Azərbaycanda minlərlə
erməni yaşayır və Dağlıq Qarabağda yaşayanları da öz
vətəndaşlarımız hesab edirik. Biz onları Azərbaycanda bir çox digər
millətlərin və etnik azlıqların nümayəndələri kimi bizimlə birlikdə
yaşamağa dəvət edirik. Buna görə Ermənistan bu təhrikedici
bəyanatları səsləndirməkdən tamamilə çəkinməlidir, onlar “Qarabağ
Ermənistan deyil” kimi yeni bəyanatla çıxış etməlidir və sonrasına
biz baxarıq.
-Beləliklə, bu siyasi dalanda Rusiya vasitəçiliyi
Azərbaycan üçün məqbuldurmu?
-Rusiya Amerika Birləşmiş Ştatları və Fransa ilə birlikdə
vasitəçi olan ölkələrdən biridir. Bu prosesdə iştirak etdiyim 17 il
ərzində hər üç ölkə prosesdə eyni dərəcədə iştirak edib. Prosesdə
kifayət qədər yüksək səviyyədə koordinasiya var. Əlbəttə ki,
Rusiyanın xüsusi mövqeyi var, çünki o, regionda Azərbaycana qonşu
ölkədir, onun Ermənistanla dövlət sərhədi yoxdur. Lakin buna
baxmayaraq, Rusiya Azərbaycan və Ermənistanla yaxşı münasibətləri
və tarixi münasibətləri olan bir ölkədir. Buna görə əlbəttə ki,
vasitəçilik etmək üçün onların rolu və bacarığı obyektiv səbəblərə
görə regiondan uzaqda yerləşənlərlə və ola bilsin, son onillikdə
burada nələrin baş verdiyini tam şəkildə bilməyənlərlə müqayisədə
çox yüksəkdir.
Ona görə də düşünürük ki, üç ölkə birlikdə işləməyə davam
etməlidir, əgər onların hamısı neytrallığı qorusa. Bu, mühümdür.
Son günlərdə əks-təsir göstərən, neytrallıq mövqeyində müəyyən
dəyişikliyi nümayiş etdirən bəzi bəyanatlar görməyimiz bizi narahat
edir. Hər bir ölkənin öz mövqeyi ola bilər, bu, normaldır. Lakin
əgər siz belə həssas məsələdə vasitəçisinizsə, bu mövqedən çıxış
etməlisiniz. Əgər milli mövqeyinizdən çıxış etmək istəyirsinizsə,
onda siz Minsk qrupunun həmsədrliyindən çıxmalısınız, istədiyinizi
deyin, kimi istəyirsinizsə onu günahlandırın, baş verənlərlə bağlı
sübutu olmayan xəbərlər verin və sözsüz ki, heç kim etiraz
etməyəcək. Lakin əgər siz vasitəçisinizsə, neytral olmalısınız,
vasitəçi olmalısınız. Əks halda, vasitəçilik bizim tərəfimizdən
qəbul edilməyəcək.
-Beynəlxalq ictimaiyyət atəşkəs çağırışları edir. Lakin
həm Azərbaycan, həm də Ermənistan tərəfinin son bəyanatlarını
nəzərə alaraq, Siz atəşkəslə bağlı beynəlxalq ictimaiyyətin
çağırışlarına məhəl qoymamaq seçimini edirsiniz?
-Xeyr, biz buna göz yummuruq. Lakin atəşkəs birtərəfli qaydada
əldə oluna bilməz. Bu günlərdə mənə zəng vuran liderlərə bu mesajı
çatdırmağa çalışıram ki, başlayan Azərbaycan tərəfi olmayıb. Biz
özümüzü müdafiə etməli idik. Əgər biz bu dəfə etdiyimiz kimi cavab
verməsəydik, bu gün mülki şəxslərimiz arasında yüzlərlə itki
olacaqdı. Hələ də itkilərimiz çoxdur. Bu səhər mən məlumat aldım
ki, mülki şəxslər arasında 19 itkimiz var, onlardan 2-si uşaqdır.
