Azərbaycanın TDT strategiyası: təhlükəsizlikdən enerji dəhlizlərinə, milli dəyərlərdən beynəlxalq nüfuza qədər vahid yanaşma

Baş səhifə

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında duran məqsədlər
artıq yalnız mədəni və humanitar yaxınlığın qorunması ilə
məhdudlaşmır. Təşkilat geniş coğrafiyada siyasi, iqtisadi, enerji,
nəqliyyat və təhlükəsizlik maraqlarının uzlaşdırıldığı mühüm
platformaya çevrilir və Azərbaycanın bu prosesdə oynadığı rol
Prezident İlham Əliyevin son çıxışında ortaya qoyduğu yanaşmalarla
bir daha aydın görünür. Bakının eyni vaxtda TDT ölkələrinin dini
liderlərini və təhlükəsizlik strukturlarının rəhbərlərini qəbul
etməsi Azərbaycanın təşkilat daxilində həm etibarlı platforma, həm
təşəbbüskar, həm də fəal tərəfdaş kimi mövqeyini nümayiş
etdirir.

Bakı TDT-nin mühüm dialoq məkanına
çevrilir

Azərbaycanın TDT çərçivəsindəki rolunu qiymətləndirmək üçün son
günlər Bakıda baş verən proseslər xüsusi əhəmiyyət daşıyır. Bir
neçə gün əvvəl təşkilata üzv ölkələri təmsil edən dini liderlər
Prezident İlham Əliyevin qəbulunda olub, ardınca isə TDT-yə üzv
dövlətlərin təhlükəsizlik şuralarının rəhbər şəxsləri Bakıya
toplaşaraq şuranın beşinci iclasını keçiriblər. Bu tədbirlərin qısa
zaman intervalında eyni məkanda baş tutması təsadüfi diplomatik
təqvim kimi deyil, Azərbaycanla TDT arasında formalaşmış sistemli
və çoxşaxəli münasibətlərin göstəricisi kimi nəzərdən keçirilə
bilər.

Burada söhbət yalnız tədbirlərə ev sahibliyindən getmir. TDT
çərçivəsində müzakirələrin gündəliyi beynəlxalq münasibətlərdən və
təhlükəsizlikdən tutmuş multikulturalizmə, ticarətə, nəqliyyata və
humanitar əməkdaşlığa qədər geniş spektri əhatə edir. Bu baxımdan
Bakının müxtəlif xarakterli məsələlərin müzakirə edildiyi etibarlı
məkan kimi önə çıxması Azərbaycanın təşkilat daxilindəki mövqeyinin
çoxistiqamətli xarakterini göstərir.

TDT-nin bugünkü çəkisi isə onun inkişaf tarixinin məntiqi
nəticəsidir. Təşkilatın əsası 2009-cu ildə Naxçıvanda keçirilən
tarixi Zirvə görüşü ilə qoyulub. Həmin sammitdə Azərbaycan,
Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən “Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında” Naxçıvan
Sazişi imzalanıb. Saziş 2010-cu ilin noyabrında qüvvəyə minib və
sonrakı mərhələdə təşkilatın institusional bazası genişlənib.
TDT-nin özünün məlumatına görə, 2024-cü ildə Şuşada keçirilən
qeyri-rəsmi Zirvə görüşü də təşkilatın inkişafında mühüm
mərhələlərdən biri olub.

Bu gün əsas strateji hədəf TDT-ni aparıcı beynəlxalq
təşkilatlardan birinə çevirməkdir. Bunun üçün üzv ölkələrin siyasi
iradəsi ilə yanaşı, onların iqtisadi, coğrafi, enerji, nəqliyyat və
insan resursları potensialı da mövcuddur. Prezident İlham Əliyevin
çıxışında məhz bu potensialın daha səmərəli şəkildə vahid gücə
çevrilməsi xətti ön plana çıxarılıb.

