“Baku Steel Company” ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: Təxminən 3000 ağac əkilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

“Baku Steel Company” QSC (bundan sonra – BSC) ətraf mühitin
mühafizəsi, yaşıllıqların artırılması və biomüxtəlifliyin qorunması
istiqamətində ardıcıl proqram həyata keçirir.

Ekoloji təşəbbüsün növbəti mərhələsi çərçivəsində şirkət Qaradağ
rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 5 hektar ərazidə təxminən
3000 ədəd zeytun ağacı və Azərbaycanın “Qırmızı Kitab”ına
daxil edilmiş nadir növ olan Eldar şamı tingi
əkib.

Ağacəkmə aksiyası Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən
“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu”
ASC
ilə birgə təşkil edilib.
Hesablamalara əsasən, bu ərazidə əkilən ağaclar hər il
təxminən 48 ton karbon qazını (CO₂) atmosferdən
udacaq və minlərlə kubmetr oksigen hasil edəcək.
Bu, atmosferdəki karbon izinin azalmasına və havanın keyfiyyətinin
yaxşılaşmasına mühüm töhfə verəcək.

Ağac növlərinə görə illik CO₂ udulması:

  • Zeytun ağacları – 2500 ədəd → təxminən 38 ton CO₂
  • Eldar şamı ağacları – 500 ədəd → təxminən 10 ton CO₂

Beləliklə, əkilən ağaclar iqlim dəyişikliyinin təsirlərinin
azaldılmasına, havanın keyfiyyətinin yüksəldilməsinə və ekosistemin
tarazlığının qorunmasına mühüm töhfə verir.

Ağaclar həm də günəş enerjisinin bir hissəsini udaraq ətraf
mühitin soyumasına kömək edir – yetkin bir ağac 10 kondisionerin
soyutma effektinə bərabər təsir göstərir. Eyni zamanda, onlar azot
oksidi və kükürd dioksidi kimi zərərli qazları udaraq, atmosferdəki
toz və çirkləndiricilərin miqdarını azaldır.

Son üç ildə 5050 ağac – 86 ton azaldılmış karbon
emissiyası

Qeyd edək ki, BSC ötən il də COP29 ərəfəsində Müşfiqabad
qəsəbəsində 2 hektar ərazidə 1250 ədəd zeytun və Eldar şamı ağacı,
eləcə də Sumqayıt Kimya Sənaye Parkında 500 ədəd şəmşir ağacı,
2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının
100 illiyi münasibətilə Bakı və Sumqayıt şəhərlərində toplam 300
ədəd Eldar şamı ağacı əkmişdi.




Beləliklə, son üç il ərzində şirkət tərəfindən ümumilikdə
təxminən 5050 ağac əkilib. Bu isə hər il təqribən 86 ton karbon
qazının atmosferdən udulmasına imkan yaradır.

“Təmiz istehsalat” və ekoloji idarəetmə
texnologiyalarına investisiyalar

“Ekoloji məsuliyyət istehsalatdan başlanır” prinsipi ilə
fəaliyyət göstərən BSC sənaye tullantılarının azaldılmasına
yönəlmiş iri miqyaslı texnoloji layihələr həyata keçirir.

İsveçrənin AS Metals Technologies SA şirkəti ilə əməkdaşlıq
çərçivəsində Bakıda yerləşən istehsalat sahəsində yerləşən Qaz-Toz
Tutucu Qurğusunu modernizasiya edib.

Yenilənmə sayəsində filtrasiyanın gücü 930.000 m³/saatdan
1.700.000 m³/saatadək artırılıb, nəticədə atmosferə atılan toz və
bərk hissəciklərin miqdarı beynəlxalq ekoloji standartlara uyğun
səviyyəyə endirilib.

Eyni zamanda, təmizləmə sistemi vasitəsilə toplanan tozun bir
hissəsi beynəlxalq standartlara və yerli qanunveriliciyin
tələblərinə uyğun olaraq təkrar emala yönləndirilir. Bu yanaşma
tullantıların azaldılmasına, istehsalatda resurs səmərəliliyinin
artırılmasına və ətraf mühitin daha yaxşı qorunmasına xidmət
edir.

BSC, bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiq
qalaraq, ətraf mühitin mühafizəsi və yaşıl gələcəyin qurulması
istiqamətində ekoloji təşəbbüslərini davam etdirəcək.