Prezident İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək – əlində nə var idi onu gətirmişdi

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk
Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi,
Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi
Okay Memişi, Özbəkistan Respublikasının Prezidenti yanında
Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudovu, Qırğız
Respublikası Təhlükəsizlik Şurasının katibi Adilet Orozbekovu,
Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası sədrinin müavini
Aida Balayevanı, Şimali Kipr Türk Respublikası Baş nazirinin
müşaviri Mehmet Ağanı qəbul edib.

Söhbət zamanı 2023-cü ildə Kahramanmaraşda baş vermiş zəlzələdən
sonra əşyalarını köhnə qırmızı avtomobilinə yükləyərək
zərərçəkənlərə yardım göstərmək üçün Türkiyəyə yollanan Sərvər
Bəşirlinin hekayəsi də xatırlanıb.

Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi
Okay Memiş 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələ haqqında
danışıb.

“Cənab Prezident, biz 2023-cü il fevralın 6-da, demək olar ki,
kiçik bir qiyamət yaşadıq. Bütün dünya, Allah razı olsun, hamısı
kömək üçün səfərbər oldu. Lakin bu masa ətrafında olan
qardaşlarımız, hətta azərbaycanlı bir qardaşımız qırmızı avtomobili
ilə gəlmişdi”, – deyə o bildirib.

Prezident İlham Əliyev 2023-cü ildə Türkiyədə baş vermiş
zəlzələdən sonra Sərvər Bəşirlinin göstərdiyi yardımdan danışaraq
onun hekayəsini xatırladıb.

“Köhnə bir avtomobillə yorğan-döşək – əlində nə var idi onu
gətirmişdi”, – deyə dövlət başçısı bildirib.