Mülki insanlarımız arasında 54 yaralı var. Ermənilərin artilleriya
hücumu nəticəsində 300-dən çox evə ziyan dəyib və ya tamamilə
dağılıb. Onlar bizim kəndlərə, insanlarımıza hücum edir,
bacardıqları qədər çox azərbaycanlı öldürmək istəyirlər. Dünən
onlar Ermənistan ərazisindən uzaq məsafəli raketlərdən istifadə
etməyə başladılar. Bununla da onlar istifadə etdikləri bu silahları
Azərbaycan üçün qanuni hədəfə çevirirlər və biz bu hədəfləri məhv
etməliyik. Sonra isə onlar bizi günahlandıracaqlar ki, biz
Ermənistan ərazisinə hücum edirik. Onlar bunu istəyirlər. Onlar
münaqişəyə üçüncü tərəfləri cəlb etmək istəyirlər ki, bu tərəflər
onları müdafiə etsinlər və onlar üçün daha 30 illik qanunsuz işğalı
təmin etsinlər. Atəşkəs – yaxşı, bəs, hansı şərtlərlə? Şərtlər belə
olmalıdır ki, onlar ərazilərdən çıxmalıdırlar. Mən 2 gün bundan
əvvəl dedim ki, qoy onlar çıxmağa başlasınlar, qoy çıxmaqla bağlı
bizdə cədvəl olsun, qoy onlar üzərlərinə vasitəçilər tərəfindən
təsdiq olunmuş ciddi öhdəliklər götürsünlər, atəşkəs rejiminə əməl
etsinlər və əlbəttə ki, biz də eyni şeyi edəcəyik. Bu hərbi
toqquşma bizim nəyimizə lazımdır? Bizə torpaqlarımızın sülh yolu
ilə geri qayıtması lazımdır. Biz sülh yolu ilə həllə istəkli
olduğumuzu 28 il ərzində nümayiş etdirdik. Bu 28 il ərzində
toqquşmaların olduğu vaxtlar oldu və ən böyüyü indidir. Daha biri 4
il bundan əvvəl olmuşdu. Beləliklə, bu, bizim mövqeyimizdir və
Ermənistan tərəfdən siyasi və hərbi təxribatlar barədə dediklərimi
nəzərə alsaq, düşünürəm ki, bu, tamamilə ağlabatandır.
-Sonuncu münaqişəyə baxdıqda, Azərbaycan Ordusu cəbhədə
müəyyən irəliləyişə nail olub və xüsusilə Füzuli rayonu ətrafında
bəzi kəndləri geri alıb. Bu, o deməkdir ki, Azərbaycan geri
qaytardığı həmin ərazilərdən geri çəkilməyə
hazırlaşmır?
–Xeyr, əlbəttə ki, xeyr! Çünki bu ərazilər bizə məxsusdur. Bu
ərazilər qədim torpaqlarımızdır. Bu ərazilər bizim insanların
əsrlər boyu yaşadığı ərazilərdir və onlar ermənilər tərəfindən
işğal olunub və dağıdılıb. Füzulidə, Ağdamda və Azərbaycanın başqa
şəhər və kəndlərində, işğal olunmuş ərazilərin cənub-şərqində baş
verənlərlə bağlı internetdə şəkillər var. Onların bir neçə qanunsuz
yaşayış məntəqələrinin olduğu Laçın və Kəlbəcər rayonlarında da
dağıntılar var, lakin bu ərazidə olduğu qədər ağır deyil. Bu, bizim
torpağımızdır. Biz onu geri almışıq, biz onu güc yolu ilə geri
qaytarmışıq, biz onları itkilər verərək geri qaytarmışıq, biz heç
vaxt bundan geri dönməyəcəyik. Biz orada yaşayacağıq. Bizim həmin
ərazilərdən güclə çıxarılmış insanlarımız bu gün demək olar ki, 30
ildir bir arzu ilə, bir amalla yaşayır – geri qayıtmaq. Mən sizə
2016-cı ilin aprelində yenə də erməni təcavüzü nəticəsində
əks-hücuma keçməklə ərazilərimizin bir hissəsini azad etməyimizlə
bağlı əyani bir nümunə göstərə bilərəm. Kəndlərimizdən biri
ermənilər tərəfindən dağıdılmışdı və azərbaycanlılar geri qayıda
bilmirdilər, çünki ermənilərin mövqeləri dağlarda idi. Biz
qaçqınlar üçün yeni kənd tikdik və hətta heç vaxt o torpağı
görməyənlər, ondan sonra dünyaya gələnlər belə hamısı Cocuq
Mərcanlıya qayıtdı. Mən demişdim ki, Cocuq Mərcanlı ləyaqətimizin
rəmzidir, iradəmizin rəmzidir və Cocuq Mərcanlı bizim qayıdışımızın
rəmzidir. Mən demişdim ki, qayıdışımız indi başlayır. Mən əminəm
ki, o ərazilərdən köçürülənlərin hamısı geri qayıdacaq. Geri
qayıtmağa yol yoxdur, çünki hər şey dağılıb. Hər şey. Bir tikili
belə qalmayıb. Hər şey dağılıb. Sözsüz ki, biz kömək edib
şəhərləri, kəndləri yenidən quracağıq, onların əvvəlki adlarını
qaytaracağıq. Çünki ermənilər bizə qarşı mədəni soyqırımı
törədiblər. Onlar işğal olunmuş ərazilərdə bütün məscidləri
dağıdıblar. Onlar məscidlərdə donuz və inək saxlamaqla bütün
müsəlmanları təhqir edirlər. Onlar şəhərlərimizin, kəndlərimizin
adlarını dəyişdiriblər. Bütün adlar qaytarılacaq. Biz öz
torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu,
bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail
olacağıq.
