Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı yeni mərhələyə qədəm qoyub – Xanlar Fətiyev

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyevin dekabrın 8-9-da Slovakiya
Respublikasına etdiyi rəsmi səfər hər şeydən əvvəl Azərbaycanın
qlobal səviyyədə malik olduğu yüksək nüfuzun növbəti təsdiqi oldu.
Dövlətimizin başçısının Bratislavada keçirdiyi görüşlərdə müzakirə
olunan məsələlər yenidən formalaşmaqda olan geosiyasi nizamda
Azərbaycanın aparıcı roluna bir daha aydınlıq gətirdi.

Bu baxımdan cənab Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi
səfəri həm də Azərbaycanın Avropa İttifaqı çərçivəsində
mövqelərinin gücləndiyini göstərən mühüm siyasi hadisədir.
Slovakiya Prezidenti Peter Pelleqrininin geniş tərkibdə görüş
zamanı Prezident İlham Əliyevə xitabən «Siz dostlarınızın yanına
gəlmisiniz. Biz Sizi, ölkənizi özümüzə dost hesab edirik, çünki
Sizinlə dəfələrlə görüşmək imkanımız olub», deməsi isə dövlətimizin
başçısına göstərilən böyük ehtiramın və Azərbaycanla əməkdaşlığa
verilən böyük dəyərin göstəricisidir.

Cənubi Qafqazın lideri olan, siyasi və iqtisadi təşəbbüsləri ilə
regional və beynəlxalq əməkdaşlıq proseslərini stimullaşdıran
Azərbaycan Avropa İttifaqının əksər üzvləri ilə sıx siyasi-iqtisadi
tərəfdaşlığa malikdir. Onların bir qismi ilə münasibətlər strateji
məzmun kəsb edir. Bu sırada Slovakiya ilə əlaqələr həm də möhkəm
dostluğa və dərin qarşılıqlı ehtirama söykənməsi ilə diqqəti çəkir.
Qeyd edək ki, hər iki dövlət oxşar tarixə və taleyə malikdirlər və
uzun onilliklər sosialist blokun tərkibində olublar. Azərbaycanla
Slovakiyanı birləşdirən başqa bir mühüm faktor isə hər iki dövlətin
beynəlxalq münasibətlərdə sülhsevər, ədaləti dəstəkləyən və
dostluğu dəyərləndirən siyasət yürütməsidir. Təsadüfi deyil ki,
rəsmi Bratislava artıq həllini tapmış Qarabağ məsələsində hər zaman
ədalətli mövqedən çıxış edib, problemin beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində həllinə tərəfdar olub. Bu gün isə rəsmi
Bratislava postmünaqişə dövrünün reallıqlarını tanıyır və təqdir
edir.

İkitərəfli əlaqələrə gəlincə, hər iki dövlət müxtəlif sahələrdə
əməkdaşlığın dərinləşdirilməsi üçün böyük siyasi iradə nümayiş
etdirir. 2021-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası
Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq haqqında Saziş nəqliyyat, sənaye, logistika, enerji,
investisiya və kənd təsərrüfatı kimi sahələrdə yeni tərəfdaşlıq
imkanları yaradıb. İki ölkənin rəhbərliyinin əlaqələrinin inkişafı
ilə bağlı siyasi iradəsinin nəticəsidir ki, Azərbaycan-Slovakiya
münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ötən ilin
may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun respublikamıza
rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə
Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması
haqqında Birgə Bəyannamə”də əks olunan məsələlər hər iki tərəfin
siyasi iradəsinin təzahürü olmaqla, əməkdaşlığın perspektivlərini
müəyyən edir. Qısa müddət ötməsinə rəğmən strateji tərəfdaşlığın
yaradılması haqqında Birgə Bəyannamə əlaqələri yeni inkişaf
mərhələsinə yüksəldib.

