“Qobustan” GES: Azərbaycanın “yaşıl” enerjisinin inkişafında yeni mərhələ (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda 2026-cı il bərpa olunan enerjinin inkişafı
baxımından ən diqqətçəkən dövrlərdən birinə çevrilir. Yeni günəş və
külək elektrik stansiyalarının istismara verilməsi, enerji saxlanc
sistemlərinin yaradılması, şəbəkə infrastrukturunun
modernləşdirilməsi və beynəlxalq investorlarla əməkdaşlığın
genişləndirilməsi göstərir ki, Bərpa Olunan Enerji Mənbələrinin
(BOEM) inkişafı tədricən ayrı-ayrı layihələr çərçivəsindən çıxaraq
ölkənin enerji sisteminin daha genişmiqyaslı transformasiyasının
bir hissəsinə çevrilir.

Bu istiqamətdə növbəti addım sentyabrın 16-da Bakının Qaradağ
rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının
açılışı olub. Layihə bazar üçün xüsusi əhəmiyyət daşıyır, çünki
Azərbaycanda hərrac yolu ilə həyata keçirilən ilk BOEM layihəsi,
eləcə də “Universal Energy” şirkətinin ölkədə reallaşdırdığı ilk
layihədir.

300,77 hektar ərazini əhatə edən torpaq sahəsi 2023-cü ildə
Nazirlər Kabinetinin qərarı ilə Qaradağ rayonunun Pirşağı
qəsəbəsində bərpa olunan enerji obyektinin tikintisi üçün nəzərdə
tutulan ərazi kimi müəyyən edilib. 2024-cü ildə keçirilmiş hərracın
nəticələrinə əsasən, layihənin həyata keçirilməsi hüququ Çinin “Universal International Holdings Limited” şirkətinə verilib.

Elektrik stansiyası layihə gücünə çatdıqdan sonra ildə təxminən
200 milyon kVt/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Bu, ildə təxminən 45 milyon kubmetr təbii qaza qənaət etməyə və
karbon qazı emissiyalarını təxminən 97 min ton azaltmağa imkan
verəcək.

Bununla yanaşı, “Qobustan” 2026-cı il ərzində
sürətlənən daha genişmiqyaslı proqramın elementlərindən yalnız
biridir.

2026-cı il genişmiqyaslı inkişaf mərhələsi
kimi

İlin əvvəli Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti
tərəfindən inşa edilmiş, ölkənin ən iri külək enerjisi
obyektlərindən biri olan 240 MVt gücündə “Xızı-Abşeron” Külək
Elektrik Stansiyasının istismara verilməsi ilə əlamətdar olub.
Stansiyanın illik elektrik enerjisi istehsalının təxminən 1 milyard
kVt/saat olacağı nəzərdə tutulur. Gözlənilir ki, stansiyanın
istismarı ildə təxminən 220 milyon kubmetr təbii qaza qənaət etməyə
və 400 min tondan çox karbon qazı emissiyasının qarşısını almağa
imkan verəcək.

Beləliklə, Azərbaycanda bərpa olunan enerjinin inkişafı getdikcə
yalnız karbonsuzlaşdırma ilə deyil, həm də ənənəvi enerji
resurslarından istifadənin optimallaşdırılması ilə birbaşa
əlaqələndirilir. Günəş və külək elektrik stansiyalarında istehsal
olunan enerji təbii qazın digər istiqamətlər, o cümlədən potensial
ixrac üçün istifadəyə yönəldilməsinə imkan yaradır.

Prezident İlham Əliyev açılış mərasimində çıxış edərkən bildirib
ki, qarşıdakı illərdə Azərbaycanda bərpa olunan enerji mənbələri
ilə işləyən elektrik stansiyalarının tikintisi geniş vüsət
alacaq.

“Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji
stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq,
əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək
səviyyədə olmalıdır. Yəni burada biz çox uğurlu beynəlxalq
əməkdaşlıq nümunəsini görürük. Onu da bildirməliyəm ki, bundan
sonra bərpaolunan enerji növlərinin yaradılması ilə daha çox xarici
investorlar məşğul olacaqlar. Halbuki Azərbaycan şirkətləri də bu
məsələyə maraq göstərməyə başlamışlar və artıq bir neçə Günəş
elektrik stansiyasının tikintisinə də başlanılmışdır”,-deyə
Prezident İlham Əliyev bildirib.

Bu model artıq həyata keçirilən layihələrdə praktiki əksini
tapır. İlkin mərhələlərdə dövlət və beynəlxalq institutlar mühüm
rol oynayırdısa, hazırda xarici enerji şirkətləri və özəl biznes
sektora fəal şəkildə qoşulur, hərrac mexanizmi isə investisiyaların
cəlb edilməsi üçün əlavə imkanlar yaradır.

