
Bakı. Trend:
Oktyabrın 20-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər
Şurasının 5-ci iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda ölkəmizdə
səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın
rəhbərlik etdiyi nümayəndə heyəti, o cümlədən Türkiyə-Azərbaycan
Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti,
İstanbul Texniki Universiteti (İTÜ) və Orta Doğu Texniki
Universitetinin (ODTÜ) rektorları iştirak ediblər.
İclas çərçivəsində Türkiyə – Azərbaycan Universitetinin illik
hesabatı, eləcə də gələcək inkişaf perspektivləri müzakirə edilib.
İclas iştirakçıları sözügedən universitetin fəaliyyətinin daha da
təkmilləşdirilməsi və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi
istiqamətində fikir mübadiləsi aparıblar.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev, Ali Təhsil
Şurasının sədri Erol Özvar cari ildə Türkiyə-Azərbaycan
Universitetinə qəbul olunmuş tələbələrlə də görüşüb.

