
Bakı. Trend:
Kanada hökuməti son bir il ərzində ABŞ tərəfindən ölkəyə mümkün
hərbi müdaxilə ehtimalı ilə bağlı hazırlıq tədbirləri görüb.
Bunu Kanadanın Baş naziri Mark Karni “The New York Times”
qəzetinə müsahibəsində bildirib.
Karni qeyd edib ki, Kanada hakimiyyəti belə bir ssenarinin
reallaşma ehtimalını olduqca aşağı qiymətləndirib. Bununla belə,
onun sözlərinə görə, dövlət rəhbərləri başvermə ehtimalı çox az
olan fövqəladə riskləri belə nəzərdən keçirməlidirlər.
“Düşünürəm ki, bu vəzifələri tutan şəxslər hətta baş vermə
ehtimalı son dərəcə aşağı olan fövqəladə riskləri də
qiymətləndirməlidirlər”, — deyə Karni bildirib.
Baş nazir vurğulayıb ki, söhbət ABŞ-ın Kanadaya müdaxiləsinin
əsas ssenari kimi qəbul edilməsindən getmir. “Bu, sadəcə risklərin
izlənilməsidir. Bu, əsas ssenari deyil, lakin buna hazırlaşmamaq
məsuliyyətsizlik olardı”, — deyə o əlavə edib.
Karni ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci
ştatına çevirmək niyyəti ilə bağlı açıqlamalarını da şərh edib.
Eyni zamanda, Kanada ABŞ-ın “Starlink” peyk rabitə sistemindən
asılılığını azaltmağı planlaşdırır.
“Starlink məsələsində, şübhəsiz ki, diversifikasiya həyata
keçirəcəyik”, — deyə Kanada Baş naziri bildirib.
Onun sözlərinə görə, Ottava bu istiqamətdə Avropa ölkələri və
Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi nəzərdə tutur.
“The New York Times”ın məlumatına görə, Kanada hökuməti ABŞ
istehsalı olan 88 ədəd F-35 qırıcısının alınması planlarına da
yenidən baxır. Ottava alternativ olaraq Avropa istehsalçılarından
hərbi təyyarələrin alınması imkanını nəzərdən keçirir.
Karni qlobal maliyyə sisteminin böyük ölçüdə ABŞ dollarından
asılılığını da qeyri-sabit vəziyyət kimi qiymətləndirib. Bununla
belə, Kanada Baş naziri Donald Trampla münasibətlərini müsbət
dəyərləndirib.
“Mənim fikrimcə, münasibətlərimiz yaxşıdır. Biz bir-birimizə
zəng edib müxtəlif məsələləri müzakirə edə bilirik”, — deyə Karni
bildirib.