İstehsaldan yeni enerji infrastrukturunun
yaradılmasına

Digər istiqamətlərdən biri də şəbəkə
infrastrukturunun gücləndirilməsi olub. May ayında “AzərEnerji”
tərəfindən Cəbrayıl rayonunda inşa edilmiş 330 kilovoltluq
yarımstansiya istifadəyə verilib. Avqust ayında isə 220/110/10
kV-luq “Yeni Səngəçal” yarımstansiyası istismara verilib.

Sonuncu layihə sənaye infrastrukturunun
karbonsuzlaşdırma ilə birbaşa əlaqəlidir. Layihə çərçivəsində
Səngəçal terminalının illik təxminən 500 milyon kVt/saat elektrik
enerjisinə olan tələbatının bərpa olunan enerji mənbələri hesabına
təmin edilməsi nəzərdə tutulur. Bu, ildə 120–150 milyon kubmetr
təbii qaza qənaət etməyə və karbon emissiyalarını 260–330 min ton
azaltmağa imkan verəcək.

Beləliklə, söhbət artıq yalnız yeni elektrik
stansiyalarının tikintisindən getmir. Elektrik enerjisinin
istehsalı, saxlanması, ötürülməsi və son istehlakını əhatə edən
vahid infrastruktur formalaşır.

Əsas artım regionların payına
düşür

Yeni layihələrin əhəmiyyətli hissəsi Bakıdan kənarda
cəmləşir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə BOEM-in
inkişafı sürətlə gedir.

Cəbrayıl rayonunda ümumi gücü 340 MVt olan üç günəş elektrik
stansiyası inşa edilir. Zəngilan, Laçın və Kəlbəcərdə ümumi gücü
300 MVt-dan çox olan hidroelektrik stansiyalar artıq istismara
verilib. Qarşıdakı illərdə bu ərazilərin elektrik enerjisi
istehsalı üzrə ümumi günəş və hidroenerji potensialının 700 MVt-a
yaxınlaşacağı gözlənilir.

Paralel olaraq, Naxçıvanda da layihələr inkişaf etdirilir.
Burada ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” günəş
elektrik stansiyaları inşa olunur.

Gücünün 25 MVt olması nəzərdə tutulan “Şəms 1” layihəsi 52
hektar ərazidə həyata keçirilir. “CEİ Naxçıvan” MMC artıq 10 MVt
gücündə günəş panellərinin quraşdırılmasını başa çatdırıb, tikinti
işlərinin isə noyabr ayında yekunlaşdırılması planlaşdırılır.
Stansiyanın istismara verilməsi zəruri şəbəkə infrastrukturunun
tikintisinin başa çatdırılmasından da asılı olacaq.

BOEM sahəsində Azərbaycanın əsas beynəlxalq tərəfdaşlarından
biri BƏƏ-nin “Masdar” şirkətidir. Əməkdaşlığın miqyası göstərir ki,
söhbət artıq ayrı-ayrı obyektlərdən deyil, bütöv layihələr
portfelinin formalaşdırılmasından gedir.

Bu yaxınlarda “Masdar” və “SOCAR Green” Neftçala rayonunda 315
MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə
maliyyə bağlanmasının başa çatdığını təsdiqləyib. Stansiyanın ildə
686 milyon kVt/saatdan çox elektrik enerjisi istehsal edəcəyi və
təxminən 140 min təsərrüfatın elektrik enerjisi ilə təmin
olunmasına imkan verəcəyi gözlənilir. Bununla yanaşı, karbon
emissiyalarının ildə təxminən 280 min ton azalacağı
proqnozlaşdırılır.

Neftçala ilə yanaşı, “Masdar” və “SOCAR Green” Biləsuvarda 445
MVt gücündə günəş elektrik stansiyası və 240 MVt gücündə
“Abşeron-Qaradağ” quruda külək elektrik stansiyası layihələrini də
həyata keçirirlər. Bu layihələrin məcmu gücü 1,2 QVt-dan
çoxdur.

“Masdar”ın “Azerbaijan Green Energy Company” ilə imzaladığı
əlavə saziş yeni imkanların araşdırılmasını nəzərdə tutur. Xüsusilə
tərəflər “Masdar”ın 230 MVt gücündə Qaradağ Günəş Elektrik
Stansiyasının gücünün ən azı daha 350 MVt artırılmasını, həmçinin
200 MVt·saatadək gücə malik enerji saxlanc sisteminin yaradılmasını
nəzərdən keçirirlər.




