
Bakı. Trend:
Çinin “Changzheng-6A” (“Böyük yürüş – 6A”) raket daşıyıcısı
bazar günü mülki istifadə üçün nəzərdə tutulan “Yaogan-50 02”
məsafədən zondlama kosmik aparatını orbitə çıxarıb.
Trend xəbər verir
ki, bu barədə CGTN məlumat yayıb.
Orta sinifli “Changzheng-6A” daşıyıcısı Çinin şimalında yerləşən
Şansi əyalətindəki Tayyuan kosmodromundan buraxılıb. Kosmik aparat
ştat rejimində 500 kilometr hündürlükdə yerləşən hədəf orbitinə
uğurla çatdırılıb.
“Yaogan” seriyasına aid peyklər əsasən ərazilərin topoqrafik
xəritələşdirilməsi, kənd təsərrüfatı sahələrinin və məhsuldarlığın
monitorinqi, həmçinin təbii fəlakətlər barədə erkən xəbərdarlıq
sistemlərində istifadə olunur. Bununla yanaşı, bəzi müstəqil Qərb
analitikləri bu peykləri kəşfiyyat məqsədli kosmik aparatlara aid
edirlər.
“Yaogan” kosmik aparatı Çin Aerokosmik Elm və Texnika
Korporasiyasının törəmə qurumu olan Çin Kosmik Texnologiyalar
Akademiyası tərəfindən hazırlanıb.


