
Bakı. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura
növbəti səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq
aləm tərəfindən qəbul edildiyini bir daha dünyaya nümayiş etdirdi.
Lakin bu səfərlə bağlı Ermənistan cəmiyyətinin və mediasının
aqressiv reaksiyaları bu ölkənin xəstə və revanşist təfəkkürdən əl
çəkmək istəmədiyini göstərir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanın
beynəlxalq hüquqla tanınmış suveren əraziləridir. Ölkə hüdudları
daxilində xarici diplomatların, beynəlxalq missiyaların və
qonaqların hərəkət marşrutunu müəyyənləşdirmək, bu cür səfərlər
təşkil etmək Bakının suveren hüququ və səlahiyyətidir. Ermənistan
ictimaiyyətinin, hətta rəsmi şəxslərin beynəlxalq diplomatların
Azərbaycan daxilindəki fəaliyyətinə qarışmağa cəhd göstərməsi rəsmi
İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında verdiyi
bəyanatlarla kəskin ziddiyyət təşkil edir.
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzur bölgəsinə təşkil
edilən səfərlərdə yüksək səviyyədə iştirakı təsdiqləyir ki,
beynəlxalq ictimaiyyət Azərbaycanın suverenliyini və sərhəd
toxunulmazlığını birmənalı şəkildə dəstəkləyir. Bu baxımdan
Ermənistanın revanşist düşüncədən çıxış edərək bu prosesə kölgə
salmağa çalışması Azərbaycanın daxili işlərinə kobud müdaxilə
cəhdidir. Bu xüsusda, “Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu da
Ermənistan tərəfinin nümayiş etdirdiyi qeyri-konstruktiv, nifrətə
söykənən mövqeyinə və revanşist yanaşmasına kəskin etirazını
bildirib. Təşəbbüs qrupu bu cür addımların regionda etimadın
qurulması prosesinə və sülh təşəbbüslərinə ağır zərbə vurduğunu
bəyan edib.
Erməni cəmiyyətinin sərgilədiyi aqressiv reaksiya eyni zamanda
illərdir davam edən şüurlu tarix saxtakarlığının və rasist düşüncə
tərzinin təzahürüdür. Ermənistan Gəncəsər və Xudavəng kimi qədim
alban dini-memarlıq abidələrini həyasızcasına öz irsi kimi qələmə
verməyə və mənimsəməyə çalışdığı halda, öz ərazisində əsrlər boyu
mövcud olmuş zəngin Azərbaycan tarixi-mədəni irsini tamamilə
görməzdən gəlir və inkar edir. Azərbaycan torpaqlarında tarixən
guya yalnız ermənilərin məskunlaşdığı nağılını uyduran, lakin
müasir Ermənistan ərazisində azərbaycanlıların tarix boyu yaratdığı
maddi-mədəni irsi, yaşayış məskənlərini yox sayan bu xəstə təfəkkür
kökündən ksenofob xarakter daşıyır.
Bununla yanaşı, Azərbaycanın tarixi coğrafiyasında silinməz
izlər qoymuş Qafqaz Albaniyası irsinə qarşı Ermənistandakı inkarçı
reaksiya birbaşa ideoloji irqçilik nümunəsidir. Qafqaz
Albaniyasının bu torpaqlardakı tarixi mövcudluğu, onun zəngin
memarlığı beynəlxalq tədqiqatçılar tərəfindən təkzibedilməz
faktlarla sübuta yetirilib. Ermənistan cəmiyyətinin bu tarixi
həqiqətləri qəbul edə bilməməsi, elmi faktlara göz yumması isə
onların saxtakarlığını göstərir. Birmənalı olaraq dərk edilməlidir
ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün
tarixi və dini mənşəli abidələr müstəsna olaraq Azərbaycan
dövlətinə və onun xalqına məxsusdur. Bu irsin qorunması, bərpası və
gələcək nəsillərə çatdırılması dövlətimiz tərəfindən tam
məsuliyyətlə və beynəlxalq standartlara uyğun şəkildə təmin
edilir.
Əslində, diplomatik korpusun Azərbaycanın suveren ərazilərinə
səfərini, regionda sürətli bərpa-quruculuq işlərini hədəf almaq,
xarici nümayəndələri media və sosial şəbəkələrdə hücumlara məruz
qoymaq revanşist qüvvələrin nə qədər çarəsiz durumda olduğunu aydın
göstərir. Ancaq bu cür əsassız narazılıqlar və təxribatçı etiraz
aksiyaları təəssüf yaratmaqla paralel, İrəvanın beynəlxalq hüquq
normalarına və sülh gündəliyinə nə dərəcədə hörmətsiz yanaşdığının
da bariz sübutudur. Müşahidələr göstərir ki, Ermənistandakı
revanşist meyillər sadəcə müxalif qruplarla məhdudlaşmır, hətta
ehtimal edilir ki, mövcud siyasi rəhbərlik tərəfindən
yönləndirilir. Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzur
səfərini hədəf alan yazıların, rəylərin məhz Ermənistan
hakimiyyətinə yaxın media resursları və informasiya resursları
tərəfindən tirajlanması bunu deməyə əsas verir.