Şuşadan başlayan yeni format: ildə bir görüş kifayət
etmir

TDT-nin inkişafında Azərbaycanın təşəbbüslərindən biri də dövlət
başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsidir. Ənənəvi
Zirvə görüşlərinin müntəzəm xarakter daşımasına baxmayaraq,
təşkilat hesab edib ki, dövlət başçılarının yalnız ildə bir dəfə
bir araya gəlməsi sürətlə dəyişən beynəlxalq reallıqlar fonunda
kifayət deyil. Buna görə də əlavə qeyri-rəsmi görüş formatının
yaradılması təklif olunub və həmkar ölkələrin dəstəyi ilə bu
təşəbbüs reallaşıb. İlk belə toplantı Şuşada keçirilib, daha sonra
format digər ölkələrdə də davam etdirilib.

Şuşanın seçilməsi də ayrıca siyasi və mənəvi məna daşıyır.
2024-cü il Şuşa Zirvəsi TDT-nin nəqliyyat, bağlantı və iqlim
fəaliyyəti ilə bağlı gündəliyi üzrə müzakirələr üçün platforma olub
və görüşün nəticəsində mühüm sənədlər, o cümlədən Qarabağ
Bəyannaməsi qəbul edilib. TDT-nin rəsmi məlumatında Şuşada
keçirilən görüş təşkilatın əməkdaşlığının və türk dünyasının
birliyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli mərhələ kimi
təqdim olunur.

Beləliklə, Azərbaycanın təşəbbüsü yalnız yeni bir görüş
formatının yaradılması ilə məhdudlaşmır. Əsas məqsəd TDT daxilində
siyasi dialoqun daha dinamik, operativ və davamlı xarakter almasına
şərait yaratmaqdır.

Enerji və nəqliyyat təhlükəsizliyi TDT-nin geosiyasi
çəkisini artırır

TDT ölkələrinin yerləşdiyi geniş coğrafiya təşkilata mühüm
üstünlük verir. Bu məkanın üzərindən yalnız üzv dövlətlərin deyil,
daha geniş regionların iqtisadi maraqları baxımından əhəmiyyət
daşıyan enerji və nəqliyyat marşrutları keçir. Bu səbəbdən TDT-nin
rolunun yalnız siyasi və humanitar əməkdaşlıq çərçivəsində
qiymətləndirilməsi təşkilatın real potensialını tam əks
etdirmir.

Prezident İlham Əliyevin yanaşmasında enerji təhlükəsizliyi ilə
nəqliyyat bağlantıları ümumi təhlükəsizliyin ayrılmaz elementləri
kimi təqdim olunur. Çünki enerji resurslarının etibarlı təchizatı
və malların təhlükəsiz şəkildə daşınmasını təmin edən bağlantılar
olmadan uzunmüddətli regional sabitlik və iqtisadi inkişaf haqqında
danışmaq çətindir. TDT məkanının həm qərbində, həm də şərqində
təşkilatın bağlantılar, nəqliyyat, enerji təhlükəsizliyi və ümumi
təhlükəsizlik sahələrində rolunun artmasına maraq göstərilməsi də
bununla bağlıdır.

Təbii ehtiyatlar da bu mənzərədə mühüm amildir. TDT ölkələri
böyük təbii resurslara malikdir və həmin resurslar dövlətlərin
iqtisadi dayanıqlığının, xalqların rifahının və daha geniş mənada
dünya iqtisadiyyatının təmin olunmasında rol oynayır. Xüsusilə
dövlətlərin sərhədləri boyunca mürəkkəb geosiyasi vəziyyətin mövcud
olduğu bir vaxtda enerji təhlükəsizliyinin əhəmiyyəti daha da
artır.

Azərbaycan bu sistemdə öz coğrafi mövqeyi ilə xüsusi yer tutur.
Ölkə bir tərəfdən dünya bazarlarına enerji resursları çıxaran
dövlət kimi çıxış edir, digər tərəfdən isə Mərkəzi Asiya
ölkələrindən Xəzər dənizi vasitəsilə gələn enerji resurslarının
beynəlxalq bazarlara çatdırılmasında tranzit imkanlarından istifadə
edir. Avropa ilə Asiyanın qovşağında yerləşməsi, Mərkəzi Asiyanın
TDT üzvü olan dövlətləri və Türkiyə ilə sıx qarşılıqlı əlaqələri
Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyi layihələrində
oynadığı rolu daha da artırır.

Bu mənada Azərbaycan üçün nəqliyyat və enerji layihələri sadəcə
iqtisadi layihələr deyil. Onlar həm də TDT məkanının strateji
bağlantılarının möhkəmləndirilməsinə xidmət edən vasitələrdir.

