
Bakı. Trend:
Mayın 1-dən dəfn üçün birdəfəlik müavinət avtomatlaşdırılmış
qaydada təyin olunacaq.
Trend-in əldə
etdiyi məlumata görə, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il
mayın 1-dən etibarən qüvvəyə minəcək.
Belə ki, mayın 1-dən dəfn üçün birdəfəlik müavinət ölümü
dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi
identifikasiya nömrəsi və dəfnlə bağlı xərcləri çəkmiş şəxs barədə
məlumatlar əsasında avtomatlaşdırılmış qaydada təyin
olunacaq.
2026-cı il 1 may tarixindən əvvəl vəfat etmiş şəxsə görə dəfn
üçün birdəfəlik müavinət sığortaedənin müraciəti əsasında ödənilir.
Bu zaman müraciət müddəti məhdudlaşdırılmır və müavinət şəxs vəfat
edən zaman qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş məbləğdə
onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxsə təyin edilir və
ödənilir.
Məlumat üçün bildirək ki, aşağıdakı 4 kateqoriyadan olan
şəxslər vəfat etdikdən onları dəfn etməyi öhdəsinə götürən şəxslərə
dəfn üçün birdəfəlik müavinət ödənilir:
- “Sosial müavinət haqqında” Qanuna uyğun olaraq dövlət
qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə
başçısını itirməyə görə müavinət alan şəxslər; - “İşsizlikdən sığorta haqqında” Qanuna uyğun olaraq işsizlikdən
sığorta ödənişini alan şəxslər; - “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq əmək pensiyası
alan şəxslər; - “Sosial sığorta haqqında” Qanuna uyğun olaraq sığortaolunan
şəxslər.
Sığortaolunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi
dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə
dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək
pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı
ödənilir.

