Bakıda piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada
keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində
hazırlıq işlərinə başlanılır.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat
Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu işlər çərçivəsində sakinlərdən daxil olan
şikayətlər əsasında paytaxtın müxtəlif ərazilərində yerləşən 46
ünvandakı yerüstü və yeraltı keçiddə ümumilikdə 177 eskalatorun və
2 travelatorun (pilləsiz, gəzinti sürətini artırmaq üçün özü
hərəkət edən şaquli yol) yenilənməsi nəzərdə tutulur. Eyni zamanda,
yerüstü piyada keçidlərində quraşdırılmış bəzi liftlərin
dəyişdirilməsi və əsaslı təmiri də həyata keçiriləcək.

Qeyd olunmalıdır ki, yenilənəcək eskalatorların bəziləri texniki
uyğunsuzluğla quraşdırılmış, digərləri isə artıq istismar müddətini
başa vurmuş qurğulardır. Vətəndaşların təhlükəsizliyini və
rahatlığını təmin etmək məqsədilə həmin avadanlıqlar tamamilə
yeniləri ilə əvəz olunacaq.




Yeni, müasir eskalatorlar bu sahədə dünyanın aparıcı
istehsalçılarından biri hesab olunan Finlandiyanın məşhur “KONE”
şirkətinin istehsalı olacaq.

Belə ki, hər bir keçid üçün nəzərdə tutulan mexanizmlər
individual ölçü və texniki göstəricilərə uyğun olaraq zavod
şəraitində xüsusi sifarişlə istehsal edilir. Buna görə də,
avadanlıqların istehsalı və çatdırılması üçün bir neçə ay vaxt
tələb olunacaq. Bu səbəbdən də, quraşdırma işlərinə bu ilin
payızında mərhələli şəkildə başlanılması planlaşdırılır.

Qeyd edək ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin
(AAYDA) balansında olan sözügedən eskalator və mexanizmlər Bakı
Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul
ediləcək.