Biometrik nəzarətin hüquqi əsasları müasir dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir – Şöbə rəisi

Baş səhifə

Bakı. Trend:

Biometrik nəzarət, biometrik informasiya xidmətlərinin
göstərilməsi, bu məlumatların toplanması və işlənməsi zamanı əsasən
hansı prinsiplərin rəhbər tutulmalı olduğu aktual və önəmli
məsələdir.

Trend xəbər
verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin şöbə rəisi Elgin Abdullayev “CIDC 2025 – Critical
Infrastructure Defence Challenge” kibertəhlükəsizlik festivalı
çərçivəsində baş tutan “Səni tanıyan şəhər: Biometrik nəzarət,
toplanan data, insan hüquqları, mühafizə yolları – hansı daha
vacibdir?” adlı panel sessiyada çıxışı zamanı deyib.

Şöbə rəisinin sözlərinə görə, biometrik məlumatlar şəxsin
bioloji, fiziki və fizioloji xüsusiyyətləri ilə bağlı olduğuna görə
bu məlumatlar “xüsusi kateqoriyalı fərdi məlumatlar” kimi
qiymətləndirilir.

E.Abdullayev bildirib ki, biometrik məlumatların toplanmasının
əsas məqsədləri – şəxsiyyət vəsiqələrinin verilməsi, sərhəd-keçid
məntəqələrində nəzarət, müəyyən cinayət işlərinin istintaqı,
əməliyyat-axtarış və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi
ilə bağlıdır:

“Lakin bu informasiyaların toplanması zamanı şəxsi məlumatların
mühafizəsi məsələsi də ön plana çıxır. Beləliklə, burada balansın
qorunması əsas şərtdir.




Bir tərəfdən dövlət orqanlarının qanunla müəyyən olunmuş
funksiyalarını icra etməsi zəruridir, digər tərəfdən isə toplanan
şəxsi məlumatların təhlükəsizliyinin təmin olunması da vacibdir. Bu
baxımdan insan hüquq və azadlıqlarının qorunması əsas prinsip kimi
qəbul edilməlidir. Xüsusilə də biometrik məlumatların könüllü
razılıq əsasında toplanması prinsipinə riayət olunmalıdır.

Düşünürəm ki, biometrik məlumatlarla bağlı qanunvericilik yalnız
informasiyanın toplanmasına deyil, həm də bu məlumatların
saxlandığı sistemlərin mühafizəsinə dair də konkret və effektiv
tələblər irəli sürməlidir. Şəxsin məlumat verməzdən əvvəl tam
şəkildə məlumatlandırılması, hansı məqsədlə məlumatın toplandığının
izah olunması təmin edilməlidir.

O xatırladıb ki, “Biometrik məlumatlar haqqında” Qanun 2008-ci
ildə qəbul edilib:

“Bu müddət ərzində texnologiyalar və ictimai münasibətlər
dinamik şəkildə dəyişib. Biometrik nəzarətin hüquqi əsasları bu
dəyişikliklərə uyğun olaraq təkmilləşdirilməlidir. Texnologiyaların
inkişafı ilə yaranan yeni risklərə cavab verə biləcək müasir hüquqi
mexanizmlərin yaradılması artıq zərurətə çevrilib”.