
Bakı. Trend:
Vergi inzibatçılığında əsas hədəf nəzarəti artırmaq deyil,
riskləri düzgün müəyyənləşdirmək, şəffaf fəaliyyət göstərən vergi
ödəyicilərinə əlavə inzibati yük yaratmamaq və rəqəmsal həllər
vasitəsilə könüllü vergi ödənişlərini təşviq etməkdir.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin
(DVX) rəisi Orxan Nəzərli DVX ilə “Türkiyə-Azərbaycan İş Adamları
və Sənayeçiləri İctimai Birliyi” (TÜİB) arasında Açıq Dialoq
Platforması çərçivəsində B2G formatında keçirilən görüşdə
bildirib.
Onun sözlərinə görə, başlıca məqsəd vergi öhdəliklərinin könüllü
şəkildə yerinə yetirildiyi, dövlətlə biznes arasında qarşılıqlı
etimadın möhkəmləndiyi, sahibkarın vergi sistemini fəaliyyətinə
maneə deyil, şəffaf və proqnozlaşdırılan iqtisadi mühitin bir
hissəsi kimi qəbul etdiyi sistemin formalaşdırılmasıdır.
Xidmət rəisi Azərbaycan və Türkiyə arasında strateji
tərəfdaşlığın son illər daha da möhkəmlənməsinin iqtisadi
əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün yaratdığı
imkanları vurğulayıb. Orxan Nəzərli ikitərəfli işgüzar əlaqələrin
genişləndirilməsi, bizneslə dialoqun təşviqi barədə fikirlərini
bölüşüb və DVX-nin sahibkarlarla iş prinsipləri barədə məlumat
verib. Bildirib ki, DVX biznes ictimaiyyəti ilə açıq və davamlı
dialoqa xüsusi önəm verir. Sahibkarların təklifləri yalnız müzakirə
edilmir, məqsədəuyğun hesab olunan təşəbbüslər vergi
inzibatçılığının və qanunvericiliyin təkmilləşdirilməsi zamanı
nəzərə alınır, biznes ictimaiyyəti ilə mövcud dialoqun daha
sistemli və institusional müstəviyə keçməsi diqqətdə
saxlanılır.
Vergi siyasətinin əsas istiqamətlərinə toxunan Orxan Nəzərli
iqtisadi artım və investisiyaların təşviqi, mikro və kiçik
sahibkarlığın fəal dəstəklənməsi, ixracın stimullaşdırılması,
rəqəmsal texnologiyalar və innovasiya sahələrində fəaliyyət
göstərən biznes subyektləri üçün əlverişli vergi mühitinin
yaradılmasının prioritet olduğunu bildirib. Eyni zamanda,
sahibkarların inzibati və hesabatlılıq yükünün azaldılması, vergi
prosedurlarının sadələşdirilməsi və vergi borclarının idarə
olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş
aparıldığı diqqətə çatdırıb.
Orxan Nəzərli rəqəmsal transformasiya və məlumat əsaslı vergi
inzibatçılığının əhəmiyyəti vurğulayıb. Xidmət rəisi süni intellekt
və analitik həllərin tətbiqinin genişləndirilməsi, risklərin daha
erkən müəyyənləşdirilməsi, preventiv məlumatlandırma və elektron
xidmətlərin inkişaf etdirilməsi nəticəsində vergi ödəyiciləri ilə
münasibətlərin daha çevik və proaktiv modelə keçirilməsinin
hədəfləndiyini bildirib.
Daha sonra TÜİB-in İdarə Heyətinin sədri Hüseyin Büyükfırat
çıxış edib. Hüseyin Böyükfırat Azərbaycan və Türkiyə arasında
biznes əlaqələrinin inkişafı istiqamətində əldə edilmiş nəticələr
və perspektivlər barədə fikirlərini bölüşüb. Bildirib ki,
Azərbaycan və Türkiyə sahibkarları arasında qarşılıqlı əlaqələrin
gücləndirilməsi, yeni biznes imkanlarının yaradılması və birgə
təşəbbüslərin reallaşdırılması hər iki ölkənin iqtisadi inkişafına
töhfə verir.
Hüseyin Böyükfırat TÜİB üzvlərinin Azərbaycan iqtisadiyyatının
müxtəlif sahələrində fəaliyyət göstərdiklərini, qeyri-neft
sektorunun inkişafına mühüm töhfələr verdiklərini diqqətə çatdırıb.
TÜİB rəhbəri vergi sisteminin ölkənin iqtisadi inkişafı və dövlət
xidmətlərinin dayanıqlılığının təmin edilməsi baxımından mühüm
əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət və özəl sektor arasında dialoqun əhəmiyyətinə diqqət
çəkən Hüseyin Böyükfırat bildirib ki, Açıq Dialoq Platforması
biznes ictimaiyyətinin qarşılaşdığı məsələləri, eləcə də fikir və
təkliflərini birbaşa dövlət qurumları ilə bölüşməyə imkan yaradan
mühüm məsləhətləşmə müstəvisidir. TÜİB rəhbəri qarşılıqlı etimada,
açıq kommunikasiyaya və konstruktiv əməkdaşlığa əsaslanan dialoqun
davam etdirilməsinin biznes mühitinin inkişafına və iqtisadi
artımın təşviqinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirin davamında sahibkarları maraqlandıran suallar
cavablandırılıb, səsləndirilən təklif və müraciətlər
dinlənilib.

