Bakıda “Qərbi Azərbaycanda alban irsi” mövzusunda seminar keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun
(AMQF) təşkilatçılığı ilə “Qərbi Azərbaycanda Alban İrsi”
mövzusunda seminar keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri,
tarixçilər, arxeoloqlar və QHT rəhbərləri iştirak ediblər.

Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, AMQF İH üzvü Zaur İbrahimli
seminarın məqsədi və iştirakçılar haqqında məlumat verib.

Bildirib ki, seminarın əsas məqsədi tariximizin ən vacib və
strateji əhəmiyyətli səhifələrindən birinə, Qərbi Azərbaycandakı
alban xristian irsinə işıq salmaqdır. Qafqaz Albaniyasının irsi
Azərbaycan dövlətçiliyinin, etnogenezinin və mədəni yaddaşının
ayrılmaz, tərkib hissəsidir. Əcdadlarımız olan albanlar bu
torpaqların yerli etnosu olaraq əsrlər boyu zəngin bir mədəniyyət
formalaşdırmışlar.

“Təəssüflə qeyd etməliyik ki, 1836-cı ildə Alban Apostol
Kilsəsinin çar Rusiyası tərəfindən ləğv edilərək Erməni Qriqoryan
Kilsəsinin tabeliyinə verilməsi ilə bu zəngin irsin sistemli
şəkildə mənimsənilməsi və saxtalaşdırılması prosesinə
başlanılmışdır. Uzun illər boyu Göyçə, Zəngəzur, Dərələyəz və digər
tarixi torpaqlarımızdakı Qıpçaqvəng, Gülvəng, Qoşavəng kimi
yüzlərlə alban abidəsinin kitabələri silinmiş, memarlıq quruluşu
dəyişdirilmiş və dünya ictimaiyyətinə saxta erməni irsi kimi təqdim
edilmişdir. Biz vətəndaş cəmiyyəti institutları olaraq bu tarixi
həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılması
işində fəal olmalıyıq. Bugünkü seminarımız da həmin elmi
həqiqətlərin qorunmasına və Qərbi Azərbaycandakı maddi-mədəni
irsimizə sahib çıxmaq missiyamıza xidmət edir”,- deyə o
bildirib.

Seminarda UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin rəhbəri və
AMEA-nın aparıcı elmi işçi, professor Məhəbbət Paşayeva təqdimatla
çıxış edib. M.Paşayeva Qədim Qıpçaq kəndində yerləşən Qıpçaqvəng
monastırı, Gülvəng, Qoşavəng, Tatev kimi zəngin alban xristian
abidələri barədə geniş məlumat veriib, bu abidələrin memarlıq
üslubunun erməni dini memarlığından tamamilə fərqləndiyi elmi
faktlarla əsaslandırıb.




Məruzəçi bildirib ki, albanlar Azərbaycan xalqının etnogenezində
iştirak etmiş yerli etnoslardan biridir və bu qədim xristian irsi
xalqımızın tarixi-mədəni xəzinəsinə aiddir.

Tədbirdə hazırda Ermənistan Respublikasının ərazisində yerləşən
tarixi Azərbaycan torpaqlarının – Göyçə, Zəngəzur, Dərələyəz,
İrəvan və digər mahalların yüzilliklər boyu Qafqaz Albaniyasının
mədəni-siyasi təsir dairəsində olduğu diqqətə çatdırılıb.

Seminar zamanı alban irsinə qarşı törədilən mədəni vandalizm və
saxtakarlaşdırma siyasəti barədə ətraflı məlumat verilib, dəlillər
diqqətə çatdırılıb. Xüsusilə, 1836-cı ildə Rus Sinodunun qərarı ilə
Alban Apostol Kilsəsinin ləğv edilərək Erməni Qriqoryan Kilsəsinin
tabeliyinə verilməsindən sonra arxivlərin talanması, daş
kitabələrin silinməsi və alban elementlərinin qriqoryanlaşdırılması
prosesi əyani sənədlərlə nümayiş etdirilib. İşğal illərində Ağoğlan
məbədindəki qədim alban stellasının oğurlanması və abidələrin altar
hissələrinin dəyişdirilməsi kimi faktlar tədbir iştirakçılarının
diqqətinə çatdırılıb.

Tədbirin sonunda Qərbi Azərbaycandakı alban irsinin qorunması,
beynəlxalq müstəvidə obyektiv tanıdılması və alimlərin bu
ərazilərdə maneəsiz elmi tədqiqat aparmaq hüququnun təmin
edilməsinin vacibliyi vurğulanıb. Həmçinin, bu istiqamətdə
Azərbaycanın beynəlxalq multikulturalizm siyasətinin uğurları, o
cümlədən Romada Papanın Qreqorian Universitetində keçirilmiş
beynəlxalq elmi konfransların əhəmiyyəti qeyd olunub.

Seminar mövzu ətrafında geniş müzakirələr və sual-cavab
sessiyası ilə başa çatıb.