-Qafqaz çox mürəkkəb regiondur, təkcə coğrafi
nöqteyi-nəzərdən deyil, həm də mədəniyyət, etnik mənsubiyyət və
sosial quruluş nöqteyi-nəzərdən. Siz xalqların öz müqəddəratını
təyin etmək hüququna inanırsınızmı?
–Bilirsiniz, bu, erməni təbliğatının əsas etibarilə beynəlxalq
hüquq üzrə mütəxəssis olmayan sadə insanlardan ibarət beynəlxalq
ictimai rəyi çaşdırmaq üçün tez-tez istifadə etdiyi məqamdır. Lakin
beynəlxalq hüququn Helsinki Yekun Aktında əks olunan əsas
prinsiplərinin çox aydın izahı var ki, orada ərazi bütövlüyü
prinsipi üstündür. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn
mühüm prinsiplərindən biridir. Lakin əgər biz geriyə baxıb BMT
Nizamnaməsinə, Helsinki Yekun Aktına nəzər salsaq görərik ki, öz
müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünə ziyan
vurmamalıdır. Başqa bir mühüm məqam odur ki, ölkənin ərazi
bütövlüyü güc yolu ilə dəyişdirilə bilməz, ölkə əhalisinin razılığı
olmadan dəyişdirilə bilməz. Ona görə də Dağlıq Qarabağ məsələsində
sözsüz ki, öz müqəddəratını təyinetmə ermənilərin etmək istədikləri
şəkildə işləmir. Başqa bir arqument odur ki, erməni xalqı artıq öz
müqəddəratını təyin edib. Onların müstəqil Ermənistan dövləti var.
Bu gün ermənilər hər yerdə yaşayırlar. Onlar Fransada yaşayırlar,
onlar Amerikada yaşayırlar, onlar Rusiyada yaşayırlar, onlar Yaxın
Şərqdə yaşayırlar. Qoy onlar öz müqəddəratlarını həmin ölkələrdə
istəsinlər. Əgər ermənilər özlərinə məxsus olmayan torpaqları
istəsəydilər və sadəcə olaraq, əksəriyyət olduqlarına görə həmin
torpaqları istəsəydilər, həmin ölkələrin rəhbərliklərinin
reaksiyası necə olardı? Bu, onların uzun illər istifadə etdikləri
taktikadır – gəlmək, dəstək istəmək, torpaq istəmək və sonra
özlərinin qondarma qədim tarixləri barədə feyk xəbərlər
hazırlamaqla və həmin torpaqları özləri üçün tələb etməklə ərazinin
tarixi kimliyini dəyişməyə başlamaq. Qoy Dağlıq Qarabağa öz
müqəddəratını təyinetmə vermək istəyən ölkələr öz torpaqlarının bir
hissəsini Dağlıq Qarabağdan olan ermənilərə versinlər, onları qəbul
etsinlər və orada onlara öz müqəddəratını təyinetmə hüququ
versinlər. Onda baxaram onların reaksiyası necə olacaq.
–Hazırda vəziyyət necədir? Ruslar, iranlılar, türklər,
fransızlar, amerikalılar münaqişə ilə bağlı narahatlığını ifadə
edirlər. Bu münaqişə nə vaxtsa regional ola bilərmi?
–Mən belə düşünmürəm. Zənnimcə, bunun üçün əsas yoxdur və biz bu
münaqişənin regional münaqişəyə çevrilməsinin qəti olaraq
əleyhinəyik. Ermənistanın etmək istədiyi məhz budur. Ona görə də
onlar Azərbaycana bəzi xarici dəstəklə bağlı feyk xəbərlər icad
edirlər. Lakin, eyni zamanda, onlar özləri xarici dəstək
istəyirlər. Ona görə də mən elə hiss edirəm ki, hazırda, döyüş
meydanında çox ciddi məğlubiyyətlə üzləşdikləri bir vaxtda, onların
əsas hədəfi bu münaqişəni regional münaqişəyə çevirməkdir. Lakin
mən əminəm ki, qeyd etdiyiniz ölkələr heç vaxt bunun olmasına imkan
verməyəcəklər. Çünki regionumuzda təhlükəsizlik bütün region
ölkələrinin maraqlarına xidmət edir və qeyd etdiyiniz ölkələr
arasında Türkiyə, Rusiya, İran region ölkələridir. Digər ölkələrin
bura ilə, regionla əlaqəsi yoxdur. Onlar region ölkələri deyil.
