
Bakı.Trend:
ABŞ-nin başlıca məqsədi İranın heç bir halda nüvə silahına malik
olmamasını təmin etməkdir.
Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial
şəbəkə hesabında bildirib.
“Bir nömrəli məqsəd bundan ibarətdir və həmişə belə olacaq: İran
heç bir halda, heç bir şəkildə və heç bir formada nüvə silahına
malik ola bilməz”, – deyə o, “Truth Social” platformasında
yazıb.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik
iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və
Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq,
Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə
İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ
Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını
bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər,
Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr
endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının
bağlandığını bildirir.

