Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron yeni nəsil nüvə
aviadaşıyıcısının inşasını nəzərdə tutan proqramın rəsmi şəkildə
başladığını elan edib.
Trend-in
“Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu açıqlama
Makronun Əbu-Dabidə yerləşən hərbi bazada fransız hərbçilər
qarşısında çıxışı zamanı səsləndirilib.
Yeni aviadaşıyıcı Fransa Hərbi Dəniz Qüvvələrinin hazırkı
flaqmanı olan “Şarl de Qoll” gəmisini əvəz etmək üçün inşa
ediləcək.
Prezident bildirib ki, “iri miqyaslı layihə”nin həyata
keçirilməsinə başlanması ilə bağlı qərar məhz bu həftə qəbul
olunub.
“Porte-Avions Nouvelle Génération” adlanan proqramın ümumi
dəyəri təxminən 10,25 milyard avro həcmində qiymətləndirilir.
Qeyd olunur ki, yeni aviadaşıyıcı indiyədək Avropada tikilmiş ən
böyük hərbi gəmi olacaq və K22 tipli iki nüvə reaktoru ilə təchiz
ediləcək.
Gəminin 2038-ci ildə xidmətə verilməsi nəzərdə tutulur.

