Miqrasiya və urbanizasiya artıq ayrı-ayrılıqda idarə oluna bilməz – Uqoçi Daniels

Baş səhifə

Bakı.Trend:

Miqrasiya və urbanizasiya artıq ayrı-ayrılıqda idarə oluna
bilməz və bu proseslər bir-biri ilə sıx bağlıdır.

Trend xəbər
verir ki, bu fikirləri Beynəlxalq Miqrasiya Təşkilatının Baş
direktorunun müavini Uqoçi Daniels WUF13 çərçivəsində “Miqrasiya və
şəhərlər: Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi”
mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, bugünkü müzakirələr iki həftə əvvəl Nyu-Yorkda
keçirilən Beynəlxalq Miqrasiya İcmal Forumunda aparılan qlobal
dialoqun davamıdır.

“Bu gün miqrasiya getdikcə daha çox urban xarakter alır. Bu
proses iqlim dəyişiklikləri, münaqişələr, demoqrafik dəyişikliklər
və davam edən bərabərsizliklər fonunda formalaşır”, – deyə o qeyd
edib.

U.Daniels bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının 2026-cı
il üzrə Dünya Miqrasiya Hesabatına əsasən, hazırda dünyada 304
milyon beynəlxalq miqrant yaşayır.

“Bu, dünya əhalisinin təxminən 3,7 faizini təşkil edir. Onların
iqtisadi və sosial töhfəsi isə saylarından daha böyükdür”, – deyə o
vurğulayıb.

O qeyd edib ki, hazırda dünya əhalisinin 55 faizindən çoxu
şəhərlərdə yaşayır və bu göstəricinin gələcəkdə 68 faizə çatacağı
gözlənilir.

“Məhz buna görə Beynəlxalq Miqrasiya Təşkilatı olaraq
Azərbaycanda Dövlət Miqrasiya Xidməti ilə əməkdaşlıq bizim üçün
xüsusi əhəmiyyət daşıyır. Şəhərlər miqrasiya idarəçiliyinin ön
xəttinə çevrilir”, – deyə Baş direktorun müavini əlavə edib.

U.Daniels bildirib ki, miqrantlar əsasən iş yerlərinin,
xidmətlərin və imkanların cəmləşdiyi şəhərlərdə məskunlaşırlar.

“Lakin eyni zamanda şəhərlərdə mənzil, infrastruktur, ictimai
xidmətlər və sosial həmrəylik üzərində təzyiqlər də artır”, – deyə
o qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.