Onların danışıqlara şərait yaratmaqla bağlı mandatı var, çünki bu,
1992-ci ildə baş verib. Biz, şəxsən mən Minsk qrupunun belə
tərkibdə olmasına görə cavabdeh deyilik. Sözsüz ki, əgər biz sülhə
şərait yarada biləcək hər hansı kontakt qrupunun tərkibi ilə bağlı
bu gün qərar versəydik, əlbəttə, tərkib tamamilə fərqli olardı. Mən
konkretləşdirmək istəmirəm, lakin bəzi ölkələrin qərəzli davranışı
səbəbindən həmin qrupda yeri olmazdı. Beləliklə, biz, xüsusilə
region ölkələrinin münaqişədən kənar durması, heç bir halda
münaqişəyə müdaxilə etməməsi üçün əlimizdən gələni etməliyik və
Ermənistana xəbərdarlıq etməliyik – işğalı dayandır. İşğalı
dayandır və onda siz xeyrini görəcəksiniz. Onda siz uzun illər
ərzində bu təcavüz səbəbindən Ermənistan rəhbərliyinin Ermənistanı
məhrum etdiyi iqtisadi, investisiya, enerji və nəqliyyat
sahələrində regional layihələrə inteqrasiya edəcəksiniz. Beləliklə,
biz bu münaqişənin mümkün qədər tez bir zamanda dayanması, həllin
mümkün qədər tez tapılması üçün əlimizdən gələni etməliyik. Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım
edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu
dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur.
Münaqişə indi həll olunmalıdır. Ermənistana kömək etmək istəyənlər
onların, belə demək mümkünsə, yaxın tərəfdaşları qoy onlara kömək
etmək üçün desinlər ki, əraziləri tərk edin, iradənizi nümayiş
etdirin, atəşi dayandırın, deyin ki, bu gün, ya sabah, bir həftəyə
mən Ağdamı tərk edəcəyəm, növbəti dəfə, növbəti həftə Füzulini tərk
edəcəyəm, növbəti həftə Kəlbəcəri tərk edəcəyəm və s. və biz
dayanarıq. Bu, çox ədalətli mövqedir. Bu, müharibəyə deyil, sülhə
istiqamətlənmiş mövqedir.
–Ankaranın bu münaqişəyə hərbi nöqteyi-nəzərdən öz
təyyarələri və sair ilə cəlb olunmasına dair Ermənistanın iddiaları
barədə nə deyə bilərsiniz?
–Bu, yalan məlumatdır. Bunun sübutu yoxdur. Mən bununla bağlı
artıq bəyanatlar vermişəm. Türkiyə bizim qardaş ölkəmizdir.
Ermənistanın hücumunun ilk günündən, ilk saatından Türkiyə
Azərbaycana tam dəstəyini ifadə etdi. Qardaşım, Prezident Ərdoğan
dəfələrlə çox mühüm bəyanatlar verib. Dünən parlamentin açılış
sessiyasında çıxış edərkən o, daha bir mühüm bəyanat verdi ki,
Türkiyə Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Biz bu
dəstəyi hiss edirik. Biz türk qardaşlarımıza, Prezidentə və digər
rəsmi şəxslərə çox minnətdarıq. Lakin Türkiyə heç bir şəkildə
münaqişəyə cəlb olunmayıb. Ermənistanın artıq mediada yer almayan
feyk xəbərlərindən biri odur ki, Türkiyəyə məxsus F-16 təyyarəsi
Ermənistanın Su-25 təyyarəsini vurub. Bu, feyk xəbərdir. Sübut
haradadır? Sübut yoxdur. Yerə enən və havaya qalxan hər bir təyyarə
kompüterdədir. Hər kəs nə baş verdiyini görə bilər. Mən
təəccüblənirəm niyə Minsk qrupunun həmsədr ölkələri – Fransa, ABŞ,
Rusiya buna münasibət bildirmir. Onlar bu feyk xəbərə münasibət
bildirmir. Onların bəziləri Azərbaycan və Türkiyənin buraya
terrorçular dəvət etməsi kimi başqa feyk xəbərlərə münasibət
bildirir.
