
Fransada 300 mindən çox insan dövlət sektoru əməkdaşlarının sentyabrın 29-da ölkə üzrə keçirdiyi etiraz aksiyalarında iştirak edib.
BFMTV telekanalının Fransanın aparıcı həmkarlar ittifaqlarından olan Ümumi Əmək Konfederasiyasına (CGT) istinadən verdiyi məlumata görə, Parisdə keçirilən aksiyaya 70 min nəfər qatılıb.
Paytaxtın polis prefekturası isə Parisdəki nümayişin iştirakçılarının sayını 30 min nəfər qiymətləndirib. Onların təxminən 8 mininin yanğınsöndürən olduğu bildirilib. Aksiya zamanı insident qeydə alınmayıb.
CGT-nin məlumatına görə, Marseldə təxminən 30 min, Tuluzada 11 min, Lill və Bordoda hər birində 10 min, Lion və Orleanda isə hər birində 8 min nəfər nümayişlərə qatılıb.
Aksiyalar Fransanın dövlət sektorunu təmsil edən səkkiz aparıcı həmkarlar ittifaqının çağırışı ilə keçirilib. İştirakçılar əməkhaqlarının artırılmasını, dövlət xidmətlərində işçi sayının və maliyyələşmənin çoxaldılmasını tələb ediblər.
Həmkarlar ittifaqları, həmçinin Fransa hakimiyyətinin 2027-ci il büdcə layihəsi çərçivəsində nəzərdən keçirdiyi indeksasiyanın yenidən dondurulması planına qarşı çıxırlar.

