Azərbaycanda dezinformasiya hücumlarına qarşı ictimai həmrəyliyin gücləndirilməsi müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (AMQF)
təşkilatçılığı ilə “Dezinformasiyaya qarşı ictimai həmrəylik:
QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına
töhfəsi” mövzusunda ictimai müzakirə keçirilib.

Trend-in
müxbirinin xəbərinə görə, tədbirdə Azərbaycana qarşı dini dəyərlər
və inanclar mövzusu üzərindən aparılan dezinformasiya
kampaniyaları, dünyəvi dövlətçilik modelinin qorunması və milli
həmrəyliyin gücləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimov
bildirib ki, son günlər Azərbaycana qarşı dini inancların müdafiəsi
pərdəsi altında dezinformasiya hücumları həyata keçirilir və bu cür
hallara qarşı vətəndaş cəmiyyətinin səfərbərliyi vacibdir. Onun
sözlərinə görə, QHT-lər təxribatları, hibrid təhdidləri və
dezinformasiya hücumlarını pisləyən bəyanat yayıblar.

Z.İbrahimov qeyd edib ki, Azərbaycan dünyəvi dövlətçilik modeli
ilə dini dəyərləri uzlaşdıran ölkələrdən biridir. O vurğulayıb ki,
Azərbaycanın müstəqil inkişaf yolu və güclənməsi bəzi xarici
qüvvələrdə narahatlıq yaradır, bu qüvvələr isə milli birlik və
həmrəyliyi hədəfə alırlar.

“Azərbaycan məhz bu milli həmrəyliyin nəticəsində Qarabağ
müharibəsində tarixi zəfər qazandı”, – deyə o bildirib.

Z.İbrahimov cəmiyyəti baş verənləri Konstitusiya, qanunvericilik
və milli maraqlar çərçivəsində qiymətləndirməyə, xarici
təxribatlara uymamağa çağırıb.




AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya
İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin rəhbəri, “Virtual
Qərbi Azərbaycan” ensiklopedik toplusunun elmi rəhbəri Cəbi
Bayramov isə çıxışında Azərbaycanın dünyəvi dövlətçilik
prinsiplərinin Konstitusiya ilə təsbit olunduğunu bildirib. O,
hicabla bağlı müzakirələrə toxunaraq bu məsələnin tarixi kontekstdə
araşdırılmasının vacibliyini qeyd edib və məktəblərdə geyim
qaydalarının qanunvericiliyə uyğun tətbiq edilməli olduğunu
vurğulayıb.

C.Bayramovun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif
dinlərin mövcud olduğu məkan olub və ölkənin dünyəvi dövlət
quruluşu, təhsil sistemi qanunvericiliklə müəyyənləşdirilən
prinsiplər əsasında fəaliyyət göstərir. O, xarici qüvvələrin
ölkənin daxili məsələlərinə müdaxiləsini yolverilməz hesab etdiyini
bildirib.

Tarixçi, həmçinin ictimai müzakirələrdə alimlərin və
mütəxəssislərin iştirakının artırılmasının vacibliyinə diqqət
çəkib. O, televiziya məkanında tarix, mədəniyyət və dini məsələlərə
dair daha geniş müzakirələrin təşkil edilməsini təklif edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın
sədri Elnur Mustafayev isə Azərbaycanın regional və qlobal
geosiyasi, iqtisadi proseslərdə rolunun artmasının ölkəyə qarşı
ideoloji təxribatlarla müşayiət olunduğunu bildirib. Onun sözlərinə
görə, sosial şəbəkələrdə və bəzi media resurslarında Azərbaycan
əleyhinə həqiqətə uyğun olmayan məlumatlar yayılır.

E.Mustafayev qeyd edib ki, Azərbaycan müxtəlif dinlərin və
mədəniyyətlərin tarixən mövcud olduğu ölkədir. O, İslam
mədəniyyətinin inkişafında Bəhmənyar, Nəsirəddin Tusi, Nizami
Gəncəvi və Füzuli kimi Azərbaycan alim və mütəfəkkirlərinin rolunu
vurğulayıb. O bildirib ki, ölkənin İslam əleyhinə dövlət kimi
təqdim edilməsi həqiqəti əks etdirmir.

Çıxışında dini abidələrin qorunması məsələsinə də toxunan
E.Mustafayev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə
məscidlərin bərpası ilə yanaşı, ölkədə digər dinlərə məxsus ibadət
yerlərinə də diqqət göstərilir. O, müasir dövrdə hibrid
müharibələrin informasiya və digər vasitələrlə dövlətlərə təzyiq
göstərmək məqsədi daşıdığını qeyd edərək, ideoloji təxribatlara
qarşı birgə mübarizənin əhəmiyyətini vurğulayıb.