Sabirabadda qapalı məkanda saxlanılan quşlar aşkarlanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq
çərçivəsində Sabirabad rayonunda fəaliyyət göstərən, fiziki şəxs
Piriyev Zöhrab Mehman oğluna məxsus “İZ” ailəvi restoranında 2 baş
tovuzquşu, 3 baş qırqovul, 15 baş göyərçinin baytar nəzarəti
olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.

Trend
xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, sahibkarlıq subyektinə quşların xüsusi mühafizə
olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab
verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə
təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya
tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara
əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər
görüləcəyi bildirilib.




Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə
müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və
nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və
quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və
bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.

Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və
qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa,
Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.