Bakı. Trend:
Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də
keçirilən iclasında “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi
müzakirəyə çıxarılıb.
Trend-in
tədbirdəki müxbirinin xəbərinə görə, komitə üzvləri iclasda yeni
qanun layihəsi haqqında fikirlərini bildiriblər, müxtəlif suallar
və təkliflər səsləndiriblər.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, məhsul
şəhadətnaməsi fermerlərin maliyyə resurslarına çıxışının
genişləndirilməsinə imkan verəcək. Onun sözlərinə görə, fermerə
maliyyə vəsaiti məhsul istehsalından əvvəl, əkin işlərinin
aparılması, gübrə və digər zəruri resursların alınması üçün
lazımdır. Məhsul şəhadətnaməsinin tətbiqi bu baxımdan maliyyə
vəsaitinin daha operativ əldə edilməsinə şərait yarada bilər.

Tahir Rzayev qeyd edib ki, məhsul şəhadətnaməsi üzrə fermerin
məhsulu öhdəliyə uyğun təhvil verə bilmədiyi hallarda da qanun
layihəsində alternativ mexanizmlər nəzərdə tutulur. Belə ki,
öhdəliyin başqa ərzaq, əmtəə və ya pul vəsaiti ilə
əvəzləşdirilməsi, təbii fəlakət baş verdikdə isə sığorta
mexanizmindən istifadə edilməsi mümkün olacaq. O, məhsul
şəhadətnaməsinin tətbiqini fermerlərin maliyyələşdirilməsi
baxımından effektiv mexanizm kimi qiymətləndirib.
Deputat Vüqar İskəndərov bildirib ki, məhsul şəhadətnaməsinin
əsas üstünlüklərindən biri fermerlərin maliyyəyə daha sürətli
çıxışını təmin etməsidir. Onun sözlərinə görə, fermer gələcək
məhsulunu əsas götürərək əkinə başlamazdan əvvəl maliyyə vəsaiti və
zəruri resursları əldə edə biləcək.

Vüqar İskəndərov kiçik və orta fermerlərin hüquqlarının
qorunması üçün mexanizmin şəffaf qurulmasını təklif edib. O qeyd
edib ki, fermer əvvəlcədən nə qədər maliyyə alacağını, hansı
öhdəliyi üzərinə götürəcəyini və yekunda nə qədər vəsait ödəməli
olacağını dəqiq bilməlidir. Deputat həmçinin ilkin mərhələdə məhsul
şəhadətnaməsi əsasında maliyyələşmədən istifadə edən kiçik
fermerlərin faiz və xidmət xərclərinin bir hissəsinin
subsidiyalaşdırılmasını təklif edib.
Deputat sadə sənədləşmənin də vacib olduğunu vurğulayıb. Onun
sözlərinə görə, fermerin vaxtı inzibati prosedurlara deyil, birbaşa
istehsala sərf olunmalıdır və məhsul şəhadətnaməsinin əldə edilməsi
ilə bağlı bürokratik maneələr minimuma endirilməlidir.
Komitənin üzvü, deputat Cavanşir Paşazadə məhsul
şəhadətnaməsinin Azərbaycan kənd təsərrüfatı məhsullarının
ixracında da əhəmiyyətli rol oynaya biləcəyini bildirib. Onun
sözlərinə görə, məhsulun keyfiyyətinin və mənşəyinin
müəyyənləşdirilməsi, başqa sözlə, məhsulun “pasportlaşdırılması”
xarici bazarlara çıxış baxımından vacibdir.

Cavanşir Paşazadə fermerlərin sənədləşmə yükünün
artırılmamasının vacibliyini vurğulayıb. O bildirib ki, xüsusilə
kiçik fermerlərin bank prosedurları, subsidiya mexanizmləri, gübrə
və digər kənd təsərrüfatı vasitələrinin əldə edilməsi ilə bağlı
məsələlərdə çətinliklərlə üzləşməməsi üçün daha əlçatan mexanizmlər
yaradılmalıdır. Deputat gübrə və dərman vasitələrinin keyfiyyətinə
nəzarətin də mühüm olduğunu qeyd edib.
Deputat Novruzəli Aslanov məhsul şəhadətnaməsinin qiymətli kağız
kimi tətbiqi ilə bağlı bir sıra sualların olduğunu bildirib. O,
şəhadətnamənin başqa şəxsə verilməsi, qiymətli kağız kimi
dövriyyəsi, kredit və digər maliyyə münasibətlərində istifadəsi
zamanı yarana biləcək risklərin dəqiq müəyyənləşdirilməsinin
vacibliyini vurğulayıb.

Novruzəli Aslanovun sözlərinə görə, qanun layihəsinin əsas
üstünlüklərindən biri fermerlərin maliyyə əlçatanlığının
artırılması və mövcud prosedurların sadələşdirilməsidir. O, layihə
ilə bağlı çoxsaylı sualların yarana biləcəyini nəzərə alaraq qanun
layihəsinin ictimaiyyətə daha geniş izah edilməsini və televiziya,
media və digər platformalar vasitəsilə müzakirələrin təşkil
olunmasını təklif edib.
Deputat Malik Həsənov bildirib ki, qanunvericilikdə nəzərdə
tutulan yeniliklər aqrar sahənin inkişafında əhəmiyyətli rol oynaya
bilər. O, Vətən müharibəsində əldə olunan qələbədən sonra işğaldan
azad edilmiş ərazilərdə aqrar sektorun inkişafı üçün geniş
imkanların yarandığını qeyd edib.

Malik Həsənovun sözlərinə görə, həmin ərazilərdə əkin və örüş
sahələrinin geniş olması, həmçinin su ehtiyatlarının mövcudluğu
kənd təsərrüfatının inkişafı üçün əlverişli şərait yaradır. Deputat
süni intellekt və rəqəmsallaşmanın aqrar sahədə tətbiqinin də yeni
imkanlar yaratdığını vurğulayıb.
O bildirib ki, əkin torpaqlarının keyfiyyətinin
yaxşılaşdırılması, toxumçuluğun inkişaf etdirilməsi, yeni dözümlü
və quraqlığa davamlı toxum sortlarının yaradılması əsas
prioritetlər sırasında olmalıdır.
Deputatlar layihədə səsləndirilən təkliflərə müsbət
yanaşdıqlarını və qanun layihəsinin Milli Məclisin plenar iclasına
tövsiyə edilməsini dəstəklədiklərini bildiriblər.

