
Bakı.Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə kapital
bazarının inkişafı üzrə layihəyə start verib.
AİB-in məlumatında bildirilir ki, proqram Azərbaycan,
Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Çin, Türkiyə,
Özbəkistan və digər ölkələr də daxil olmaqla, Asiya-Sakit Okean
regionunun 43 ölkə və iqtisadiyyatını əhatə edir.
Qeyd olunur ki, layihənin həyata keçirilməsi üçün Texniki Yardım
üzrə Xüsusi Fondun (Technical Assistance Special Fund) vəsaiti
hesabına 225 min ABŞ dolları məbləğində maliyyələşdirmə nəzərdə
tutulub.
Bankın məlumatına görə, proqram iştirakçı ölkələrdə kapital
bazarlarının inkişafına dəstək göstərilməsinə yönəlib.
AİB-in 2015-2024-cü illər üzrə məlumatına əsasən, Azərbaycan 10
layihə üzrə 2,53 milyard dollar məbləğində suveren maliyyələşdirmə
əldə edib. Bu məbləğin 51 faizi regional əməkdaşlıq və inteqrasiya
layihələrinə yönəldilib ki, bu da müvafiq qrup ölkələri arasında ən
yüksək göstəricilərdən biridir. Daha 39 faiz özəl sektorun
inkişafına, 18 faiz iqlim maliyyələşdirilməsinə, 10 faiz isə
rəqəmsal texnologiyalar sahəsində təşəbbüslərə ayrılıb.
2015-2024-cü illərdə bank ümumi məbləği 963,9 milyon dollar olan
doqquz qeyri-suveren layihəni təsdiqləyib və maliyyələşdirmənin 100
faizi özəl sektorun inkişafına yönəldilib. Qeyd edək ki,
öhdəliklərin ümumi həcminin 78 faizi regional əməkdaşlıq və
inteqrasiya ilə bağlı olub. Bu, AİB tərəfindən nəzərdən keçirilən
yuxarı-orta gəlir səviyyəsinə malik müqayisə olunan ölkələr
arasında ən yüksək göstəricidir.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, cari ilin birinci
rübündə AİB-in ölkə iqtisadiyyatına birbaşa investisiyalarının
həcmi 2,075 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin
müvafiq dövrünün səviyyəsini 455 min ABŞ dolları və ya 28,1 faiz
üstələyir.