Qaradağ GES-in özü də xüsusi əhəmiyyət daşıyır: layihə
Azərbaycanda xarici investisiyalar əsasında həyata keçirilən ilk
irimiqyaslı günəş enerjisi layihəsi olub. Stansiya ildə təxminən
500 milyon kVt/saat elektrik enerjisi istehsal edir ki, bu da 110
mindən çox təsərrüfatın istehlakına bərabərdir.

“Masdar” və AGEC, həmçinin gün ərzində fasiləsiz elektrik
enerjisi verilişini təmin edəcək 100 MVt gücündə layihənin həyata
keçirilməsi imkanını araşdıracaqlar. Günəş və külək enerjisinin
dəyişkən istehsal payının artdığı şəraitdə belə layihələr xüsusi
əhəmiyyət daşıya bilər. Çünki onlar elektrik enerjisinin
istehsalını daha sabit təchizatı təmin edən texnologiyalarla
birləşdirməyi nəzərdə tutur.

Daxili enerji balansından ixraca

Artıq həyata keçirilən layihələrin miqyası məsələnin qoyuluşunu
da tədricən dəyişir. Əgər ilkin mərhələdə BOEM-in inkişafı əsasən
daxili enerji istehsalının şaxələndirilməsi, qaza qənaət və
emissiyaların azaldılması ilə bağlı idisə, növbəti mərhələ ixraca
yönəldilə biləcək izafi güclərin yaradılmasıdır.

Azərbaycanın “yaşıl” enerjinin texniki potensialı quruda 135
QVt, dənizdə isə 157 QVt həcmində qiymətləndirilir. İqtisadi
potensial təxminən 27 QVt təşkil edir ki, bunun 23 QVt-ı günəş, 3
QVt-ı isə külək enerjisinin payına düşür. Bioenerji potensialı 380
MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində
qiymətləndirilir.

“Qobustan” GES istismara verildikdən sonra Azərbaycanda BOEM
obyektlərinin ümumi gücü 2170 MVt təşkil edəcək. Ölkədə 65
hidroelektrik stansiya, altı külək elektrik stansiyası, 10 günəş
elektrik stansiyası, üç hibrid elektrik stansiyası və bir
bioelektrik stansiya olmaqla, ümumilikdə 85 belə obyekt fəaliyyət
göstərəcək. BOEM ölkənin ümumi enerji gücünün təxminən 21,5 faizini
təşkil edəcək.

Bununla yanaşı, hazırkı göstəricilər aralıq xarakter daşıyır.
2027-ci ilin sonunadək ümumi gücü təxminən 1,5 QVt olan bərpa
olunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji
Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, ilin sonunadək daha üç BOEM
stansiyasının istismara verilməsi planlaşdırılır.

“Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını üç
mərhələdə həyata keçirməyi nəzərdə tutmuşuq. Birinci mərhələ
2027-ci ilin sonunda başa çatır və həmin mərhələnin sonunadək
təxminən 2 giqavat həcmində bərpa olunan enerji güclərinin
istismara verilməsi nəzərdə tutulur”, – deyə o bildirib.

Onun sözlərinə görə, birinci mərhələ çərçivəsində bütün zəruri
işlər artıq görülüb, müvafiq müqavilələr imzalanıb və investorlar
demək olar ki, bütün mərhələlərdə iş aparırlar.

“Bu stansiya istismara verdiyimiz 11 stansiyadan üçüncüsüdür.
İlin sonunadək daha təxminən üç stansiyanı istismara verə
biləcəyimizi gözləyirik”, – deyə C.Abdullayev qeyd edib.

Lakin ikinci mərhələ artıq daxili enerji istehsalının
artırılması çərçivəsindən kənara çıxır. Abdullayevin sözlərinə
görə, Azərbaycan müvafiq marşrutlar üzrə elektrik enerjisinin
ixracına yönəlmiş güclərin formalaşdırılmasına başlamalıdır.

Ən irimiqyaslı istiqamətlərdən biri Azərbaycan –
Gürcüstan – Qara dəniz – Rumıniya – Macarıstan marşrutu üzrə
elektrik enerjisinin ötürülməsi layihəsidir. Bu layihə üzrə artıq
ilkin texniki-iqtisadi əsaslandırma hazırlanaraq təqdim edilib.

