
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətində 31 Dekabr – Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində
2025-ci il ərzində beynəlxalq yarışlarda uğur qazanan idmançılar və
onların məşqçiləri ilə görüş keçirilib.
Trend xəbər verir
ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və
onların məşqçilərini təbrik edib, onlara gələcək yarışlarda uğurlar
arzulayıb. Bildirib ki, ölkəmizdə idman siyasətinin təməli Ulu
Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət hazırda
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Azərbaycan vətəndaşının fiziki sağlamlığına
xüsusi önəm verən Prezident İlham Əliyev idman və bədən
tərbiyəsinin inkişafı istiqamətində kompleks tədbirlər həyata
keçirir, mühüm qərarlar qəbul edir.
Görüşdə qeyd edilib ki, 2025-ci il ərzində xaçmazlı idmançılar
beynəlxalq yarışlarda 2 qızıl, 5 gümüş və 3 bürünc medal
qazanıblar. Respublika yarışlarında isə yeniyetmə və gənclər 65-ə
yaxın müxtəlif əyarlı medal əldə ediblər.
İdmançılar və məşqçilər göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.
Görüşün sonunda idman sahəsində əldə etdikləri yüksək
nailiyyətlərə görə bir qrup idmançı və onların məşqçilərinə Xaçmaz
Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və xatirə hədiyyələri
təqdim olunub.