İkitərəfli münasibətlər TDT daxilində çoxtərəfli
birliyin dayağıdır

TDT-nin güclənməsinin digər mühüm istiqaməti üzv ölkələr
arasında ikitərəfli münasibətlərin dərinləşməsidir. Azərbaycan bu
sahədə də fəal siyasət həyata keçirir. Prezident İlham Əliyevin TDT
ölkələrinə çoxsaylı səfərləri və həmin dövlətlərin rəhbərlərinin
Azərbaycana səfərləri qarşılıqlı siyasi dialoqun intensivliyini
göstərir.

Azərbaycan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla
müttəfiqlik haqqında müqavilə və bəyannamələr imzalayıb. Bu
sənədlər ikitərəfli münasibətlərin yüksək siyasi səviyyəsini ifadə
edir və əməkdaşlığın konkret istiqamətlər üzrə inkişaf
etdirilməsinə zəmin yaradır.

İqtisadi sahədə də paralel proses gedir. Azərbaycan Qazaxıstan,
Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb,
qarşılıqlı investisiyaların cəlb olunması və səfərbər edilməsi
istiqamətində iş davam etdirilir. Bu mexanizmlər siyasi
münasibətlərin iqtisadi məzmunla tamamlanmasına imkan verir.

Bu yanaşmanın arxasında Azərbaycanın xarici siyasət
prioritetlərindən biri dayanır. Prezident İlham Əliyevin ifadə
etdiyi kimi, Azərbaycan üçün Türk dünyası ailə məkanıdır və xarici
siyasətin əsas istiqamətlərindən biri məhz bu coğrafiya ilə
münasibətlərin inkişaf etdirilməsidir. Deməli, TDT ilə əməkdaşlıq
Azərbaycanın xarici siyasətində ayrıca və epizodik istiqamət deyil,
daha geniş strateji xəttin tərkib hissəsidir.

Ortaq etnik köklər siyasi və iqtisadi əməkdaşlığı
tamamlayır

TDT-nin digər beynəlxalq təşkilatlardan fərqləndirən
xüsusiyyətlərindən biri onun üzvləri arasında ortaq etnik, tarixi,
mədəni və dil bağlarının mövcudluğudur. Belə təşkilatların
beynəlxalq sistemdə çox geniş yayılmadığını nəzərə alsaq, TDT-nin
malik olduğu mənəvi baza onun mühüm üstünlüklərindən biridir.

Siyasi və iqtisadi maraqlar dövlətlərarası münasibətlərin
əsasını təşkil edə bilər, lakin xalqlar arasında mövcud olan tarixi
və mədəni yaxınlıq bu münasibətləri daha davamlı edir. Ortaq dil
elementləri, mədəni oxşarlıqlar, ümumi etnik köklər və mənəvi
yaxınlıq TDT daxilində həmrəyliyin möhkəmlənməsinə əlavə imkan
yaradır. Bu amillər təşkilatın yalnız hökumətlərarası əməkdaşlıq
mexanizmi deyil, xalqlar arasında əlaqələrin də inkişaf etdiyi
platforma kimi formalaşmasına şərait yaradır.

Bu birlik eyni zamanda TDT-nin gələcək inkişafının ideoloji
dayaqlarından birinə çevrilə bilər. Lakin burada əsas məsələ milli
kimliyin və mənəvi dəyərlərin qorunmasını digər xalqlara qarşı
qarşıdurma kimi deyil, üzv dövlətlərin öz tarixi və mədəni irsinə
bağlılığının möhkəmləndirilməsi kimi həyata keçirməkdir.

Sabitlik TDT məkanının iqtisadi üstünlüklərindən
biridir

Bugünkü beynəlxalq sistemdə sabitlik və təhlükəsizlik yalnız
siyasi məsələ deyil, eyni zamanda iqtisadi inkişafın əsas
şərtlərindəndir. Siyasi və iqtisadi sabitliyin olmadığı ölkəyə
investisiyanın, texnologiyanın və innovasiyanın davamlı şəkildə
gəlməsi çətinləşir. Bu baxımdan TDT məkanında sabitliyin qorunması
təşkilatın inkişaf potensialını artıran amillərdən biridir.

Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi kimi, dünya
miqyasında iqtisadi durğunluq, geriləmə və müxtəlif sosial-iqtisadi
çətinliklər müşahidə olunan bir şəraitdə TDT məkanında sənaye
istehsalının artımı, müsbət iqtisadi göstəricilər və maliyyə
sistemlərinin sabitliyi diqqət çəkir. Bu dinamika üzv dövlətlərin
iqtisadi imkanlarının möhkəmlənməsi baxımından əhəmiyyətlidir.

TDT Baş katibi Kubanıçbek Ömüralıyev də Bakıda keçirilən görüşdə
təşkilat məkanının iqtisadi potensialına dair göstəricilər təqdim
edib. Onun bildirdiyinə görə, TDT məkanında məcmu ÜDM 2,4 trilyon
dollar təşkil edir ki, bu göstərici dünya üzrə təxminən 12-ci yerə
uyğun gəlir. Təşkilatın ticarət dövriyyəsi isə 1,7 trilyon dollar
səviyyəsindədir. Bu rəqəmlər TDT-nin yalnız siyasi və mədəni birlik
deyil, eyni zamanda böyük iqtisadi potensiala malik məkan olduğunu
göstərir.

İqtisadi imkanların siyasi sabitlik, enerji resursları və
nəqliyyat bağlantıları ilə birləşməsi TDT-nin beynəlxalq sistemdə
rolunu artırmaq üçün əlavə zəmin yaradır.

Gənclər məsələsi təhlükəsizliyin uzunmüddətli
ölçüsüdür

TDT-nin gələcəyini müəyyənləşdirən əsas amillərdən biri gənc
nəslin hansı dəyərlərlə formalaşmasıdır. Üzv ölkələrin əhalisinin
nisbətən gənc olması və demoqrafik artımın müşahidə edilməsi
təşkilat üçün mühüm üstünlükdür. Bir sıra ölkələrdə əhalinin
sürətlə azalması ilə bağlı narahatlıqların artdığı bir vaxtda TDT
məkanında əks prosesin müşahidə olunması gələcək üçün əhəmiyyətli
insan kapitalı yaradır.

Lakin demoqrafik üstünlük avtomatik olaraq iqtisadi üstünlük
demək deyil. Əhali artımı fəal iqtisadi siyasət, sosial
infrastrukturun genişləndirilməsi və yeni iş yerlərinin yaradılması
ilə müşayiət olunmalıdır. Əks halda sürətli artım müəyyən iqtisadi
və sosial problemlərə yol aça bilər. Prezident İlham Əliyevin
çıxışında TDT ölkələrində iqtisadi artım və sosial rifahla bağlı
məsələlərin həllinə dair müsbət dinamikanın müşahidə edildiyi
vurğulanıb.

Gənclər məsələsinin başqa bir tərəfi isə milli özünüdərk və
mənəvi dəyərlərdir. TDT ölkələrinin ümumi xüsusiyyətlərindən biri
öz milli və mənəvi prinsiplərinə bağlılıqdır. Gənc nəslin
vətənpərvərlik, milli prinsiplər və mənəvi dəyərlərə sadiqlik
ruhunda yetişdirilməsi bu baxımdan yalnız tərbiyə məsələsi deyil,
dövlətlərin uzunmüddətli sabitliyi ilə əlaqəli strateji
istiqamətdir.

Azərbaycanın gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev
tərəfindən qoyulmuş dövlət siyasəti çərçivəsində formalaşıb.
Gənclərə diqqət və qayğının göstərilməsi, onların inkişafı üçün
şərait yaradılması, cəmiyyətdə yerinin və rolunun gücləndirilməsi,
vətənpərvərlik ruhunun möhkəmləndirilməsi bu siyasətin mühüm
istiqamətlərindəndir.

Bu yanaşmanın TDT səviyyəsində də inkişaf etdirilməsi mümkündür.
Gənclərin yalnız onlar haqqında qəbul edilən qərarların obyekti
kimi deyil, fikir və mövqeləri dinlənilən tərəf kimi proseslərə
cəlb edilməsi vacibdir. Onların rəylərinin öyrənilməsi, müxtəlif
ölkələrdən olan gənclərin bir araya gətirilməsi və qarşılıqlı
əlaqələrinin genişləndirilməsi təşkilatın gələcək sosial bazasını
möhkəmləndirə bilər.

