
Bakı. Trend:
ABŞ İranla münaqişə zamanı həddindən artıq çox silah-sursat sərf
edib və bununla da özünü çətin vəziyyətə salıb. Bu barədə ABŞ-ın
keçmiş dövlət katibi (2009–2013) Hillari Klinton Hamptons
İnstitutunda keçirilən tədbirdə bildirib.
“Biz İranda o qədər çox döyüş sursatı sərf etmişik və əlbəttə
ki, [döyüş sursatının] böyük hissəsini [Fars] körfəzindəki
müttəfiqlərimizə də göndərmişik. Beləliklə, çətin vəziyyətdəyik,
çünki gözlənilməz təhdidlərə adekvat cavab verə bilməyəcəyik
<…>. Özümüzü dərin bir çuxura salmışıq”, — deyə o
bildirib.
Bundan əvvəl ABŞ mediası İranla münaqişə fonunda ABŞ-ın silah
ehtiyatlarının rekord dərəcədə aşağı səviyyəyə çatdığını yazmışdı.
Söhbət “Patriot” hava hücumundan müdafiə sistemləri üçün
raketlərdən, THAAD kompleksləri üçün raket-interseptorlardan,
uzaqmənzilli ATACMS və PrSM raketlərindən gedir.
Avqustun 5-də The Washington Post mənbələrə istinadən
yazıb ki, Tramp iyulun 31-də Pentaqonun rəhbəri Pit Heqsetdən
ABŞ-ın İranla qarşıdurmada silah çatışmazlığı məsələsində
prezidentə niyə yanlış məlumat verdiyini izah etməsini tələb edib.
Nəşrin qeyd etdiyi kimi, bu mübahisə ABŞ prezidentinin Pentaqon
rəhbərinə qarşı “getdikcə artan narazılığından” xəbər verib. Daha
sonra Tramp Heqsetin fəaliyyətindən narazı olduğunu təkzib
edib.

