
Bakı. Trend:
“Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər
cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya
ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm
fiziki aktivlik tövsiyə olunur”.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında
keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva
açıqlayıb.
Onun sözlərinə görə, açıq havada gəzinti hamiləlik zamanı ən sadə,
təhlükəsiz və faydalı fəaliyyət növlərindən biridir: “Gündəlik
30–45 dəqiqəlik templi gəzinti toxumaların oksigenlə təmin
olunmasını yaxşılaşdırır, həzm sisteminin fəaliyyətini tənzimləyir
və qan dövranına müsbət təsir göstərir. Hamilə qadınlar üçün
üzgüçülük, xüsusi gimnastika, hamilə yoqası və pilates uyğun idman
növləri hesab olunur. Bu fəaliyyətlər əzələləri gücləndirir,
onurğaya düşən yükü azaldır və doğuşa hazırlıq prosesinə kömək
edir. Lakin qarın nahiyəsinə zərbə riski yaradan kontakt idman
növləri, at sürmə və kəskin tullanmalar tövsiyə edilmir”.
R.İsayeva bildirib ki, oturaq həyat tərzi isə hamiləlik zamanı
müəyyən riskləri artıra bilər:
“Hamiləlik dövründə qan laxtalanma sistemi fizioloji olaraq daha
aktiv vəziyyətə keçir. Uzun müddət hərəkətsiz qalmaq aşağı
ətraflarda qan durğunluğuna, varikoz genişlənməsinə və
tromboemboliya riskinin yüksəlməsinə səbəb ola bilər. Bundan əlavə,
kifayət qədər hərəkət etməyən qadınlarda həddindən artıq çəki
artımı, hestasion diabet və doğuş fəaliyyətinin zəifləməsi daha çox
müşahidə olunur. Sağlam gələcək ana bətnində formalaşır. Qadının
hamiləlik dövründə qidalanmasına, fiziki aktivliyinə və gündəlik
rejiminə göstərdiyi diqqət dünyaya gələcək körpənin sağlam inkişafı
üçün ən mühüm amillərdən biridir”.

