KİV: İranda yoxsulluq və bərabərsizlik dərinləşir

Baş səhifə
KİV: İranda yoxsulluq və bərabərsizlik dərinləşir

Beynəlxalq sanksiyaların sərtləşdiyi şəraitdə İranda yoxsulluq və bərabərsizlik dərinləşir və ölkə sərvətinin təxminən üçdə biri əhalinin cəmi bir faizinin əlində cəmləşib.

“Report” xəbər verir ki, bu barədə “Donya-ye-Eghtesad” qəzetinin son hesabatında məlumat verilib.

Hesabatda ABŞ Maliyyə Nazirliyinin 18 dekabrda 29 neft tankeri və onları idarə edən şirkətlərə qarşı sanksiyalar tətbiq etmək qərarına da toxunulub. Bu addım İranın sanksiyalardan yayınmaq, neft və neft-kimya məhsullarını ixrac etmək üçün istifadə olunan “kölgə donanması”na qarşı yönəlib.

Bu tədbirlər İranın valyuta gəlirlərini kəskin şəkildə azaldacaq və artıq inflyasiya, valyuta devalvasiyası və alıcılıq qabiliyyətinin azalması ilə mübarizə aparan iqtisadiyyata təzyiqi artıracaq.

“İrandakı qiymət artımı yoxsulluqdan xəbər verir. Sərbəst bazarda xarici valyuta və qızılın qiymətlərinin kəskin artması yoxsulluğun yayılmasını əks etdirir və bu artımdan yaranan inflyasiya növbəti aylarda İranın ev təsərrüfatlarına əlavə yük yaradacaq. Təkcə son bir il ərzində İranda ərzaq məhsullarının orta qiyməti 66 faizdən çox artıb”, – hesabatda qeyd olunub.

Bildirilib ki, inflyasiya təzyiqi BMT sanksiyalarının bərpasından və İran rəsmilərinin ölkənin nüvə proqramının davam etdirilməsində israr etməsi ilə bağlı təkrarlanan bəyanatlarından sonra güclənib.

“Donya-ye-Eghtesad”ın sitat gətirdiyi İranın iqtisadi eksperti Əli Heydari bildirib ki, İrandakı bərabərsizlik dünya ortalamasından daha pisdir. Onun sözlərinə görə, 2022-ci ildə iranlıların təxminən 26 faizi yoxsulluq həddindən aşağı yaşayırdısa, 2023-cü ildə bu rəqəm 36 faizə – 31 milyondan çox insana yüksəlib. 2025-ci ildə isə vəziyyət daha acınacaqlıdır.

Analitiklər uzun müddətdir xəbərdarlıq edirdilər ki, İranın sanksiyalardan yan keçmək cəhdləri sistematik korrupsiyaya şərait yaradıb.