Maka Boçorişvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Baş səhifə
Maka Boçorişvili: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.

O, bildirib ki, rəsmi Tbilisi Vaşinqton ilə münasibətləri yaxşılaşdırmaq istəyir.

“Biz istəyirik ki, ABŞ ilə strateji tərəfdaşlıq müəyyən məzmunlu olsun. Tbilisi Gürcüstan-Amerika münasibətlərini yaxşılaşdırmaq arzusundadır və bunun üçün hər şeyi edəcək”, – nazir “Rustavi 2” telekanalına müsahibəsində deyib.

M.Boçorişvilinin sözlərinə görə, Bayden administrasiyası dövründə iki ölkə arasında münasibətlərdə müəyyən gərginliklər müşahidə olunsa da, Gürcüstan bu əlaqələri müsbət istiqamətdə bərpa etməyə hazırdır:

“Çox təəssüf edirik ki, münasibətlər əvvəlki səviyyədən uzaqlaşıb. Lakin Gürcüstan bu əlaqələri müsbət kontekstdə bərpa etmək üçün bütün səylərini göstərəcək”.

Nazir həmçinin qeyd edib ki, Vaşinqtonun Tbilisiyə münasibətdə hansı maraqlara üstünlük verdiyi aydın olmalıdır: “Bizim üçün vacibdir ki, ABŞ-nin Gürcüstanla münasibətlərdə hansı məqsədləri güddüyü aydın olsun. Biz bu münasibətlərin qarşılıqlı hörmət və real əməkdaşlıq prinsiplərinə əsaslanmasını istəyirik”.