Ermənistan parlamentinin sədri Ruben Rubinyanın mövzu ilə bağlı
verdiyi məsuliyyətsiz açıqlamalar da rəsmi İrəvanın Azərbaycanın
daxili işlərinə qarışmaq cəhdlərinin davam etdiyini göstərir. Eyni
zamanda, sentyabrın 14-də Ermənistan parlamentində 2022-ci ilin
12-13 sentyabr tarixlərində sərhəddə baş vermiş hərbi toqquşmalarda
məhv edilmiş erməni hərbçilərin anılması bəhanəsi ilə bir dəqiqəlik
sükut elan olunması revanşist əhval-ruhiyyənin süni şəkildə
qızışdırılmasına xidmət edir. Hər kəsə bəllidir ki, 2022-ci ilin
sentyabrındakı sərhəd toqquşmaları məhz Ermənistan silahlı
qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarının, şərti sərhədlərdə
mühəndis-istehkam pozuntularının nəticəsi idi. Həmin vaxt
Azərbaycan Ordusu təhlükəsizliyi təmin etmək üçün adekvat cavab
tədbirləri görmək məcburiyyətində qalmışdı. Həmin təxribatçıları
parlament səviyyəsində “qəhrəmanlaşdırmaq” cəhdi İrəvanın
cəmiyyətdə yenidən nifrət, müharibə və intiqam hisslərini
alovlandırmaq niyyətində olduğunu sübut edir.
Bütün bu təxribatçı addımlar silsiləsi rəsmi İrəvanın regionda
davamlı sülhün bərqərar olunması, sərhədlərin delimitasiyası və
kommunikasiyaların açılması prosesində nə dərəcədə qeyri-səmimi
olduğunu göstərir. 44 günlük Vətən müharibəsindəki ağır
hərbi-siyasi məğlubiyyətdən və 2023-cü ilin sentyabrında həyata
keçirilən lokal antiterror tədbirlərindən sonra Paşinyan
hakimiyyətinin faktiki olaraq sülh gündəliyini qəbul etməkdən başqa
heç bir alternativi qalmayıb. Lakin sülh sazişi ətrafında
manipulyasiyalar etmək, diplomatik səfərləri qarayaxma
kampaniyasına çevirmək və nifrət nitqini körükləmək rəsmi İrəvanın
sülh prosesini qəsdən ləngitməyə, beynəlxalq ictimaiyyəti
çaşdırmağa hesablanmış məqsədyönlü siyasətidir.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yaratdığı yeni
reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsi rəsmi
Bakının qlobal miqyasda qazandığı böyük siyasi-diplomatik
nailiyyətdir. Bu reallıq Ermənistanın revanşist xülyalarını puça
çıxarmaqla bərabər, antiazərbaycançı şəbəkənin, ölkəmizə qarşı
qarayaxma kampaniyası aparanların və antimilli ünsürlərin
məğlubiyyəti deməkdir. O antimilli ünsürlər ki, ölkəmizə qarşı
məkrli fəaliyyətləri ilə Ermənistandakı revanşistlərdən heç də geri
qalmır, Avropada məskunlaşaraq sosial şəbəkələr üzərindən
Azərbaycan dövlətinə dil uzadırdılar. Onların Azərbaycan
hakimiyyətinə qarşı insan hüquqları, demokratiya və sair
məsələlərlə bağlı iftiralar atmaqla dövlətimizin uğurlarına kölgə
salmağa çalışdıqları, Ermənistanın və Qarabağdakı separatçıların
maraqlarını müdafiə etdikləri gün kimi aydın idi. Ərazi
bütövlüyümüzün bərpası, Qarabağda erməni separatizminə son
qoyulması mənəviyyatsızlığın simvoluna çevrilmiş bu marginal
qruplaşmanın da sonunu gətirdi.
Bütövlükdə, Azərbaycanın yaratdığı yeni reallıqlar regionda sülh
və əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırmaqla yanaşı, heç bir
qüvvənin bu reallıqları dəyişdirə bilməyəcəyini də aydın şəkildə
göstərir. Ermənistan isə nə qədər tez xəstə və revanşist
təfəkkürdən əl çəkib yeni reallıqları qəbul edərsə, Cənubi Qafqazda
davamlı sülh və sabitliyin təmin olunmasına bir o qədər real töhfə
verə bilər.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