Təhlükəsizlik anlayışı artıq yalnız hərbi
təhlükələrlə məhdudlaşmır

TDT-nin təhlükəsizlik gündəliyinin genişlənməsi Azərbaycanın
gündəliyində xüsusi yer tutur. Ətraf regionlarda müharibələrin
davam etməsi, onların coğrafiyasının genişlənməsi və
qarşıdurmaların daha açıq xarakter alması regional təhlükəsizlik
məsələsini aktuallaşdırır. Azərbaycan baxımından bu reallıq
xüsusilə əhəmiyyətlidir. Ölkənin həm şimalında, həm də cənubunda
müharibə aparan dövlətlərin olması təhlükəsizlik mühitinin
həssaslığını artırır.

Belə vəziyyətdə TDT ölkələrinin təhlükəsizlik strukturları
arasında əlaqələndirmənin gücləndirilməsi zərurəti ortaya çıxır.
Məlumat mübadiləsi, xüsusilə operativ informasiya mübadiləsi, birgə
fəaliyyət, mövcud təhdidlərə qarşı koordinasiya və mümkün risklərin
əvvəlcədən müəyyənləşdirilərək qarşısının alınması təhlükəsizlik
sisteminin əsas elementlərinə çevrilməlidir.

Bakıda keçirilən Təhlükəsizlik Şuralarının beşinci iclasının
gündəliyi də bu baxımdan təsadüfi deyil. Təhlükəsizlik qurumlarının
bir araya gəlməsi yalnız mövcud problemlərin müzakirəsinə deyil,
həm də müxtəlif ölkələrin təcrübəsinin müqayisəsinə, zəif
nöqtələrin müəyyən edilməsinə və təhlükələrin qarşısının alınması
mexanizmlərinin təkmilləşdirilməsinə imkan yaradır.

TDT Baş katibinin açıqladığı məlumata əsasən, qısa müddət
ərzində təşkilat məkanında təhlükəsizlik və digər istiqamətlər üzrə
bir sıra yüksəksəviyyəli görüşlərin keçirilməsi də bu gündəliyin
genişləndiyini göstərir. Qazaxıstanın paytaxtı Astanada daxili
işlər nazirlərinin, Türküstanda baş prokurorların görüşləri
keçirilib, Bakıdakı görüşdən iki gün əvvəl dini liderlər Prezident
İlham Əliyev tərəfindən qəbul olunub, oktyabrın 1-də isə müdafiə
sənayesi rəhbərlərinin görüşünün keçirilməsi nəzərdə tutulub. TDT
çərçivəsində xarici siyasətdən mədəniyyətə qədər 63 mexanizm və
platformanın fəaliyyət göstərdiyi də bildirilib.

Bu rəqəm və tədbirlər TDT əməkdaşlığının artıq yalnız dövlət
başçılarının görüşləri ilə məhdudlaşmadığını, müxtəlif dövlət
qurumları arasında çoxsəviyyəli qarşılıqlı fəaliyyət
mexanizmlərinin formalaşdığını göstərir.

İdeoloji təhlükələr yeni təhlükəsizlik gündəliyi
yaradır

Müasir dövrdə dövlətlərin təhlükəsizliyinə yönələn təhdidlər
yalnız sərhədlərin pozulması və ya fiziki hücumlarla məhdudlaşmır.
İnformasiya məkanı, media, sosial platformalar və müxtəlif
kommunikasiya kanalları vasitəsilə həyata keçirilən ideoloji
təsirlər də dövlətlərin daxili sabitliyinə təsir göstərə bilər.

Prezident İlham Əliyevin çıxışında bu təhlükələrə qarşı birgə
mübarizənin vacibliyi vurğulanır. Burada söhbət ölkələrin və
xalqların maraqlarına zidd ideoloji təxribatların qarşısının
alınmasından gedir. Xüsusilə dövlət sərhədlərindən uzaqda yerləşən
mərkəzlərdən maliyyələşdirildiyi bildirilən media strukturları
vasitəsilə həyata keçirilən təsirlər diqqətə çatdırılır. Prezident
İlham Əliyevin təqdim etdiyi yanaşmaya görə, bu cür maliyyələşmə
dövlət quruluşunun sarsıdılması, ictimai həmrəyliyin pozulması və
cəmiyyətə yad narrativlərin və dəyərlərin aşılanması məqsədlərinə
xidmət edə bilər.

Azərbaycanın mövqeyinə görə, bu cür risklərə qarşı mübarizə
milli maraqların və konstitusiya quruluşunun qorunması kontekstində
aparılmalıdır. Prezident İlham Əliyev Azərbaycanda bu istiqamətdə
fəal mübarizənin aparıldığını və mühüm nəticələr əldə edildiyini
bildirib.

Azərbaycan daxilində milli maraqlara zidd fəaliyyət göstərən,
xaricdən idarə olunduğu və maliyyələşdirildiyi bildirilən antimilli
şəbəkələrin cəmiyyətin böyük hissəsi tərəfindən qəbul edilmədiyi də
çıxışda qeyd olunub. Burada əsas məqam ondan ibarətdir ki, milli
dəyərlərə, ənənələrə və həyat tərzinə bağlılıq Azərbaycan
cəmiyyətində aparıcı tendensiya kimi təqdim olunur.

Lakin təhlükələrin mövcudluğu ilə mübarizə aparılması onların
tamamilə aradan qalxdığı anlamına gəlmir. Əksinə, sabitliyi pozmaq
cəhdlərinin davam edə biləcəyi nəzərə alınaraq preventiv
mexanizmlər daim gücləndirilməlidir.

Əsas hədəf gənclərin informasiya və ideoloji
təhlükələrdən qorunmasıdır

İdeoloji təhlükəsizlik məsələsində gənclər xüsusi həssas qrup
kimi nəzərdən keçirilir. Prezident İlham Əliyevin çıxışında qeyd
olunduğu kimi, xaricdən dövlət maraqlarının sarsıdılmasına yönələn
fəaliyyətlərin əsas hədəflərindən biri hələ formalaşma mərhələsində
olan və manipulyasiyaya daha açıq gənc nəsildir. Buna görə də TDT
çərçivəsində gənclər siyasətinə yalnız sosial və mədəni əməkdaşlıq
kimi deyil, uzunmüddətli təhlükəsizlik məsələsi kimi yanaşmaq
mümkündür.

Bu istiqamətdə TDT-yə üzv dövlətlərin gənclər təşkilatları
arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, müntəzəm
forumların, konfransların və digər tədbirlərin keçirilməsi təklif
olunur. Məqsəd müxtəlif ölkələrdən olan gənclərin bir-biri ilə
birbaşa ünsiyyət qurmasına, ortaq tarix və mədəniyyət haqqında
biliklərinin artmasına və qohum xalqlara münasibətin yeni nəsildə
də qorunmasına şərait yaratmaqdır.

Belə yanaşma yalnız ideoloji təsirlərə cavab vermək vasitəsi
deyil. Eyni zamanda TDT-nin gələcək siyasi, iqtisadi və sosial
əlaqələrinin insan kapitalını formalaşdıran uzunmüddətli
mexanizmdir. Gənclərin bir-birini daha yaxından tanıması gələcəkdə
biznes, elm, təhsil, texnologiya, mədəniyyət və digər sahələrdə
əməkdaşlıq üçün sosial baza yarada bilər.

TDT üçün yeni mərhələ: mövcud imkanları real gücə
çevirmək

TDT ölkələrinin qarşısında duran vəzifə yalnız mövcud imkanları
sadalamaq deyil, həmin imkanları koordinasiyalı siyasət vasitəsilə
real nəticələrə çevirməkdir. Enerji resursları, nəqliyyat
dəhlizləri, əlverişli coğrafi mövqe, iqtisadi potensial, gənc
əhali, ortaq tarixi-mədəni irs və siyasi iradə bir-birindən ayrı
üstünlüklər kimi deyil, vahid strateji sistemin elementləri kimi
nəzərdən keçirilə bilər.

