Fransanın dövlət borcu rekord həddə çata bilər

Baş səhifə

Bakı. Trend:

Fransanın dövlət borcu rekord həddə çatacağı gözlənilir. Hökumət
bu il büdcə kəsirini azaltmağa nail ola bilmir, borc yükü də
artmaqda davam edir.

Bu il dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 119,3
faizə çatacaq.

İqtisadiyyat və Maliyyə Nazirliyinin proqnozlarına görə, gələn
il bu göstərici ÜDM-in 121,7 faizini təşkil edəcək. Bu, milli
statistika agentliyi “Insee”nin 1995-ci ildən etibarən ölçmələr
aparmağa başladığı dövrdən bəri borc yükünün ən yüksək
səviyyəsidir.

“Nu.nl” portalı yazır ki, borc yükü Avropa İttifaqı çərçivəsində
razılaşdırılmış yuxarı həddən təxminən iki dəfə çoxdur. Ölkə büdcə
razılaşmalarını pozduğu üçün artıq iki ildir Brüsselin nəzarəti
altındadır.




Bu il büdcə kəsirinin ÜDM-in 5,4 faizinə yüksələcəyi gözlənilir.
Gələn il bu göstərici 5 faizə qədər azalacaq, lakin bu, Avropada
icazə verilən maksimum 3 faizlik səviyyədən yenə də yüksək
olacaq.

Fransa dövlət borcunun həcminə görə Avropa İttifaqında
Yunanıstan və İtaliyadan sonra üçüncü yerdədir.

Baş nazir Sebastyən Lökornü bu həftə 2027-ci il büdcəsində 54
milyard avro həcmində düzəliş və ixtisarların həyata keçirilməsini
nəzərdə tutan təklifləri açıqlayıb. Bununla belə, o, pensiyalar
kimi həssas məsələlərlə bağlı qərarları parlamentin mülahizəsinə
buraxır. Qənaət tədbirləri ilə bağlı razılaşmaların əldə olunması
çətin ola bilər, çünki gələn il keçiriləcək seçkilər ərəfəsində
müxalifət partiyalarının bu tədbirlərə maraq göstərməyəcəyi ehtimal
olunur.