–Mən məhz bu barədə soruşmaq istəyirdim, cənab
Prezident. Ermənistan, həmçinin Türkiyəni suriyalı müxalif
döyüşçüləri Azərbaycana gətirməkdə ittiham edir.
–Bu, tamamilə feyk xəbərdir. Eynilə Türkiyəyə məxsus F-16-nın
onların Su-25-ni vurması kimi feyk xəbərdir. Onların Su-25
təyyarəsi qəzaya uğrayıb. Mənə məlumat verilmişdi ki, o, pilotun
təcrübəsizliyi ucbatından dağa çırpılıb.
–Amma onlar bunu sübut etmək üçün dəlillərinin olduğunu
deyirlər.
–Qoy göstərsinlər. Haradadır dəlil? Təkcə Ermənistan deyil,
əfsuslar olsun, mən dünən eşitdim ki, Fransa Prezidenti də bəyanat
verib. O, ayın 27-də axşam mənə zəng vurmuşdu, mən ona bunun səhv,
yanlış olduğunu dedim. O, bu bəyanatı heç bir dəlil olmadan verib.
Qoy o, bizə dəlil versin, sübut versin. Yalnız sözlərdir. Biz də
çox söz deyə bilərik, amma demirik, məsuliyyətli davranırıq.
Azərbaycanda hər hansı xarici ölkənin iştirakına dair heç bir dəlil
belə yoxdur. Biz nə ediriksə özümüz edirik. Bizim qabil ordumuz
var. Ordumuzda kifayət qədər insan var, ehtiyatımızda kifayət qədər
insan var. Mən qismən səfərbərlik elan etmişəm. Bu, bizə ehtiyac
olacağı təqdirdə ehtiyatda olan on minlərlə adamı cəlb etməyə imkan
verəcək. Beləliklə, bizim buna ehtiyacımız yoxdur. Ermənistanın
buna ehtiyacı var, çünki Ermənistan əhalisinin sayı azalır, cəmi 2
milyon nəfərdir. Ona görə də onlar özləri Yaxın Şərqdən insanları
cəlb edirlər və bizim sübutumuz var, təkcə erməni əsilliləri deyil.
Yeri gəlmişkən, Yaxın Şərqdən gələnlərin erməni əsilli olması və ya
qeyri-erməni əsilli olmasının heç bir fərqi yoxdur. Əgər kimsə
xaricdən muzdlu kimi döyüşməyə gəlirsə bununla beynəlxalq səviyyədə
məşğul olunmalıdır. Bu ittihamlar tamamilə əsassızdır. Biz onları
rədd edirik və dəlillərin ortaya qoyulmasını tələb edirik.
– Siz də Ermənistanın gətirdiyi əcnəbi muzdlularla bağlı
dəlilləri ortaya qoyacaqsınızmı?
-Bizdə artıq bəzi kəşfiyyat məlumatları var və bundan əlavə
dünən mənə göstərdilər ki, internetdə videolar var, Yaxın Şərqdən
olan insanlar erməni əsgərləri ilə birlikdə oturub, onların
formasını geyiniblər, onlarda Ermənistan milli bayrağı var, onlar
birlikdə oturub müzakirə aparırlar. Səsi yoxdur, lakin düşünürəm
ki, bu, yetərlidir. Onlar buna görə məsuliyyət daşımalıdırlar.
-Diplomatiya nə vaxtsa işləyə bilərmi? Yoxsa, sizin üçün
yeganə həll müharibədir?
–Mən artıq demişəm ki, Ermənistan beynəlxalq hüquqa əməl etsə,
ərazilərin bir hissəsindən vaxt cədvəlinə müvafiq olaraq dərhal
çıxmağa başlasa, – əlbəttə ki, biz Azərbaycanın ərazi bütövlüyünü
bərpa etməliyik, – diplomatiya işləyə bilər. Yeri gəlmişkən,
Ermənistanda bu hökumət hakimiyyətə gəlməmişdən əvvəl biz
danışıqlar masasındakı məsələləri müzakirə edəndə ilk bənd o idi
ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü əsasında həll
olunmalıdır. Bu, bərpa olunmalıdır. Bizim tələbimiz budur və
düşünürəm ki, bunu tələb etməyə haqqımız var.
-Azərbaycan Prezidenti İlham Əliyev, “Əl-Cəzirə”yə
müsahibə verdiyiniz üçün çox sağ olun.

