
Bakı. Trend:
Sentyabrın 17-də Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi
Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib. Görüşdə
Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və
inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və
kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə
olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində
əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya
arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını
qeyd edib. Bu çərçivədə, Azərbaycanın əlverişli coğrafi mövqeyinin,
müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli
və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.
Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat
infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının
imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatı
bağlantılarının təkmilləşdirilməsi istiqamətində görülən işlər
barədə məlumat verilib.
Orta Dəhlizin potensialının daha da artırılması, marşrut üzrə
yükdaşımaların həcminin genişləndirilməsi, tranzit prosedurlarının
sadələşdirilməsi və rəqəmsallaşdırılması, habelə iştirakçı ölkələr
arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi
vurğulanıb.
Tərəflər həmçinin regional nəqliyyat bağlantılarının inkişafı
imkanları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzularda fikir
mübadiləsi aparıblar.

