Azərbaycandan neft bitumu və neft koksu ixracı artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 59,921 milyon ABŞ
dolları dəyərində 151,1 min ton ton neft koksu ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilib.

Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 25 milyon ABŞ dolları və ya 71,6%, həcm
baxımından isə 38,6 min ton və ya 34,3% çoxdur.

Eyni zamanda bu ilin ilk 7 ayında Azərbaycandan 2,880 milyon ABŞ
dolları dəyərində 9,768 min ton neft bitumu ixrac edilib. Ötən ilin
eyni dövrü ilə müqayisədə sözügedən məhsulun ixracının dəyəri 1,8
milyon ABŞ dolları və ya 2,7 dəfə, həcmi isə 5,7 min ton və ya 2,4
dəfə artıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin
yanvar-iyun aylarında Azərbaycanda 354,9 min ton neft koksu, neft
bitumu və neft məhsullarının digər qalıqları istehsal edilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 44,6 min ton və ya 11,2% azdır.

Bu ilin iyulun 1-i vəziyyətinə ölkədə hazır sözügedən
məhsulların ehtiyatı 61,2 min ton təşkil edib.




Hesabat dövründə Azərbaycanda 60,1 min ton neft bitumu, 118,9
min ton isə neft koksu istehsal edilib. Ötən ilin ilk 6 ayındakı
göstərici ilə müqayisədə ölkədə neft bitumu istehsalı 55,2 min ton
və ya 47,9% azalıb, neft koksu istehsalı isə 13,6 min ton və yaxud
12,9% artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının
istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 565,8 milyon
manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz
azalıb.

Azərbaycanda neft hasilatının sabit saxlanılması və uzunmüddətli
perspektivdə artırılması istiqamətində bir sıra iri layihələr
həyata keçirilir. Xüsusilə ölkənin əsas neft yataqlarının operatoru
olan bp hasilatın səmərəliliyinin artırılması üçün yeni investisiya
proqramlarını icra edir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti
Qəri Counzun sözlərinə görə, şirkət Azəri-Çıraq-Günəşli (AÇG)
yataqlar blokunda fəaliyyətini genişləndirməyə davam edir. O
bildirib ki, AÇG-də hasilatın uzunmüddətli saxlanılması məqsədilə
yeni quyular qazılır, mövcud infrastruktur modernləşdirilir və
innovativ texnologiyalar tətbiq olunur.

“Biz AÇG-də uzunmüddətli hasilatın təmin olunması üçün
investisiyalarımızı davam etdiririk. Yeni quyuların qazılması,
platformaların etibarlı fəaliyyətinin təmin edilməsi və texnoloji
yeniliklərin tətbiqi bu strategiyanın əsas istiqamətləridir”, –
deyə bp rəsmisi bildirib.

Şirkət həmçinin “Şəfəq-Asiman” perspektiv strukturunda
qiymətləndirmə işlərini, eləcə də Qarabağ yatağının işlənməsi
layihəsini davam etdirir. Bununla yanaşı, bp Xəzər dənizində yeni
geoloji strukturların öyrənilməsi və əlavə karbohidrogen
ehtiyatlarının aşkar olunması istiqamətində fəaliyyətini
genişləndirir.

BP vurğulayır ki, yeni layihələr yalnız mövcud hasilatın təbii
azalmasının kompensasiya edilməsinə deyil, həm də Azərbaycanın
enerji ixracı potensialının uzunmüddətli perspektivdə qorunub
saxlanmasına xidmət edir. Şirkətin həyata keçirdiyi investisiya
proqramları ölkənin neft-qaz sektorunda dayanıqlı inkişafın təmin
olunması və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır.