
Bakı.Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Uilson
Türkiyənin “F-35” qırıcılarının istehsalı proqramına
qaytarılmasının və Ankaraya qarşı CAATSA çərçivəsində tətbiq edilən
sanksiyaların ləğvinin tərəfdarı olduğunu bildirib.
O, bu barədə “Anadolu” agentliyinə müsahibəsində deyib.
Türkiyəyə artıq alınmış “F-35” qırıcılarının verilməsini və
ölkənin istehsal proqramına qaytarılmasını
dəstəkləyib-dəstəkləmədiyi sualını cavablandıran Uilson müsbət
cavab verib.
“Bəli, bunu dəstəkləyirəm və mövcud məsələlərin həll olunacağına
ümid edirəm. Nəhayət, gəlin başlanğıc nöqtəsinə qayıdaq: Türkiyə
Amerikanın böyük müttəfiqidir, Amerika da Türkiyənin müttəfiqidir
və biz qarşılıqlı fayda əldə etmək istəyirik”, – konqresmen
bildirib.
Uilson Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və
Donald Trampın Rusiyanın “S-400” sistemləri və “F-35” proqramı
ətrafında fikir ayrılıqlarının həlli istiqamətində göstərdiyi
səylərə ümidlə yanaşdığını deyib.
Qeyd edək ki, Uilson Konqresin ABŞ-Türkiyə münasibətləri üzrə
qrupunun həmsədridir.

