SOCAR-ın STAR neft emalı zavodu nafta istehsalını 12 faizdən çox artırıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyədə
fəaliyyət gösətrən STAR Neft Emalı Zavodu (NEZ) 2026-cı ilin iyul
ayında bir sıra əsas neft məhsullarının istehsalını artırıb.

Trend-in
Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi Qurumunun (EPDK)
məlumatları əsasında apardığı hesablamalara görə, zavod iyul ayında
564 277 ton dizel yanacağı istehsal edib ki, bu da 2025-ci ilin
eyni ayının göstəricisi ilə (556 181 ton) müqayisədə 1,5 faiz
çoxdur.

Nafta istehsalı illik ifadədə 12,1 faiz artaraq 134 892 tondan
151 215 tona çatıb. Neft koksunun istehsalı isə 27 faiz artaraq 54
668 tondan 69 446 tona yüksəlib.

Mayeləşdirilməyən neft emalı qazının istehsalı da 8,8 faiz
artaraq 2025-ci ilin iyul ayındakı 42 596 tondan 46 327 tona
çatıb.




Bununla yanaşı, aviasiya yanacağının istehsalı illik müqayisədə
17,8 faiz azalaraq 165 654 tondan 136 244 tona düşüb.
Mayeləşdirilmiş neft qazının (LPG) istehsalı isə 14,5 faiz azalaraq
26 617 tondan 22 770 tona enib.

Bundan əlavə, STAR 2026-cı ilin iyul ayında 34 986 ton biodizel
tərkibli dizel yanacağı və 5 156 ton ağır vakuum qazoylu istehsal
edib. EPDK-nın 2025-ci ilin iyul ayı üzrə təqdim etdiyi
məlumatlarda müvafiq kateqoriyalar yer almayıb.

Qeyd edək ki, STAR NEZ 2018-ci ilin oktyabrında fəaliyyətə
başlayıb. Müəssisə Türkiyənin ən iri sənaye investisiya
layihələrindən biridir və neft emalını neft-kimya məhsullarının
istehsalı ilə birləşdirir. Zavod SOCAR-ın regionda neft
məhsullarının emalı və satışı sahəsində fəaliyyətində mühüm rol
oynayır.