“Bilirsiniz ki, hazırda dörd bizim interkonnektorumuz masa
üzərindədir. Biri ilə bağlı təhlillər Azərbaycan, Gürcüstan, Qara
dənizin dibi ilə keçməklə Rumıniya-Macarıstan xəttinin ilkin
texniki iqtisadi əsaslandırılması sənədi artıq hazırlanıb, təqdim
olunub və sevindirici hal odur ki, texniki və iqtisadi cəhətdən o
marşrutun cəlbedici olduğu bu tədqiqat nəticəsində bəlli olub. Və
indi hal-hazırda zəruri olan və bu cəlbediciliyin daha da
artırılması üçün mümkün olan bütün maliyyə mexanizmlərinin işə
düşməsi üçün addımlar atılır.

Bu addımlar çərçivəsində həmin layihə hal-hazırda bizdə Avropa
şəbəkəsinin 10 illik inkişaf planına daxil olunması ilə bağlı işlər
yekunlaşmaq üzrədir. Eyni zamanda ondan sonra həmin layihəyə “Project of Mutual Interest”, “Project of Common Interest” yəni
ikitərəfli maraq və yaxud ümumi maraq statuslarından birinin
alınması üzərində işlər gedəcək”, – deyə o, bildirib.

O bildirib ki, bununla əlaqədar olaraq, müvafiq ölkələrin dörd
ötürücü sistem operatorunun iştirakı ilə birgə müəssisə
yaradılıb.

“Bununla bağlı o yaradılmış birgə müəssisə var, dörd ötürücü
operator hər ölkədə şəbəkədən deməli tərəfindən, o müəssisə
tərəfindən zəruri bütün işlər həyata keçirilir və o bizə imkan
verəcək ki, müəyyən maliyyə institutlarının güzəştli şərtlərlə,
bəzi hallarda hətta qrant şəklində o layihələrə nəsə vəsaitlər cəlb
olunsun” deyə o qeyd edib.

Üçüncü mərhələ: “yaşıl” enerji yeni ixrac resursu
kimi

Uzunmüddətli perspektivdə BOEM-in inkişafına artıq yalnız daxili
enerji istehsalının strukturunun dəyişdirilməsi vasitəsi kimi
baxılmır. Söhbət elektrik enerjisinin bərpa olunan mənbələr
hesabına istehsalının Azərbaycanın əlavə ixrac resursuna çevrilə
biləcəyi yeni enerji siyasəti istiqamətinin formalaşdırılmasından
gedir.

Abdullayevin sözlərinə görə, üçüncü mərhələ yeni texnoloji
həllər tələb edəcək və ölkənin enerji potensialından daha geniş
istifadə ilə bağlı olacaq.

“Azərbaycan həm neft, həm qaz, həm də “yaşıl” enerji ilə
zəngindir. Biz Avropanın enerji təhlükəsizliyini həmişə təmin
eləmişik. İndi elektrik enerjisi ilə də, yaşıl enerji ilə də bu
prosesi davam elətdirmək istəyirik. Üçüncü mərhələdə artıq o böyük
ki bizdə potensial var, onun reallaşdırılması, hidrogen, digər
vəsaitlərdən yararlanmağa və daha belə də digər texnologiyalardan
istifadə olunmasına böyük töhfə verəcək. Və təbii ki, dünyada artan
rəqəmsallaşmada data mərkəzləri və sair bunlar da böyük enerji
resursları tələb eləyir. O baxımdan da təbii ki, yaradılacaq
güclərin tələbat tərəfində də ciddi biz artımlar gözləyə bilərik”,
– deyə o qeyd edib.

Beləliklə, Azərbaycanda BOEM-in inkişafı tədricən bir-biri ilə
əlaqəli bir neçə istiqamət formalaşdırır. Birincisi, ənənəvi enerji
istehsalının bir hissəsinin əvəzlənməsi və təbii qazın
sərbəstləşdirilməsidir. İkincisi, yeni infrastrukturun
yaradılmasıdır. Üçüncüsü, xarici investisiyaların cəlb edilməsi və
iri enerji klasterlərinin formalaşdırılmasıdır. Dördüncüsü isə
elektrik enerjisinin və perspektivdə digər “yaşıl” enerji
növlərinin ixracı üçün infrastrukturun hazırlanmasıdır.

“Qobustan” GES-in açılışı bu kontekstdə ayrı-ayrı hadisədən daha
çox, sektorun miqyasının genişləndirilməsinin növbəti mərhələsi
kimi qiymətləndirilə bilər. Hərrac modeli, beynəlxalq investorların
iştirakı, enerji saxlanc sistemlərinin inkişafı və transsərhəd
interkonnektorların hazırlanması Azərbaycanın enerji
transformasiyasının növbəti mərhələsinə – ayrı-ayrı BOEM
obyektlərinin tikintisindən tammiqyaslı “yaşıl” enerji
ekosisteminin formalaşdırılmasına keçid etdiyini göstərir.