Bakı. Trend:
Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya
Diplomatiya Forumunda iştirakı çərçivəsində Qvineya-Bisaunun xarici
işlər, beynəlxalq əməkdaşlıq və icmalar naziri Joao Bernardo Vieira
ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumata
görə, görüşdə Azərbaycan və Qvineya-Bisau arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlığın perspektivləri, siyasi, iqtisadi,
humanitar, turizm, energetika və s. sahələr üzrə əməkdaşlıq
imkanları müzakirə olunub.
Çoxtərəfli platformalar, xüsusilə BMT, İslam Əməkdaşlıq
Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində ümumi maraqlarımızın
irəlilədilməsi istiqamətində birgə fəaliyyətin bundan sonra da
davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin, təbii
ehtiyatların işlənməsi sahəsində təcrübə mübadiləsinin
aparılmasının, dövlət xidmətlərinin göstərilməsi üzrə bilik və
təcrübənin bölüşülməsinin, həmçinin təhsil və peşə hazırlığı
istiqamətində təqaüd proqramları və digər imkanlardan daha fəal
istifadənin vacibliyi qeyd olunub.
Azərbaycanın Afrika qitəsi ölkələri, o cümlədən Qvineya-Bisau
ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət
verdiyi qeyd olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

