
Bakı.Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Çexiyaya 562,1
milyon ABŞ dolları dəyərində 802,4 min ton bitumlu süxurlardan
alınmış xam neft və neft məhsulları ixrac olunub.
Trend-in Dövlət Gömrük Komitəsinin Azərbaycanın xarici
ticarətinin gömrük statistikası məlumatları əsasında apardığı
hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 15,025 milyon ABŞ dolları və ya 2,7
faiz çox, həcm baxımından isə 225,2 min ton və ya 21,9 faiz
azdır.
Komitənin məlumatına əsasən, ötən ilin yanvar-iyul aylarında
Azərbaycandan Çexiyaya 1,028 milyon ton bitumlu süxurlardan əldə
edilən xam neft və neft məhsulları ixrac olunub. Bu ixracın dəyəri
isə 547,091 milyon ABŞ dolları təşkil edib.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycan 8 milyard
32 milyon 904 min ABŞ dolları dəyərində 12 milyon 722 min 591 ton
bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac
edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından
372,7 milyon ABŞ dolları və ya 4,9% çox, həcm baxımından isə 1,7
milyon ton və ya 12,1% azdır.
Xatırladaq ki, bundan əvvəl Çexiyanın Sənaye və Ticarət
Nazirliyindən Trend-ə verilən özəl məlumatda Azərbaycanın Çexiya
üçün etibarlı strateji tərəfdaş kimi özünü təsdiqlədiyi
bildirilmişdi. Nazirlik vurğulamışdı ki, Azərbaycan ölkənin əsas
xam neft tədarükçülərindən biridir və Çexiyanın enerji
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
“Praqa Azərbaycanı Avropanın enerji təchizatının
şaxələndirilməsi məsələsində mühüm tərəfdaş hesab edir və
energetika sahəsində əməkdaşlığın daha da inkişafını dəstəkləyir.
Neft və qaz tədarükünün şaxələndirilməsinin təmin olunması ölkənin
enerji siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa, Xəzər regionu və
Mərkəzi Asiya arasında əlaqələndirici körpü rolu onun Çexiya da
daxil olmaqla Avropa dövlətləri üçün strateji tərəfdaş kimi
əhəmiyyətini daha da artırır”, – deyə nazirlikdən bildirilib.

