Gemini rekord qırdı – 1 milyard istifadəçiyə çatdı

Baş səhifə

Google-un süni intellekt əsaslı Gemini tətbiqi aylıq 1 milyard aktiv istifadəçi sayını keçib. Şirkətin açıqlamasına görə, Gemini bu göstəriciyə çatan və Google tarixində ən sürətli böyüyən məhsullardan birinə çevrilən tətbiqlərdən biridir. Bu rəqəm süni intellekt alətlərinin gündəlik həyatdakı rolunun nə qədər sürətlə artdığını göstərir. Bəs insanlar Gemini-dən daha çox hansı məqsədlərlə istifadə edir və bu qədər geniş yayılmasının əsas səbəbi nədir?

Məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasov Modern.az-a açıqlama verib:

“Google-un Gemini tətbiqinin aylıq 1 milyard aktiv istifadəçi həddini keçməsi rəqəmsal ekosistemdə generativ süni intellektin kütləviləşməsinin ən bariz göstəricisidir. Bu sürətli artımın arxasında platformanın gündəlik tapşırıqlardakı çoxfunksiyalılığı dayanır. İnsanlar Gemini-dən adətən e-poçtların və yaradıcı mətnlərin yazılmasında, böyük həcmli sənədlərin anında analiz edilərək xülasə olunmasında və proqramlaşdırma zamanı kod xətalarının tapılmasında fəal istifadə edirlər. Eyni zamanda mürəkkəb elmi konsepsiyaların sadə dildə izah edilməsi, xarici dillərin öyrənilməsi və fərdi səyahət marşrutlarının planlaşdırılması da əsas istifadə ssenariləri sırasındadır”.

“Tətbiqin bu qədər qısa zamanda qlobal miqyasda geniş yayılmasının əsas səbəbi isə Google-un mövcud nəhəng ekosisteminə dərin inteqrasiyasıdır. Gemini-nin Android əməliyyat sisteminə, Gmail, Google Docs və Drive kimi milyardlarla insanın istifadə etdiyi alətlərə birbaşa inteqrasiya olunması istifadəçilərin əlavə tətbiq axtarmadan bu texnologiyaya anında çıxışını təmin etmişdir. Bununla yanaşı, modelin mətn, səs və təsvirlə eyni anda işləyə bilən multimodal qabiliyyəti, real vaxt rejimində internetdən yenilənmiş məlumatları çəkmək imkanı və çoxdilli dəstəyi onun qlobal istifadəçi bazasını kütləvi şəkildə genişləndirmişdir” – o, deyib.

Nicat Rüstəm