Almaniyada “Elli” fırtınası ciddi fəsadlara yol açıb

Baş səhifə

Bakı. Trend:

Almaniyanın bir çox bölgəsində tüğyan edən “Elli” fırtınası
ciddi fəsadlar yaradıb.

Trend xəbər verir
ki, qarlı və buzlu hava şəraiti ilə əlaqədar ölkənin şimalında
fövqəladə hava xəbərdarlıqları hələ də qüvvədədir.

Fırtına səbəbindən “Alman Dəmir Yolları” şirkəti ölkənin şimal
bölgəsində bütün uzunməsafəli qatarların hərəkətini dayandırıb.
Xüsusilə Hannover ətrafında dəmir yolu reysləri müvəqqəti olaraq
ləğv edilib.




Şimal və şərq bölgələrində yolların buz bağlaması bir sıra
yol-nəqliyyat hadisələrinə səbəb olub. Bavariya əyalətində iki ölüm
faktı qeydə alınıb. Avtomobil və yük nəqliyyatı da ciddi
çətinliklərlə üzləşib, ağır tonnajlı yük maşınlarının yollarda
qalması böyük tıxaclara səbəb olub.

Ölkənin şimal əyalətlərində yerləşən hava limanlarında bir sıra
reyslər ləğv edilib və ya gecikdirilib. Bundan əlavə, bəzi adalar
və limanlarla nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb. Hamburq,
Aşağı Saksoniya, Bremen və Şlezviq-Holştayn əyalətlərində məktəblər
bağlanıb.

Almaniyanın Meteorologiya Xidməti yaxın günlərdə güclü qar
yağışının yollarda əlavə çətinliklər yaradacağı barədə xəbərdarlıq
edib. Bununla yanaşı, hava şəraitinin həftəsonuna qədər tədricən
yumşalacağı gözlənilir.