Hazırda Azərbaycanla Slovakiya arasında müxtəlif sahələr üzrə
əməkdaşlıq istiqamətləri mövcuddur ki, onlardan bəziləri hər iki
tərəf üçün xüsusilə prioritet təşkil edir. Bunlardan biri
Slovakiyanın enerji təhlükəsizliyinin təmin olunması və bu prosesdə
Azərbaycanın iştirakıdır. Məlumdur ki, Avropa İttifaqı Rusiya
qazının Slovakiyaya idxalını tam qadağan etmək qərarına gəlib.
Prezident Peter Pelleqrininin bildirdiyi kimi Avropa İttifaqı bu
qərarı 27 üzv adından qəbul edib. Lakin ötən ildən başlayaraq
Azərbaycanın idxal etdiyi təbii qaz həm də Slovakiyaya ixrac
olunur. Avropa İttifaqının Rusiya təbii qazından tamamilə imtina
etdiyi bir vaxtda bu, Slovakiya üçün olduqca mühüm əhəmiyyət kəsb
edir.

Azərbaycan həm də uzunmüddətli perspektivdə Slovakiya üçün
enerji təhlükəsizliyi məsələlərində əsas strateji tərəfdaş ola
bilər. Prezident İlham Əliyevin Bratislavada mətbuata bəyanatında
bununla bağlı qeyd etdiyi kimi respublikamızda yeni qaz
yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və
təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan
qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır.

Azərbaycandan təbii qaz alan ölkələrin sayı artıq 14-ə çatıb.
Onlardan 8-i Avropa İttifaqına üzv olan dövlətlərdir. Bu dövlətlər
məhz Azərbaycanın təbii qazı hesabına özlərinin enerji
təhlükəsizliyini təmin edirlər. Azərbaycanın enerji təchizatının
şaxələndirilməsində oynadığı rol digər Avropa dövlətləri kimi
Slovakiya tərəfindən də yüksək qiymətləndirilir.

Azərbaycanla Slovakiya arasındakı əlaqələrin prioritet
istiqamətlərindən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıqdır.
Burada söhbət yalnız Azərbaycana silah satışından yox, həm də birgə
istehsaldan gedir. Slovakiyanın özüyeriyən artilleriya qurğularının
və digər hərbi məhsulların istehsalı sahəsində böyük təcrübəsi var.
İki dövlət hərbi texnikanı birgə istehsal edə və ixracını həyata
keçirə bilərlər.

Onu da qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa işlərində Slovakiya şirkətləri də iştirak edirlər.
Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesində
iştirak edən xarici şirkətlər əsasən dost və tərəfdaş dövlətləri
təmsil edirlər. Onların arasında Slovakiya şirkətlərinin də olması
iki dövlətin dostluğunun nümunəsidir. Həmin şirkətlər Ağdam
rayonunun Baş Qərvənd kəndinin “ağıllı kənd” konsepsiyası əsasında
yenidən qurulmasında iştirak edirlər. Prezident İlham Əliyevin qeyd
etdiyi kimi 851 ev və 10 yaşayış binasından, eləcə də məktəb, uşaq
bağçası və tibbi mərkəzdən ibarət kənd nailiyyətlərimizin və əbədi
dostluğumuzun təzahürü olacaq. Bundan başqa, Slovakiya işğaldan
azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi prosesində də
Azərbaycana yardım edir.

Bütövlükdə, Prezident İlham Əliyevin Slovakiyaya səfəri iki
dövlət arasındakı yüksək siyasi dialoqun, möhkəm dostluğun və
strateji tərəfdaşlığın növbəti təzahürü oldu. Danışıqlarda və
verilən bəyanatlarda səslənən fikirlər göstərdi ki, həm Bakı, həm
də Bratislava əlaqələrin inkişafına böyük maraq göstərir. İki
dövlət arasında müzakirə edilən məsələlərin əhatə dairəsi isə
genişdir. Bu baxımdan, cənab İlham Əliyevin Slovakiyaya etdiyi ilk
rəsmi səfər münasibətlərin yeni mərhələdəki inkişafında mühüm rol
oynayacaq.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı