Bakı. Trend:
Əvvəlcə tropik fırtına kimi formalaşan “Lala” Havay adalarının
Böyük adasına yaxınlaşarkən qasırğaya çevrilib.
Bu barədə ABŞ Milli Qasırğa Mərkəzi məlumat yayıb.
Məlumata görə, “Lala”nın maksimal sabit küləyinin sürəti saatda
120 kilometrə çatıb. Bununla da fırtınaya Saffir-Simpson şkalası
üzrə birinci kateqoriya qasırğa statusu verilib.
Milli Qasırğa Mərkəzinin məlumatında bildirilir ki, “Lala” Böyük
adaya yaxınlaşarkən güclü külək və intensiv yağışlar gətirir. ABŞ
Milli Meteoroloji Xidməti təhlükəli dalğalanma və ayrı-ayrı
ərazilərdə daşqın riski barədə xəbərdarlıq edib.
Böyük adanın Cənub burnu yaxınlığında, dəniz səviyyəsindən 168
metr yüksəklikdə yerləşən müşahidə məntəqəsində saatda 66 kilometr
sürətlə sabit külək və 102 kilometrədək çatan külək şiddəti qeydə
alınıb.
Havay Nəqliyyat Departamenti “Lala” qasırğası ilə əlaqədar Hilo
Beynəlxalq Hava Limanının fəaliyyətini dayandırıb.

