SOCAR və SEFE enerji infrastrukturunda əməkdaşlığı genişləndirir

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın “Securing
Energy for Europe GmbH “(SEFE) şirkəti enerji infrastrukturunun
inkişafı sahəsində əməkdaşlığı genişləndirəcək.

Bu barədə şənbə günü SOCAR-ın dərc etdiyi məlumatda qeyd
olunub.

“SOCAR ilə “Securing Energy for Europe GmbH” (SEFE) şirkəti
arasında təbii qaz, LNG, enerji təhlükəsizliyi, enerji
infrastrukturunun inkişafı və hasilat layihələri üzrə əməkdaşlıq
haqqında imzalanmış Anlaşma Memorandumu tərəflər arasında təbii qaz
və LNG təchizatı, enerji infrastrukturu layihələrinin birgə
inkişafı, hasilat layihələrinə investisiyalar, habelə enerji
təhlükəsizliyinin gücləndirilməsi sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur.

Şirkətdən bildirildiyinə görə, memorandum çərçivəsində tərəflər
təbii qaz və LNG tədarükü, enerji infrastrukturu layihələrinin
birgə həyata keçirilməsi, hasilat layihələrinə investisiyalar,
həmçinin enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində
əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.




Xatırladaq ki, 2025-ci il iyunun 10-da SOCAR və
Almaniyanın dövlət enerji şirkəti SEFE (Securing Energy for Europe)
təbii qaz tədarükünə dair 10 illik müqavilə imzalayıb. Sənədə
əsasən, SOCAR tərəfindən SEFE şirkəti üçün Avropaya qaz tədarük
ediləcək. Tədarükün illik həcmi mərhələli şəkildə 15 teravat-saata
(TWh), yəni təxminən 1,5 milyard kubmetr təbii qaza çatdırılacaq.
SEFE oktyabr ayında yeni sazişin icra olunduğunu açıqlasa da,
tədarükün başlanmasının dəqiq tarixini bildirməyib.

Qeyd edək ki, SEFE Avropada yerləşən və Almaniya
Federal Hökumətinə məxsus beynəlxalq enerji şirkətidir. Şirkət
enerjinin satın alınması və ticarətindən tutmuş satışına, nəqlinə
və saxlanmasına qədər enerji zəncirinin bütün mərhələlərində
fəaliyyət göstərir. SEFE təbii qaz, LNG və elektrik enerjisi üzrə
ixtisaslaşıb, həmçinin hidrogen və aşağı karbonlu enerji ilə bağlı
istiqamətləri inkişaf etdirir.

SEFE-nin baş ofisi Berlində yerləşir. Şirkətin,
həmçinin London, Kassel, Mançester, Paris, Brüssel, Vyana,
Rotterdam, Sinqapur, Hyuston və digər şəhərlərdə bölmələri və
ofisləri fəaliyyət göstərir.

SEFE Avropada sənaye istehlakçılarını enerji ilə
təchiz edən edən iri şirkətlərdən biridir.