Azərbaycanın bu prosesdə mövqeyi xüsusilə diqqət çəkir. Ölkə həm
enerji istehsalçısı və tranzit dövlətdir, həm Avropa ilə Asiyanın
qovşağında yerləşir, həm Mərkəzi Asiya ölkələri və Türkiyə ilə fəal
əməkdaşlıq edir, həm də TDT daxilində müxtəlif siyasi və
institusional təşəbbüslərlə çıxış edir.

Qazaxıstan tərəfinin də Bakıdakı görüşdə Trans-Xəzər
infrastrukturunun inkişafı və Orta Dəhlizin əhəmiyyətinə diqqət
yetirməsi bu istiqamətin praktiki əhəmiyyətini göstərir. Qazaxıstan
Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva Azərbaycanla
iqtisadi əməkdaşlığın, Trans-Xəzər infrastrukturunun və Xəzər
dənizinin dibi ilə optik-lif rabitəsinin yaradılmasını nəzərdə
tutan layihənin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev isə
optik-lif kabel layihəsinin artıq açılışa yaxın olduğunu və onun
həm Azərbaycan-Qazaxıstan münasibətləri, həm daha geniş coğrafiya,
o cümlədən TDT məkanı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Bu faktlar TDT əməkdaşlığının yalnız siyasi bəyanatlar
səviyyəsində qalmadığını, real infrastruktur layihələri ilə də
möhkəmləndiyini göstərir.

Müstəqillik təcrübəsi ortaq siyasi yaddaş
formalaşdırır

TDT ölkələrinin əhəmiyyətli hissəsinin müasir dövlətçilik
tarixində müstəqilliyin bərpası nisbətən yeni mərhələdir. Prezident
İlham Əliyevin diqqət çəkdiyi kimi, qədim dövlətçilik tarixini
nəzərə almasaq, təşkilata üzv ölkələrin böyük hissəsinin müasir
dövlətçiliyinin yaşı təxminən 35 ildir. Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini bərpa edib, eyni dövrdə Qazaxıstan,
Qırğızıstan və Özbəkistan da yenidən müstəqillik əldə edib.

Bu ölkələrin hər birinin müstəqillikdən sonrakı inkişaf yolunda
özünəməxsus çətinlikləri olub. Azərbaycan da mürəkkəb sınaqlardan
keçib. Bununla belə, Prezidentin çıxışında vurğulandığı kimi, bu
mərhələ həm çətin, həm də şərəfli olub və ölkələr ən mürəkkəb
sınaqlardan çıxaraq bu gün qarşılarında duran qlobal problemlərin
böyük hissəsini arxada qoymuş vəziyyətdədirlər.

Bu təcrübə TDT daxilində siyasi həmrəyliyin başqa bir əsasını
formalaşdırır. Dövlətçilik tarixinin, müstəqilliyin və milli
suverenliyin qorunmasının əhəmiyyəti təşkilatın üzv dövlətləri üçün
ortaq siyasi yaddaşın mühüm elementidir.

Azərbaycanın yanaşması: təhlükəsizlik və inkişaf
bir-birindən ayrılmazdır

Prezident İlham Əliyevin TDT ilə bağlı çıxışının ümumi məntiqi
bir-birini tamamlayan iki istiqaməti önə çıxarır: təhlükəsizlik və
inkişaf. Təhlükəsizlik olmadan iqtisadi inkişaf, investisiya,
texnologiya və innovasiya üçün dayanıqlı mühit yaratmaq mümkün
deyil. Eyni zamanda iqtisadi imkanların genişlənməsi, nəqliyyat və
enerji bağlantılarının güclənməsi də dövlətlərin və cəmiyyətlərin
sabitliyini möhkəmləndirən amillərdir.

Bu səbəbdən Azərbaycanın TDT çərçivəsində irəli sürdüyü yanaşma
yalnız siyasi və təhlükəsizlik gündəliyinə deyil, iqtisadi və
humanitar komponentlərə də əsaslanır. Təşkilatın beynəlxalq
nüfuzunun artırılması, enerji və nəqliyyat dəhlizlərinin
gücləndirilməsi, ikitərəfli münasibətlərin dərinləşdirilməsi,
qarşılıqlı investisiyaların artırılması, gənclər arasında
əlaqələrin genişləndirilməsi və ideoloji təhdidlərə qarşı
koordinasiyanın gücləndirilməsi eyni strateji mənzərənin müxtəlif
istiqamətləridir.

Bakının son günlərdə TDT-nin dini liderlərini və təhlükəsizlik
üzrə yüksək vəzifəli şəxslərini qəbul etməsi də bu yanaşmanın
praktik ifadəsidir. Təşkilatın gündəliyi getdikcə genişlənir və
müxtəlif sahələr üzrə mexanizmlər bir-birini tamamlayır. TDT Baş
katibinin bildirdiyi kimi, hazırda xarici siyasətdən mədəniyyətə
qədər 63 mexanizm və platforma mövcuddur və bu platformalarda
yalnız görüşlər keçirilmir, konkret qərarlar qəbul edilir,
liderlərin qarşıya qoyduğu tapşırıqlar həyata keçirilir.

Qarşıdakı əsas vəzifə: potensialı aparıcı beynəlxalq
gücə çevirmək

TDT-nin qarşısında indi daha mürəkkəb mərhələ dayanır.
Təşkilatın malik olduğu siyasi, iqtisadi, coğrafi, enerji,
nəqliyyat və insan kapitalı potensialı onun beynəlxalq sistemdə
daha böyük rol oynaması üçün ciddi baza yaradır. Lakin bu
potensialın real gücə çevrilməsi üçün üzv ölkələr arasında
koordinasiya, qarşılıqlı etimad və konkret layihələr üzərində
davamlı əməkdaşlıq tələb olunur.

Azərbaycan bu prosesdə özünü yalnız üzv dövlətlərdən biri kimi
deyil, həm də təşəbbüslərin irəli sürüldüyü, müxtəlif formatlarda
dialoqun təşkil olunduğu və enerji-nəqliyyat imkanlarının TDT
məkanını birləşdirən əsas həlqələrdən birinə çevrildiyi ölkə kimi
təqdim edir.

Bu baxımdan Azərbaycanın mövqeyi aydındır: Türk dünyası ilə
əlaqələrin inkişafı xarici siyasətin əsas prioritetlərindən biridir
və TDT bu siyasətin çoxtərəfli institusional platformasıdır.
Təşkilatın gücləndirilməsi Azərbaycanın yalnız milli maraqlarına
deyil, üzv dövlətlərin ümumi maraqlarına uyğun istiqamət kimi
təqdim olunur.

Nəticədə TDT-nin gələcəyi yalnız onun üzvlərinin ümumi tarixi və
mədəni yaxınlığından deyil, bu yaxınlığın müasir dövlətçilik,
iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları
və kollektiv təhlükəsizlik mexanizmlərinə nə dərəcədə
çevriləcəyindən asılı olacaq. Azərbaycanın irəli sürdüyü yanaşma
məhz bu keçidi təmin etməyə yönəlib.

Prezident İlham Əliyevin çıxışında ifadə olunan əsas xətt bundan
ibarətdir ki, TDT ölkələri geniş coğrafiyada ortaq maraqlara, böyük
iqtisadi və enerji potensialına, mühüm nəqliyyat imkanlarına, gənc
əhaliyə, tarixi-mədəni yaxınlığa və siyasi əməkdaşlıq iradəsinə
malikdir. Bu resursların koordinasiyası təşkilatın beynəlxalq
mövqeyini daha da möhkəmləndirə bilər.

Qarşıda duran məqsəd isə konkret şəkildə müəyyənləşir: Türk
Dövlətləri Təşkilatını birgə səylər hesabına aparıcı beynəlxalq
institutlardan birinə çevirmək. Azərbaycanın bu prosesdəki mövqeyi
həm təşəbbüskarlıq, həm etibarlı tərəfdaşlıq, həm də regional və
beynəlxalq əməkdaşlıq üçün platforma təqdim etmək üzərində qurulur.
Bakıdakı ardıcıl görüşlər, Şuşada başladılan qeyri-rəsmi Zirvə
formatı, enerji və nəqliyyat layihələri, ikitərəfli müttəfiqlik
münasibətləri, investisiya fondları və təhlükəsizlik sahəsində
artan koordinasiya göstərir ki, bu məqsəd üçün artıq geniş
institusional və praktiki baza formalaşıb.