Vergi orqanlarına daxil olan müraciətlərin sayı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar – sentyabr ayları ərzində vergi orqanlarına
ümumilikdə 331 260 müraciət daxil olub.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi
Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, daxil olmuş müraciətlərdən 94,6 faizi ərizə, 5,3
faizi şikayət, 0,1 faizi təkliflərdən ibarət olub. Müraciətlərin
96,8 faizinin baxılması hesabat dövründə başa çatdırılıb, 3,2 faizi
hazırda icradadır.




Baxılması yekunlaşmış müraciətlərin 53,9 faizi həll olunub, 44,1
faizi üzrə müvafiq izahat verilib, digərləri ilə bağlı
qanunvericiliyə uyğun tədbirlər görülüb. Daxil olmuş faktiki
şikayətlərdən 5.680-i həll edilib. Bunlar, əsasən, kameral vergi
yoxlamaları, vergi mükəlləfiyyətləri, maliyyə sanksiyalarının
silinməsi, şəxsi hesab vərəqələri, vergi ödəyicisinin qeydiyyatı,
sosial sığorta ödənişləri, vergi orqanı əməkdaşlarının hərəkəti (və
ya hərəkətsizliyi), vergi borclarının silinməsi, borcun
ödənilməsinə möhlət verilməsi, vergi bəyannamələri, riskli vergi
ödəyicisi statusu, ƏDV depozit hesabı və digər məsələlərlə bağlı
olub.

2025-ci ilin yanvar – sentyabr ayları ərzində Dövlət Vergi
Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən
ümumilikdə 591 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər
bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin
müsbət həlli üçün zəruri tədbirlər görülüb.