
2025-ci ildə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2024-cü illə müqayisədə 5,9 faiz azalaraq 653 milyon manat olub.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bunun 61,8 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,2 faizi ictimai iaşə xidmətlərindən, 2,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
Ötən il mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 24,4 faiz olub (əvvəlki il 24 faiz). Bu göstərici Naftalanda 48,5 faiz, Şabranda 41,7 faiz, Bakıda 36,9 faiz, Qusarda 31,7 faiz, Sabirabadda 27,7 faiz, Lənkəranda 23,3 faiz, Qəbələdə 21,5 faiz, Şamaxıda 20,5 faiz, Bərdədə 19,5 faiz, Qubada 16,6 faiz, Beyləqanda 15,7 faiz, Ağdamda 15,6 faiz, Qaxda 15,5 faiz, Masallıda 15,3 faiz, digər şəhər və rayonlarda isə 15,3 faizdən aşağı olub.

