
Bakı.Trend:
Tarixi məlumatların rəqəmsallaşdırılması və kadr hazırlığı
neft-qaz şirkətlərinin uğurlu rəqəmsal transformasiyası üçün əsas
şərtlər olaraq qalır.
Trend xəbər verir
ki, bu barədə “Bahar Energy Operating Company”nin istehsalat və
texnologiyalar departamentinin direktoru Orxan Hüseynov 31-ci
Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində keçirilən panel
sessiyada bildirib.
Onun sözlərinə görə, şirkət hazırda istehsal proseslərinin
rəqəmsallaşdırılmasına və ehtiyatların işlənilməsi səmərəliliyinin
artırılmasına yönəlmiş genişmiqyaslı təşəbbüslər həyata
keçirir.
“Bizim üçün əsas çağırışlardan biri məlumatlarla iş oldu. Hər
hansı layihəyə başlamaq üçün qərarların qəbul edilməsinə və sonrakı
fəaliyyətin qurulmasına əsas verən keyfiyyətli ilkin məlumat
bazasına malik olmaq lazımdır”, – deyə o bildirib.
O.Hüseynov vurğulayıb ki, illər ərzində toplanmış materialların
əhəmiyyətli hissəsi yalnız kağız şəklində mövcud olub.
“Bir çox məlumatlar kağız sənədlərdə, qeydlərdə və arxivlərdə
saxlanılırdı. Rəqəmsal təşəbbüslərin həyata keçirilməsinə
başlamazdan əvvəl bu məlumatlar kütləsini rəqəmsallaşdırmaq
zərurəti yaranmışdı”, – deyə o qeyd edib.
Şirkət nümayəndəsinin sözlərinə görə, keyfiyyətli və
strukturlaşdırılmış məlumat bazasının mövcudluğu müasir rəqəmsal
həllərdən və ixtisaslaşmış proqram təminatından səmərəli istifadə
üçün vacib şərtdir.
O qeyd edib ki, yeni texnologiyaların tətbiqində daha bir ciddi
çağırış təşkilati məsələlərlə bağlı olub.
“Yeni həlləri tətbiq edərkən son istifadəçilərin hazırlığını
təmin etmək son dərəcə vacibdir. Əməkdaşlar hər bir alətdən hansı
nəticələri gözləməli olduqlarını, proqram təminatı ilə necə
işləməyi və yeni məhsullardan maksimum səmərə ilə necə istifadə
etməyi bilməlidirlər”, – deyə O.Hüseynov vurğulayıb.

