
Bakı. Trend:
Azərbaycanda 2026-cı ilin ilk yarısında dövlət investisiya
proqramı çərçivəsində 287 layihənin icrası həyata keçirilib.
Maliyyə Nazirliyinin məlumatına görə, layihələrin icrası üçün
nəzərdə tutulan 2,7 milyard vəsaitin 810,2 milyon manatı hesabat
dövründə istifadə olunub.
Məlumata əsasən, istifadə olunan vəsaitin 337,8 milyon manatı
nəqliyyat, 171,2 milyon manatı digər, 151,2 milyon manatı su
təsərrüfatı və meliorasiya, 60,9 milyon manatı müdafiə və
hüquq-mühafizə, 51,2 milyon manatı sosial, 37,9 milyon manatı isə
energetika və sənaye layihələrinə yönəldilib.
Layihələrin sayına görə ən böyük pay su təsərrüfatı və
meliorasiya sektorunun payına düşüb. Belə ki, hesabat dövründə bu
istiqamətdə 88 layihə icra edilib. Nəqliyyat sahəsində 42, sosial
sahədə 63, müdafiə və hüquq-mühafizə istiqamətində 40, digər
sahələr üzrə 43, energetika və sənaye sektorunda isə 11 layihə
həyata keçirilib.
Dövlət investisiya proqramı üzrə 2026-cı il üçün ümumilikdə 2,7
milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, ilin ilk altı
ayında proqram üzrə nəzərdə tutulan vəsaitin təxminən 30 faizi
istifadə edilib.
Bununla yanaşı, xarici kreditlər hesabına maliyyələşdirilən
investisiya layihələri üzrə də 99,2 milyon manat vəsaitdən istifadə
olunub.
Böyük Qayıdış proqramına 1 milyard manatdan çox vəsait
yönəldilib
2026-cı ilin ilk yarısında dövlət büdcəsinin investisiya yönümlü
əsaslı xərclərinin icrası 4 milyard 188,2 milyon manat təşkil
edib.
Bu vəsaitin 1 milyard 64,1 milyon manatı Böyük Qayıdış
Proqramına, 810,2 milyon manatı dövlət investisiya proqramına, 2
milyard 313,9 milyon manatı isə digər əsaslı xərclərə
yönəldilib.
Böyük Qayıdış Proqramı çərçivəsində 2026-cı il üçün 3,5 milyard
manat vəsait nəzərdə tutulub. Yanvar–iyun aylarında bunun 30 faizə
yaxın hissəsi icra edilib.
Böyük Qayıdış çərçivəsində ən çox vəsait nəqliyyat layihələrinə
– 505,2 milyon manat, sosial layihələrə isə 400,5 milyon manat
yönəldilib. Bundan əlavə, energetika və sənaye, müdafiə və
hüquq-mühafizə, su təsərrüfatı və meliorasiya, eləcə də digər
istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi həyata
keçirilib.

