Husilər Səudiyyə Ərəbistanının Yəməndəki mövqelərinə zərbələr endiriblər

Baş səhifə

Bakı. Trend:

Yəməndəki “Ənsar Allah” hərəkatının husilərdən ibarət silahlı
qüvvələri Səudiyyə Ərəbistanı qüvvələrinin Moxa şəhəri ərazisində
və Mərib əyalətindəki mövqelərinə ballistik raketlər və pilotsuz
uçuş aparatları ilə zərbələr endirib.

Bu barədə üsyançıların hərbi nümayəndəsi Yəhya Səriə
bildirib.

“Silahlı qüvvələrimiz Moxa ərazisində və Mərib əyalətindəki
Tadavin düşərgəsində Səudiyyə qüvvələrinin, onların silah
anbarlarının və qərargahlarının yerləşdiyi ərazilərə çoxsaylı
ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə
zərbələr endirib”, – deyə o bildirib.




Üsyançıların iddiasına görə, hücum nəticəsində “onlarla insan, o
cümlədən Səudiyyə vətəndaşları həlak olub və yaralanıb”.

Səriə vurğulayıb ki, husilər münaqişənin gərginləşdirilməsinə
çalışdığını iddia etdiyi Səudiyyə qüvvələrinə qarşı hərbi
əməliyyatları davam etdirmək niyyətindədir.

Bundan əlavə, üsyançılar Ər-Riyadın rəhbərlik etdiyi ərəb
koalisiyasının tərəfində döyüşən yəmənliləri silahlarını yerə
qoymağa və qarşı tərəfin sıralarını tərk etməyə çağırıblar.